Avropa Birliyi başqa dövlətlərlə münasibətlərinə adətən ikitərəfli yanaşır, ancaq bizdən, deyəsən, tamam əllərini üzüblər. Bugünlərdə AB-nin ölkəmizdəki nümayəndəliyinin başçısı Malena Mardın adından yayılan açıqlama bunu aydın göstərirdi: “Azərbaycan Avropa Birliyi ilə münasibətlərini hansı istiqamətdə quracağını özü müəyyənləşdirməlidir”. Halbuki, diqqət eləsəniz başqa bənzər dövlətləri (Ukrayna, Gürcüstan, Moldova və sairə) təzyiqlərdən qoruyurlar, hər cür dəstək verirlər, kəlməbaşı o regionları Avropanın ərazisi adlandırırlar.
Mən əslində avropalıları qınamıram. Biz ilk növbədə özümüz özümüzdən əlimizi üzmüşük. Əgər sən batırsansa, əlini sənə uzadana isə “yox, yox, mən səndən küstərəcik” deyirsənsə, neyləmək olar? Heç milləti də qınamaq olmur e, vəziyyət çox ağırdır. Millət yazıq neyləsin ki, illər uzunu içindən yetişdirib böyütdüyü, potensialını qoyduğu adamlar gedib Harvardı oxuyub gəlirlər və Niyaməddin kimi klip çəkirlər. Yaxud, hüquqşünas, yeni siyasətçi kimi ümid bəslədikləri adam gecə yuxuda nə görürsə səhər oyananda Akif Nağı stilində bəyanatlar verir. Yazılası dərd deyil...
Ümumiyyətlə, bizim problemlərimiz və islahatlarımız dünya pəncərəsindən baxanda hərtərəfli qlobaldır. Misal üçün, dünyanın başqa hansı dövlətində prezident bulvardakı karuselin açılışını şəxsən edir? Mən ayrısını tanımıram. Ayrı yolumuz da yoxdur, əgər dövlət başçısı lentini kəsməsə karuselin fırlanması sual altına düşəcəkdir. Hətta zor-xoş fırlansa belə, sabah millətin uşaqları həmin karuseldən yetişmiş armud kimi aşağı tökülər.
Mən and içərəm ki, Nyu York, Paris, London, hətta Moskva şəhərlərində də camaat metronun rəisinin adını bilmir. Nəyinə gərəkdir? Lazım olanda düşür, minir qatarına, gedir işinə-gücünə. Ancaq bizdə Metro Tağını Lerikin ucqar dağ kəndlərindəki çobanlar da tanıyırlar. Onun işdən çıxarılması isə az qala əsrin kadr dəyişikliyinə dönmüşdü.
Başqa fısqırıq, monumental, köklü islahat xəbərlərini Müdafiə Nazirliyindən alırıq. İbrahim Tatlısəsə oxşayan təzə nazirdən sonra oradan gələn yenilikləri yığıb-yığışdırmaq olmur. Məsələn, bir gün dedilər nazir mobil telefonları yığışdırıb, ancaq cəbhə xəttində bəzi yüksək rütbəli zabitlər telefonu özündə saxlayır, nəticədə ermənilər hərbi sirlərimizi dinləyirlər.
Əcəb işdir. Görəsən, bizim zabitləri dinləyib hansı hərbi sirri öyrənmək olar? “Konturum qurtarıb, Mamed, dədənə zəng vur göndərsin”, “Dünən kafedə dörd nəfərə altı butulka boşaltdıq, hələ içmək istəyirdik”, “Səfər demişdi beş paçkadır, buna nə verəcəyik?” və sairə.
Müdafiə Nazirliyinin Bakıdakı baş ofisindən gələn yenilik xəbəri isə lap qəlbimizi sızlatdı, Qarabağa bizi daha da yaxınlaşdırdı. Sən demə, Zakir müəllim orda qapının ağzına bir dəftər qoymuşdur, yüksək rütbəli daxili və xarici qonaqlar binaya girəndə dəftərə xoş sözlərini yazırlar. Məsələn, yazırlar ki, arzu edirik gələn Novruz bayramında İsa bulağının başında sex açıb mineral su satasınız. Cıdır düzündə villa tikəsiniz, hasarını da azərbaycanlılardan uzun eləyəsiniz. İnşallah, Ağdərəni hasarlayıb torpağın sotunu beş mindən satasınız və sairə.
Yəni özünüz fikirləşin, dünyanın hansı xarabasında Müdafiə Nazirliyinin qapısına dəftər qoyulması xəbərə çevrilir? Camaat harasa atom sualtı qayığı yerləşdirəndə heç belə böyük xəbər olmur.
Dünya camaatı Ukraynaya, Krıma diqqət yönəldib, ancaq biz burda çoxdan qırılırıq, batıb gedirik. Bizim vəziyyətimiz daha ağırdır, inanan yoxdur.
