Təzə təhsil naziri (zarafat üçün təzə yazıram, Yaponiya ölçüləri ilə bu da artıq köhnəlib) Mikayıl Cabbarov dünən Bakıda keçirilən bir tədbirdə dövlətçiliyimizə yaraşmayan açıqlama vermişdir. Sitat: “Təhsil sahəsində qarşılaşdığımız əsas çətinlik təhsil sistemi və strukturunun sovetlər dönəminin ehtiyacları üçün nəzərdə tutulmasıdır”. Sitatın sonu.
İndi, ay Mikayıl müəllim, sən bununla nə demək istəyirsən? Yoxsa arzu edirsən ki, sovetlər dönəmindən qalma Artur müəllim işdən çıxarılsın? 1981-ci ildə Füzuli rayon partiya komitəsinin birinci katibi işləmiş Əhməd Əhmədzadə yoldaş meliorasiya və su təsərrüfatı idarəsinin müdirliyindən qovulsun? Əlim qurusun bunu yazdığım yerdə: bəlkə sən Ramiz Mehdiyevə söz vurursan?
Sözünü açıq de, Mikayıl müəllim. Sovetlər dönəmini bəyənmirsən, ancaq dahi liderimizin və Leonid İliç Brejnevin atalıq qayğısı sayəsində bizim hamımız xoşbəxt yaşayırdıq, “Doktorski kolbasa” yeyirdik, hətta arada kənd zəhmətkeşlərinə göydən dərman vururdular ki, onlar cürbəcür böcəklərə düçar olmasınlar. İndi söz əlaqədar təşkilatlarındır.
Zarafat edirəm, qorxmayın, yazı bu qədər tez bitə bilməz.
Ümumiyyətlə, bilmirəm buna diqqət eləmisinizmi: Azərbaycanda çətinliklərdən danışan məmurlar işlərini yaxşı bacarmayanlardır. Öz işinə məsuliyyətlə yanaşanlar isə yaxşı bilirlər ki, bizim analoqu olmayan iqtisadi inkişafımız şəraitində heç bir çətinliyimiz ola da bilməz, dövlətimiz bu məqsədlə hətta ASAN-xidmət də yaratmışdır. Görürsən uşağa dərs deyə bilmirsən, zəng elə İnam müəllimə, ASAN-dan bir avtobus kadr göndərsin, gəlib camaatın burnu fırtıqlı gül balalarına elm öyrətsinlər, üstəlik burnunu silsinlər.
Misal üçün, heç Kamaləddin Heydərovun çətinliklərdən danışdığını görmüsünüz? Görə də bilməzsiniz! O cümlədən başqa nazirlər. Bizdə çətinlikdən danışan bir-iki təzə nazirlərdir, hiss olunur komsomol tərbiyəsi görməyiblər, “Polad necə bərkidi” əsərini oxumayıblar, Pavlik Morozovu tanımırlar. Ar olsun!
Söz düşmüşkən, bu yaxında Milli Teleradio Şurasının müdiri Nuşirəvan Məhərrəmli də şikayətlənmişdi. Sitat: “Ən ağrılı yerlərimizdən biri telekanallarda uşaqlarla bağlı verilişlərin az olması, Azərbaycanın milli cizgi filmlərinin olmamasıdır”. Yenə sitatın sonu.
Eh, sovetlər dönəmi olsaydı belə kadrın özünə ağrılı yerin hara olduğunu yaxşıca başa salardılar... Sən niyə ağrıyırsan axı, ay Nuşirəvan müəllim? Telekanalizasiyalarımızda uşaq verilişləri az deyil, hətta deyərdim çoxdur. Bəyəm hər bir kanaldakı xəbərlər proqramı elə uşaq verilişi deyil? Orda necə nağıllar danışırlar, necə goplar uydururlar...Bəh-bəh... Cizgi filmləri də o cümlədən. Əslində Azərbaycan efirindəki verilişlərin hamısı cizgi filmidir, böyüklər üçün multfilmdir. Personajlar da diqqət eləyəndə görürsən ki, cürbəcür qulyabanı, cin, pəri, Cırtdan, Qırmızıpapaq, Göysaqqal əmi, Xortdan, Düyməcik, Göyçək Fatma, canım sənə desin, Uzuncorab Peppidən və Şrekdən fərqlənmirlər. Bu yaxında mən QazTV milli kanalında reportaj izlədim, evi sökmüşdülər, damda yaşayan Karlsona da hər kvadratına 1500 manatdan kompensasiya verirdilər. Karlson razılaşmadı, yeddi qardaş Divik Polis Alayı gəldi, Karlsonu tutub Kürdəxanıda uçmağa apardılar.
Axırda daimi oxucularımızdan Elçin Əliyevin məhz belə televerilişlərdən birində hava məlumatını oxuyan qız haqda yazdığı poeziya nümunəsindən bir parçanı verirəm. Nuşirəvan müəllim, sən də oxu, ağrıyan yerlərin sağalsın:
“Nədir məni baxa - baxa öldürən
geyimdirmi səni gözəl göstərən?
O da deyil sənə gözəllik verən
Onu sənə verən bəlkə də çaşıb.
Sən günəşsən parlayırsan hər bahar
ekrandan çox gözəl görünüşün var
demə bu gün soyuq keçir havalar
Elçindəki həsrət dolu baxışlar
səni hər görəndə qol - qanad açıb"
