Medianews.az
 Qanacaqsız yanacaq
565 baxış

Qanacaqsız yanacaq

zamin yeni raz
Yazını rəqəmlərlə doldurmağı sevmirəm, ali təhsilli iqtisadçı olaraq yaxşı bilirəm ki, camaat içinə çoxlu rəqəm basılmış yazıları oxumur, ya da oxumaqda çətinlik çəkir. Həm də bu rəqəmplov işlərinə hakimiyyət baxır, neçə illərdir uca millətimizə yağlı rəqəmlər yedizdirirlər, hətta hər il bir neçə nəfərin boğazında 2 qalır, ölür. Mənim bir qonşum isə telekanalizasiya restoranından evinə axıdılan ÜDM-in 60 faiz artımı rəqəmlərini içəndə çeçəyib insult olmuşdu.
İqtidarın məqsədyönlü siyasəti sayəsində xalqımız rəqəmlərə nifrət eləyir, bir-birinə rəqəmlə söyürlər. Misal üçün, görürsən iki uşaq məktəbdən çıxıb gedir, biri o birisinə deyir: “Başına əlli beş düşsün!” Dəhşətli söyüşə məruz qalan uşaq da cavabını gecikdirmir: “Doqquz balası doqquz!”
Ancaq indi yazacağım məsələdə təəssüf ki, rəqəmsiz keçinmək mümkün deyildir. Üzrlü sayın, bir-iki rəqəm oxumalı olacaqsınız. Əslində bunu iqtisadçı ekspert dostum Samir Əliyev mətbuatda çoxdan qaldırıb, mən də dedim dəstək verim.
Keçən ilin 2 dekabrında yapokratiya yanacağın qiymətini qəfil qaldırdı. O zaman Tarif Şurasının qərarı belə olmuşdu ki, yanacağa aksiz vergisi qalxır, buna görə də yanacaq özü bahalaşır. Misal üçün, Aİ-95 markalı benzinin aksiz vergisi 101 faizdən 159 faizə qaldırıldı. Nəticədə bu benzinin qiyməti litrə görə 80 qəpiyə qalxdı.
Ancaq cəmi 1 ay sonra, 2014-cü il yanvarın 1-dən Nazirlər Kabinetinin qərarı ilə yanacağın aksiz vergisi böyük endirimə uğradı. Elə həmin Aİ-95 üzrə yazsaq, 159 faizdən enib 64 faiz oldu. Məhz bu faiz endirimindən sonra Aİ-95 benzinin litri xalqımıza 45 qəpikdən satılmalıdır. Lakin yapokratlar yenə də 80 qəpikdən satıb ciblərini doldurmaqla məşğuldur.
Bu siyasətə nə ad qoymaq olar? Soyğunçuluq? Yox. Bu nəsə daha artıq bir şeydir, fil qulağında yatmış sevgili millətimizə bunu anlamaq çox çətindir.
Əgər biz hökumətdən kimisə küçədə velosiped sürdüyü, yaxud metro ilə işə getdiyi yerdə tutub soruşsaq ki, ay qağa, bu vergi salınıbsa, qiymət niyə salınmır, sizcə o bizə nə cavab verər? Mümkün cavab variantlarını yazıram, qabaqdan test imtahanları gəlir, gənclərimizə çətin olmasın.
Birinci versiya budur ki, aksiz vergisi aşağı salınıb, ancaq hökumətin aşağısına. Xalqın aşağısına bunun dəxli yoxdur. Bizdə hər kəsin öz aşağısı-yuxarısı var və bunlar fərqlənməlidir.
İkinci cavab budur ki, aksiz vergisi salınıb, ancaq karniz vergisi yerində qalır. Bu, dövlət büdcəmizin formalaşmasında iştirak edən mühüm vergi növlərindən biridir, lazım gəlsə vergilər naziri Fazil müəllim sizə izah edər. Bizdə belə analoqu olmayan vergi növləri çoxdur: qarpız vergisi, Qar qız vergisi, yarpız vergisi və sairə. Məsələn, yarpız vergisini vergi müfəttişinin evinin qabağında özünü günə verən ilanlardan yığırlar. Qalanlarını ta özünüz tapın, elə hər şeyi mən yazsam maraqlı olmaz, sabaha da nağıl qalmaz.
Üçüncü cavab budur ki, ola bilsin hökumət benzinin qiymətini təzədən aşağı salmağa utanır. Dövlətçilik siyasətimizdə buna “eşşəyə minmək bir ayıb, düşmək iki ayıb” prinsipi deyirlər. Çox utancaq Nazirlər Kabinetimiz var, millət il ərzində baş naziri niqab arxasından bir-iki dəfə görə ya görməyə. Həm də qiyməti aşağı salarsan, xalq başqa şeylər də tələb eləyər. Deyərlər demokratiya olsun. Seçkilər düzgün keçirilsin. İnsanlara azadlıq verilsin. Təsəvvür edirsinizmi? Dəhşətdir. Adicə bazarda kartofu 1 manat yox, 40 qəpiyə sat, görəcəksən camaat ta sənə salam da vermir.
Nəhayət, ən inandırıcı versiya odur ki, bizdə yanacaq özü qanacaqsızdır, ucuzlaşmaq istəmir.
İndi söz əlaqədar təşkilatlarındır.

Bizə qoşulun