Medianews.az
 Siqareti atmağın asan yolu
943 baxış

Siqareti atmağın asan yolu

zamin yeni raz
Öncə qəzetimizin dünənki sayında getmiş bir məxfi informasiyaya münasibət bildirim, çünki çox önəmlidir, oxucular narahat olublar. Həmin xəbərdə deyilirdi ki, Metro Tağı iqtidardakı “Oğuz” qrupunun üzvü imiş, türküçülük uğrunda mübarizə aparırmış.
Doğrudan da Tağı müəllim metrolardan kitab-dəftəri, qəzetləri əsl qədim türk ənənələrinə uyğun silib-süpürmüşdü, çünki qədim türklər qəzet oxumurdular, onlar at, metro qatarı minib çapırdılar. Bundan başqa, Tağı əkə “Sadiq” imzası ilə “Oğuznamə”lər yazırdı, həmin cızmaqara şeirlərdə türkün ruhu “20 Yanvar” metrosunun keçidlərindəki “tolkuçkalar” kimi sızıldayırdı.
Ancaq biz dilxor olmayaq. İqtidarda “Oğuz” qrupunun başqa üzvləri qalır. Məsələn, Kamaləddin müəllim bu qrupun Dədə Qorqudlarından biridir. İqtidarda “Qıpçaq” qruplaşması da var ki, buna vergilər naziri Fazil əkə, müdafiə naziri Zakir müəllim daxildir. Eyni zamanda “Qaraqalpaq” qruplaşması (Ziya Məmmədov), “Karaim” tayfası (Elmar Məmmədyarov, təzə təhsil naziri - adı yadıma düşmədi), “Altay” qrupu (Zakir Qaralov, Eldar Mahmudov), “Monqol-tatar” gizli qrupu (Hacıbala Abutalıbov, Rövnəq Abdullayev, Səyavuş Novruzov və sairə) kimi iqtidardaxili qruplar da vardır. Çox sevindirici haldır ki, bunların hamısını vətənə məhəbbət qayəsi birləşdirir, türkçülük, turançılıq ideyaları bərkidir, hər biri ildə iki dəfə evinin qapısını açır, xalq gəlir sərvətləri yağmalayır, yeyib-içib kef çəkirik. Türkçülüyə yaratdığı bu gizli şəraitə görə möhtərəm cənab prezidentə dərin minnətdarlığımı bildirir, söz verirəm ki, bu andı pozsam Polad Alemdarın alma soyduğu bıçaq qarnıma girsin! İlahi, amin!
İndi keçək başqa məsələlərə. İki gün qabaqkı “Hakuna matata” başlıqlı yazıma 3 oxucu vacib münasibət bildirib. 
Birinci məktubda “Sovetski”də yaşayan Ağabala qərdeş yazır ki, alə, yekə kişisən, o nə sözdür. Doğrudan da. Oxuculardan üzr diləyirəm, çünki keçən dəfə tərcüməsini yazmaq yadımdan çıxıbdır. Hakuna matata - suaxili dilində “qayğısız, şən, analoqu olmadan dombalaq aşan” deməkdir.
İkinci məktubu Cənubi Afrika Respublikasından Sevil xanım yazıbdır. Mənim yazımda CAR-da qəzet tapa bilməyən azərbaycanlıya səfirliyimizə müraicət eləmək təklif olunurdu, Sevil xanım isə yazır: “Mən erməni səfirliyinə kömək üçün gedərəm, bizimkilərin yanına getmərəm. Onların özlərini aparmaqlarını görəndə adam iyrənir, necə ki, ölkədə vəzifə başında olanlar xalqla rəftar eləyir, səfirlikdə işləyənlər də elədir. Biabırçılıqdır. Sanki xalqda bir-birinə qarşı nifrət var. Bizim səfirlikdə işləyənlərin hakim partiyaya yaltaqlığı xaricdə də davam edir. Özü də, demək olar bütün səfirlik işçiləri savadsızdır”.
Açığı, mən Ermənistan səfriliyinə üz tutmaqda da bir problem görmürəm. Çünki Ermənistan da qədim türk yurdudur, erməni deyə bir xalq yoxdur, hamısı dönmə türklərdir. Yuxarıda yazdığımız qruplardan birinə daxildirlər.
Üçüncü məktubu isə Amerikanın Hyuston şəhərindən Rəşad bəy adlı soydaşımız yazıbdır. Onun narazılığı mənim yazımdakı “Azərbaycanlı xaricdə iki işlə məşğul olur - ya begemot ovlayır, ya da neft çıxardır” cümləsinə görədir. Sitat: “Sən yazdığın köhnəlmiş stereotipdir. Burda qeyri-neft sektorunda çalışan xeyli azərbaycanlı vardır. Canım sənə desin, 5-6 həkim, 15-20 auditor, 3-4 iş adamı, dükanda satıcı, iqtisadçı, dükanda satıcının köməkçisi, müdir katibəsi, diasporafason bir şeyin sədrfason zadı, mühafizəçi, şəhər təhsil şöbəsinin kollegiya üzvü (bəh-bəh-bəh), vəkil, ofisiant, sürücü, musiqiçi, mebel daşıyan, Türkiyə konsulluğunda nə bilim nə işinə baxan... Hə, bir də evdə sifarişlə yarımfabrikat düşbərə bişirib yuxarıda saydıqlarıma satan azərbaycanlı var. Çox dadlı düşbərədir, bir qaşığa azı 10 dənəsi sığır”.
Nə deyim, sevindirici haldır.
Sonda bir vacib informasiyanı da sevimli oxucularıma çatdırım. 23 il siqaret çəkmişəm. Gündə azı iki qutu. 23 ildir özümü zəhərləyir, məhv edirdim. Bir gün, necə deyərlər, həyatımı dəyişdirən o kitabı oxudum: Allen Karr adlı müəllifin “Siqareti atmağın asan yolu” adlı bestsellerini. Oxudum və tütün asılılığından qurtuldum. Bu gün həmin tarixi günün 1 ili tamam olur. Tütün heç yadıma da düşmür. Bu xəbəri isə yalnız o məqsədlə paylaşdım ki, siz də kitabı tapın, oxuyun, qurtulun. Yalnız bircə şərt var: kitabı oxumaq. Vəssalam. Uğurlar.
 

Bizə qoşulun