Nəqliyyat nazirinin oğlu, “Qarant Holdinq”in şefi, gözəl musiqiçi, Amerikada lobbimizi inkişaf etdirən Anar Məmmədovdan bugünlərdə daha bir xoş soraq eşitdik: o, “National Geographic” jurnalının doğma dilimizdə versiyasını dərc etdirəcəkdir.
Yeri gəlmişkən, bu əndrabadi jurnalın adının tərcüməsi “Milli Coğrafiya” kimi bir şeydir, düzdür, media qurumunun adını tərcümə eləməzlər, ancaq bunu “Nəşnl Cioqrafik” kimi oxumağımız da düzgün deyil, ümid edirəm Anar müəllim hansısa bir yol tapacaqdır. Məsələn, “ZQANal coğrafiya”, “Ucar tropikləri”, “Müfəttişnl QovRafik” (nəqliyyat müfəttişinin Rafik adlı sürücünü qovması şərəfinə), nə bilim, “Avtovağzaldan dünyaya açılan pəncərə” kimi versiyalar mümkündür.
Varlığa nə darlıq? Puldan basandan sonra hamı əl çalacaq. Sözgəlişi, mən yeni jurnalla əməkdaşlıq planlarımı bəyan edirəm və ümidvaram Anar müəllim bunu dəyərləndirəcəkdir. Azərbaycanın heyvanlar aləmi, bitkiləri, cücü-mücüləri haqda köşə yazıları yaza bilərəm. Hətta yaxşı qonorar verilsə (misal üçün, amerikalı konqresmenlərə verilən kürü yaxmacının qırağından bir dişdək) “Yeni Müsavat”dakı işimi tamamilə atmağa hazıram. Uşaq vaxtından coğrafiya elminə böyük həvəsim olmuşdur. Gözüyumulu xəritədə bütün dövlətləri göstərə bilirdim. Əlbəttə, ağlım olsaydı gözüyumulu cibə girməyi öyrənərdim və indi jurnal açardım, ancaq nə etməli, taleyin hökmündən qaçmaq olmaz. Qismətdir bu. Alın yazısıdır. Bəxt üzüyüdür. Ağ tükdür.
Çox sevindirici haldır ki, həmin bu “Milli Coğrafiya” jurnalı Azərbaycanda da işıq üzü görəcəkdir. Jurnal, yuxarıda qeyd etdiyimiz kimi (öz aramızdır, deyəsən heç qeyd eləməmişdik, özünüzü elə aparın guya xəbəriniz var idi), dünyada çox tanınmış jurnaldır. Bunun əməkdaşları planeti gəzirlər, cürbəcür heyvanların, dağların, dərələrin, insanların, bitkilərin şəkillərini çəkirlər, haqqında reportajlar yazırlar. Jurnalın fotoları, o cümlədən jurnalın adaşı olan TV kanalının filmləri daha çox məşhurdur.
Bəs “Nəşnl Cografik” ölkəmizlə bağlı hansı mövzulara üstünlük verəcəkdir? Dəli şeytan deyir ki, jurnalın azərbaycandilli versiyasının birinci sayının üz qabığında Qəbələ meşələrində dolaşan toppuş bir ayının fotosu olacaqdır. Niyə ayı, ta mən bunu da sizə izah eləsəm gərək jurnaldakı gələcək karyeramın üstündən indidən xətt çəkim. Bilməyənlər bilməz bizi, Bilənlərə salam olsun! Şair belə söyləmişdir. Məqalənin adını isə milli ata sözümüzdən bəhrələnərək “Armudun yaxşısını ayıya verən xalqın oğluyam!” qoymaq olar, bununla da təbiəti tərənnüm etmək imkanları yaranır.
İkinci bir mövzu olaraq yenə yuxarıda bir az ucundan-qulağından yazdığım söhbət aktualdır. “Vəhşiləşmiş nəqliyyat müfəttişləri Bakının Savanna küçəsində taksi sürücülərini ovlayarkən - Şok fotolar!” - belə bir məqalə gözəl olardı. Rəngli şəkillərdə yerə yıxılıb sürüdülən, boğazı gəmirilən, qarnı yırtılmış ovun faciəsi, ovçuların iri planda qələbə sevinci əks edilməlidir.
Başqa bir mövzu isə Məmmədovlar ailəsinin inhisarında olan nəqliyyat sektorunun avtobus yarışlarına həsr edilməlidir. 90 saylı avtobusun Paris-Dakar-Şamaxinka yarışında 20 saylı avtobusu necə qabaqlamasından məqalə yazmaq olar.
Basində goreşənlər və kaftarlar antilopları qovanda “Sovetski”dəki ceyranlar niyə susurdular, “Elmlər Akademiyası” metrosunda yemlənən gecə yırtıcıları “Binə” yarmarkasında balalarına ət aparan canlıların ovlanmasına nə üçün dözürdülər, eşşək niyə zəfəran haqda məlumatsızdır, oba yiyəsiz olanda donuz təpəyə hansı marşrutla qalxır və sairə - bütün bu mövzular da şübhəsiz ki, “Nəşnl Coğrafik” jurnalının doğma dilimizdəki versiyasına yaraşıq verəcəkdir.
