Medianews.az
 Kompromat yağışı
567 baxış

Kompromat yağışı

samir sari kose 1
Müasir həyatı kompromatlarsız təsəvvür etmək çox çətindir. Hər gün bir şəbəkə dolusu kompromatlar yayılır, adam izləyib çatdıra bilmir. Hətta son günlər kompromat yağışı o qədər şiddətlənib ki, ataların qulaq haqqında dediyi sözü bir qədər dəyişdirib belə də demək olar: “Göz gündə bir kompromat görməsə kor olar”.
Kim nə deyir-desin, kompromat ləzzətli şeydir, həyata dinamiklik, maraqlılıq gətirir. Andırın bircə minusu var: adamın özü haqqında olan hiddət doğurur.
Yoxsa başqalarının şalvarsız video və foto görüntülərini, gizli yazışmalarını, məxfi yazılmış telefon danışıqlarını, malına, mülkünə aid şəkil və sənədləri görmək, oxumaq, müzakirə etmək əksər insanlarda məmnunluq yaradır.
Məsələn, 4 il öncə CHP lideri Dəniz Baykalın partiya yoldaşının xanımıyla klipi yayılanda və region xalqı bu haqq-hesabı Sur düdüyünə qoyub çalanda Türkiyənin baş naziri Ərdoğan çox məmnun olmuşdu, mitinqlərdə eyzən hayqırırdı: “Eheeey, Baykal əfəndi, əlinə, dilinə, belinə hakim olacaksın”.
70 yaşlı ağsaqqal kişini elə etdilər ki, şalvarını əyninə geyinən kimi istefa verdi, partiya sədrliyindən getdi. Çünki bu çox yekə kompromat idi, Tağı Əhmədov demişkən, burcutmaq mümkün deyildi. Allah tərəfi, Baykal da “bu montajdır” deməyi özünə sığışdırmadı, özünü abırsızlığa qoysa, deyə bilərdi ki, mənim heç vaxt güllü tumuşum olmayıb, bu quramadır.
Ancaq indi dövran bir qədər dəyişib. İndi kompromat açıqlanmasından məmnun olan tərəf Baykal, hiddətlənən tərəf Ərdoğan və onun nazirləridir.
Düzdür, hələlik ərdoğançıların bellərinə hakim olmadığı barədə görüntülər yoxdur (qardaşının videosu istisna olmaqla), amma hiss olunur ki, əfəndilər əllərinə və dillərinə yiyə durmurmuşlar.
Keçmiş daxili işlər naziri Gülərin rüşvət qalmaqalı başlayan gün oğlu ilə telefonla danışığı çox maraqlıydı. Ata soruşurdu ki, oğul, əlində-ovcunda nə qədər pul-para var? Oğul da ona cavab verirdi ki, üç-beş quruş. Ata israr edirdi ki, rəqəm söylə, oğul məcbur qalıb deyirdi ki, bir trilyon yarım-filan pul var...
Əlbəttə, “bir trilyon yarım lirə”ni “üç-beş quruş” adlandırmaq təvazökarlıq əlamətiydi, onu göstərirdi ki, nazir oğlu pulu əl çirki hesab edir və dünya malında gözü yoxdur, ancaq bu, həm də böyük bir kompromat idi. Budur, sabiq nazir Gülər daha ürəkdən gülə bilmir, oğul da içəridədir.
Srağagün Ərdoğanın özünün də oğlu Bilalla telefon danışığı yayılıb. Xalqın bir yarısı bu səs yazısının həqiqiliyinə inanmır, o biri yarısı “özləridir ki, var, yalanı yoxdur” deyir.
AKP hakimiyyətinin başbilənləri isə bu xüsusda eynilə bizim məmurlar kimi hərəkət edirlər: heç nəyi boyunlarına almırlar, “montajdır” deyirlər, “şantajdır” söyləyirlər. Bunlar dəqiq bilinmir, amma ajiotaj olduğu yəqindir.
“Qonşudan dala qalma” prinsipi öz ölkəmizi də çulğayıb. Bizdə də hər gün olmasa da, günaşırı bir yüksək mənsəbli məmurun varidatı barədə şəkillər, sənədlər yayılır. Amma hamısı təkzib olunur. Adamın şəklini villasında, bahalı avtomobilini villasının qarajında, oğlunu maşınının içində çəkirlər, deyir, mənim deyil.
Biri var, deyirdi, oğlum gözəl maşınlarla şəkil çəkdirməyi xoşlayır, harda yaxşı maşın görür, gedir, böyründə durur, çəkil çəkdirir.
Prinsipcə, belə manyaklar da var. Amma bunlar əsasən maşın almağa pulu olmayan manyaklardır. Çoxlu pulu olan manyaklar isə adətən öz maşınları ilə şəkil çəkdirirlər.
Başqasının maşını ilə çəkilmiş şəkli ciddi-cəhdlə təkzib etmək isə torbadakı pişiyin mövcudluğundan xəbər verir. Ortada ciddi bir şey yoxdursa, ta nəyi təkzib edirsən.
Məsələn, üç il əvvəl rayonda bir qohumun evində qonaq olarkən həyətdə oğlumla futbol oynamışdıq, uşaqlar da bunu çəkmişdi. Varisin necə Ronaldovari penalti vurmasıyla öyünmək niyyətiylə bunu “Feysbuk”da dostlarla paylaşmışdım. Heç demə, “dostlar”dan bəziləri tez bu videonu FB-dən endirib saxlayıblar. Ay ötdü, il dolandı, bir gün həmin videonu müdhiş kompromatmış kimi paylaşdılar və altına da belə yazdılar: “Jurnalistin villasına baxın, həyətindəki iki maşına baxın”.
Dostlardan bir neçəsi dedi, açıqlama ver, təkzib et. Dedim, ehtiyac yoxdur, qoy dost görüb sevinsin, düşmən baxıb çatlasın.
Yəni əsas odur ki, adamın dilini gödək edəcək həqiqi kompromat olmasın, qurama kompromatlar sabun köpüyü kimi bir şeydir.

Bizə qoşulun