Medianews.az
 Öz Xarimiz, öz Rixardımız
506 baxış

Öz Xarimiz, öz Rixardımız

samir sari kose 1
Belə çıxır ki, indiyədək bizim ayıbmızı örtən şey əlimizdə casusların işinə yarayan texniki ləvazimatların olmaması imiş. 
Vaxtında gizli səsyazan qurğularımız, surətçıxaran fotoaparatlarımız, portativ videokameralarımız olsaymış, bizdən nə Mata Xarilər, Ştirlislər, Rixard Zorgelər çıxarmış.
(Yeri gəlmişkən, adı sonuncu çəkilən kəşfiyyatçı (yaponların təbirincə desək, sovet casusu) bu torpaqların yetirməsidir. İkinci dünya müharibəsində yaxşı işləyib).
Söhbət müvafiq potensialdan və bu işə həvəsdən gedir. Hər ikisi var.
Allah tərəfi, maraqlı işdir. Düzdür, təhlükəli peşədir, adamı tutanda it gününə qoyurlar, amma onun da öz romantikası, öz qazancı var.
Deyilənə görə, casuslara futbolçular qədər olmasa da, yaxşı maaş verirlər. Ezamiyyət xərcləri, məzuniyyət ödənişləri, 13-cü maaşları da ayrıca hesablanır.
Casuslardan silsilə kitablar bağlayan yazıçımız Çingiz Abdullayevin əsərlərinə inansaq, agentlər əsasən iki cür olur: yaxşı agentlər, pis agentlər.
Yaxşılar bizə (burada “biz” deyərkən kimin hansı ölkəyə rəğbət bəsləməsi əsasdır) işləyənlərdir, pislər bizə qarşı işləyənlər. Axırda bir qayda olaraq, “yaxşı” casuslar “pis” casusları öldürür.
Budur, xəbər yayılıb ki, jurnalist Xədicə İsmayılova Amerika kəşfiyyatçılarına “casusluq etməkdəykən”, deputat Ceyhun Osmanlı onun səsini yazıb və prokurorluq orqanlarına verib. Amerka Xədicə İsmayılı “bizim” adlandırır, mövcud rejim isə Ceyhun Osmanlını. Biz də kinoya baxırıq.
X.İsmayılovanın “casusluq” edib-etmədiyi faktı hələ araşdırılmalı olduğu halda, sübuta ehtiyacı olmayan kəşfiyyatçılıq faktı Ceyhun Osmanlının etdiyidir.
Adam ya rəsmi, ya da qeyri-rəsmi şəkildə hökumətə kəşfiyyat xidməti göstərib: səs yazıb, audikaset hazırlayıb və lazımi orqanlara təhvil verib.
Düzdür, el arasında bu hərəkəti “işverənlik”, “çuğulluq”, “agentlik”, hətta yazılması mümkün olmayan, dişi itlərin adının ruscadakı variantını nəzərdə tutan ibarələrlə adlandırırlar, amma bu işin rəsmi adı kəşfiyyatçılıqdır.
Amerikalılar nə biləydi ki, bir kənarda oturmuş, sinəsində deputat nişanı olan bu gənc hazırda yüksək həssasiyyətli səsyazma cihazları ilə işləyir. İsmaylova hardan bilə bilərdi ki, “Art Qarden” restoranı o dəqiqədə səsyazma studiyasına dönübmüş. Yazan-yazana söykənibmiş. Daha dəqiqi, kəşfiyyatçılar öz səsyazan aparatlarını bir-birinə söykəyibmiş.
Deyilənə görə, mövcud qanunvericilik başqasının səsini gizli yazmağı qadağan edir. Bu, hətta jurnalistlərə də qadağandır. Biz elə bir iş tutsaq, yəqin ki, prokurorluq bizi çağırar, əvvəlcə qarşımıza “Qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında XƏBƏRDARLIQ” adlı sənəd qoyar, axırda da bu işi “davam etdirəcəyiniz təqdirdə barənizdə qanunvericilkdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkdir” deyər.
Ancaq görünür, bu yasaq deputatlara aid deyil. Onlar mandat aldıqları gündən həm də kəşfiyyatçı sayılırlar və istədikləri vaxt istədikləri yerdə istəmədikləri adamların səsini yaza, hələ sonra da onu ictimaiyyətə duyura-duyura, “Feysbuk”da status yaza-yaza, qəzetlərə açıqlama verə-verə, prokurorluğa təqdim edə bilərlər.
Yaxşı işdir. Belə kəşfiyyatçılıq etməyə nə var? İfşa olunmaq, tutulub işgəncəyə məruz qalmaq, ömürlük həbs cəzası almaq, güllələnmək qorxusu olmayandan sonra bu cür kəşfiyyatçılığı hamı edər.
Bundan sonra bəlkə də bir xeyli partiyadaşı, dost-tanışı Ceyhun Osmanlı ilə bir məclisdə, bir masa arxasında oturmaqdan çəkinəcək. Daldada adını “Rixard Ceyhun” qoyacaqlar və hamısı elə biləcək ki, yəqin gənc deputat yenə öz ampluasındadır. C.Osmanlı özü isə çox keçmədən fərq edəcək ki, onun yanında hamı dövlətçiliyə sədaqətdən, YAP-ın ən dürüst siyasət yerindən partiya olmasından danışır, prezidenti, hökuməti tərifləyirlər, ya da ağızlarını skotçlayıbmışlar kimi danışmırlar.
Bircə pis iş var ki, ölkənin xaricində kəşfiyyatçılıq etməklə daxilində kəşfiyyatçılıq etməyin reputasiyası fərqlidir. Özünə “Aerobus” motoru qoyub göyə çıxsan da, daxili kəşfiyyatçılığın adı pisdir. Ruscası, türkcəsi məlumdur, ingiliscəsini isə, düzü, bilmirəm. Bunu da ingilisdilli kəşfiyyatçılarla işləyənlər bilər, hər halda.

Bizə qoşulun