Xalqımızın musiqi sənətinə hörməti həmişə olmuşdur. Azıx mağarasında aparılan qazıntılar zamanı 1 milyon il eramızdan əvvəl ulu nənələrimizin göbək rəqsi oynadığını sübut edən arxeoloji sübutlar tapılmışdı. Qobustan qayalıqlarında isə dumbul çalıb oynayan ulu babalarımız təsvir edilmişdir.
Bundan başqa, Strabonun Herodota, onun da bizimellər.az saytına, həmin saytın isə ağızdanağıza.org portalına istinadən yaydığı məlumata görə, Atropatena dövləti məhz musiqi üzündən dağılıbdır. Başları çalıb-oynamağa qarışıb, bir də görüblər Atropat pulları ofşora daşıyıb, aradan çıxmışdır.
Hətta ciddi bir etnoqrafik araşdırmaya görə Azərbaycan xalqının yaranmasında, soy-kökündə musiqiçilər əsas rol oynayıblar. Müxtəlif işğalçı tayfalar ərazidən keçərkən manıslar, zurnaçılar, nağara vuranlar, itoynadanlar, xoruz döyüşdürənlər, kosa və keçəllər, cürbəcür mütrüflər dəstədən geri qalıblar, uca millətimizi formalaşdırıblar.
Dünyada olan 9 notdan 8-i Azərbaycanda var. Bizdə manıslar prezident seçirlər. Yapokratiya hər seçkidə təbliğatının əsas hissəsini musiqiçilərə tapşırır. Platforma-zad olmur, əsasən babat göbəyi olan müğənnilər tribunaya çıxıb oynayırlar, bununla da seçki bitir. Sivil dünyada manıslar mahnıları ilə tanınır, bizdə isə yaltaqlıq dərəcəsi ilə. Ən yaxşı yaltaq səsin yiyəsi adətən xalq artisti olur. Xalq artisti cəmiyyətdə ən ali rütbədir, bunu elçiliyə aparsan üstündə bir-iki qız da artıq verirlər.
Uzun sözün qısası, bugünlərdə mən musiqi aləminə hörmətimizin daha bir sübutu ilə qarşılaşmışam. Nigar xanım adlı oxucumuz yazır: “Qohumum Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, menecmentdə oxuyur. Bu həftə ”patoklarına" 12 nəfər “perevod” olunub. Adi bir şeydir, hə? Mənim də ümumi iqtisadiyyatdan maliyyəyə, ümumi iqtisadiyyatdan mühasibata, menecmentdən mühasibata keçən tanışlarım var. Fərq imtahanları verib təhsillərini davam etdiriblər. Amma bu dəfəki tragikomediyaydı, həqiqətən. “Perevod” olar e, lap cəhənnəm, Dərbənddən də olar, öyrəşmişik oradan gələnlərə. Amma daha Bakı Musiqi Məktəbindən!!? Əməlli-başlı bazar açıblar. Mikayıl müəllim bilirmi, görəsən? Hər nə qədər azəri qanı daşısa da, Amerika təhsili görmüş adamdır. Belə rəzilliyə göz yummaz, məncə. Yumarmı ki? Hələ də şokdayam. Bunu qəzetdə işıqlandırın da, nolar. 11-ci sinifdə yollarda canımız çıxa-çıxa, pulumuz çıxa-çıxa girdiyimiz universitetə 90-100 bal yığan-yığmayan uşaqlar sızdırılır. Bu qədəri dümağ oldu".
Doğrudan da Musiqi Akademiyası qəbul imtahanlarında ən az balla girilən yerlərdən biridir. Oxucu da narahat olur ki, musiqiçilər nə cür iqtisadçıya çevrilirlər.
Məncə, bu, Nigar xanımın sevgili millətimizə yad ünsürlərə qoşulmasından yaranan hisslərdir. Yuxarıda yazdığım kimi, bizim ellərdə musiqiçilərə hörmət hüdudsuzdur. Onlar istəsələr iqtisadçı, prokuror, polis rəisi, icra başçısı, nazir də ola bilərlər. İstənilən telekanalizasiyanın istənilən verilişində ekspert qismində manıslar oturub xalqa ağıl verirlər, bunları “Narxoz”a köçürtmək nədən ayıb sayılsın? İqtisadiyyatımızı qaldırsalar bəlkə elə manıslar qaldırarlar. Məsələn, neftin qiyməti düşdükcə, ehtiyatlar azaldıqca xalqımıza yaxşı bir zurna çalan və “Segah” oxuyan lazım olacaqdır. İndidən bunun tədarükünü görməyəkmi?
Belə musiqili islahatlara mane olanlar düşməndir, xarici qara qüvvədir. Vaxtilə müğənni Röya BDU-da hüquqda oxuyurdu, dilə-dişə saldılar, gül kimi kadrı universitetdən çıxartdılar. Bəyəm qalıb prokuror işləsə pis idi? Hətta cinayətkarlar da “uf” demədən Röya xanımın ittiham aktını qəbul edərdilər. Zakir Qaralovdan min dəfə yaxşı prokuror olardı...
