ABŞ-ın Kolorado ştatında marixuana satışından qanuni şəkildə 14 milyon dollar qazanıblar və bunun 2 milyonunu dövlətə vergi veriblər.
Marixuana deyəndə bəlkə çox yekə çıxır, bu bizim çətənədir, yəni anaşa, el dilində desək - nəşə, jarqonla desək - “şey”.
Koloradonu bu ölkədə tanımayan yoxdur. Ancaq bu ştat anaşası ilə yox, əsasən kartofu ilə tanınır. Bir də Kolorado görünüşcə Türkiyənin “Fənərbağça” komandasının idman formasına oxşayan zolaqlı böcəyi ilə məşhurdur.
İndilikdə isə Koloradonu dünya üzərində məşhur, hətta xeyli dərəcədə sevimli edən odur ki, artıq bu ölkədə marixuana leqallaşdırılıb. Yəni daha yerli nəşəxorları tutmurlar. Amma hər şey qayda-qanunla, lisenziya, dövlət patenti ilə olmalıdır və vergi verilməlidir.
Yəni amerikalı Con kişi və ya Tom dayı daxmasının arxasında, bizim bəzi münbit torpaqlı, bol rütubətli rayonlarda olduğu kimi, çətənə əkib nəşə istehsal edə bilməz.
Nəşə dediyin standartlara uyğun olacaq. O necə qablaşdırılmalıdır, siqaretə necə qatılmalıdır, hansı yaşdan olan adamlara qadağandır, hansı yerlərdə çəkmək olar, ya olmaz - hamısı bilinməlidir. Yoxsa Dikin biri ictimai yerlərdə nəşəni doldursun, qullablasın, xəlayiq də uyub getsin və biabırçılıq olsun. Belə olmaz.
Bu hadisə yadıma fevralın əvvəlində şahidi olduğum bir hadisəni salır. O barədə ya hansısa köşəmdə, ya da “Feysbuk” səhifəmdə yazmışdım, indi yadımda deyil, amma təkrar etmək faydalı olar. Bir taksiylə yol gedirdim, sürücü cavan oğlan idi. Birdən ona bir yaxın adamından zəng gəldi, xoş-beşdən sonra o, sürücünün azyaşlı övladlarını da xəbər aldı. Sürücü də övladıyla qürur duyan bütün müasir atalar kimi dedi ki, oğluna hərdən 1-2 manat pul verir, deyir ki, kopolu, bunları yığ, yekələndə nəşə alıb çəkərsən.
Bu sözü deyəndən sonra taksi sürücüsünün kefikök şəkildə çəkdiyi şaqqanaq hələ də qulaqlarımdadır.
Adam özünü elə aparırdı ki, sanasan, Koloradodadır. Özü də açıq-aşkar nəşəxora oxşayan bu adam heç nəzərə də almadı ki, mən hüquq-mühafizə orqanlarının işçisi ola bilərəm. Məsuliyyətsiz!
Heç demə, Kolorado ABŞ-da anaşanı leqallaşdıran birinci ştatdır və bu savab iş bu ilin əvvəlindən başlayıb. Xeyrini də artıq görürlər.
Bu fayda heç də marixuana satışından dövlət büdcəsinə gələn 2 milyon dollardan ibarət deyil. Ağ Evin rəsmi saytında göstərilir ki, bəzi ştatlarda marixuana satışının leqallaşmasından sonra ağır narkotik maddə sayılan kokainin istehlakı, dövriyyəsi iki dəfə azalıb.
İndi ən qorxulusu odur ki, bir sıra Avropa ölkələrinin və ABŞ ştatlarının ardınca gün gələ, bizim ölkədə də belə bir təşəbbüs qaldırıla. Necə ki, hakimiyyət adamları futbol qumarında milyardların dövr elədiyini görüncə, tutub Azərbaycanda da milli totalizator qayırdılar, “Topaz” yaratdılar, yenə elə edə bilərlər. Klassik alverçilərdən biri deyib ki, yaxşı pul bir qumardadır, bir narkotikdə, bir də silah alverində. (Hələ birini də deyib, bilə-bilə yazmıram).
Amma indidən deyim ki, ağlımız Koloradoya, ABŞ-a getməsin, bizdə nə vaxtsa nəşəni leqallaşdırsalar, siqaret çəkənlərin tam əksəriyyəti dönüb nəşəxor olar. Çünki bizdə düz-əməlli nəşə çəkmək mədəniyyəti də yoxdur. İndi tutulmağın qorxusundan, bir də andırın bahalığından çox adam tamahını boğur.
Ancaq marixuananı leqallaşdırsalar, demək, dərhal işbaz adamlar münbit torpaqlı rayonlarda yekə-yekə plantasiyalar salacaqlar, bol məhsul götürəcəklər və bu, qiymətə təsir edəcək. Bir də görəcəyik, marixuana plantasiyasının sahibi telekamera önündə müsahibə verir: “Cari ildə hər hektardan 200 kilo (tutalım) məhsul almışıq, bu isə 4 milyon baş ”şey" deməkdir. Bu, daxili tələbatımızı tam ödəyir. Yaxın illərdə artıq qalan məhsulumuzu dünya bazarına çıxarmağı və ölkə büdcəsinə valyuta gətirməyi planlaşdırırıq".
Düzdür, elə olsa, müxalif fikirli gənclərin cibinə nəşə atıb tutmaq olmayacaq, ancaq avtoritarizmdə çarə tükənməz, tutmaq istəyəndə gənclərin cibinə kokain atıb tutacaqlar.
Mən sağ, siz salamat, yaxın illərdə “Yüngül təsirli narkotik maddələrin istehlakının leqallaşdırılması haqqında” qanun layihəsi parlamentin müzakirəsinə çıxarılanda bu yazını google.az-da axtararsınız.
