Arada mənim də yazılarımda “qədirbilən xalqımız” ifadəsi keçir və buna görə dostlar bəzən məni qınayırlar, deyirlər, hardan olduq qədirbilən, bizdən böyük qədirbilməz dünya üzərində ya bir olar, ya iki.
Düzgün söhbət deyil, biz əslində qədirbilən camaatıq. Sadəcə, qədrini bilməli olduğumuz adamların qiymətini ölümündən 10-20, 50-100 ildən sonra bilirik. Məsələn, hərdən böyük Mirzələri (Axundov, Sabir, Cəlil) rəhmətlə anmağımız bu qəbildəndir. Hərçənd öz zamanlarında müasirləri onların qədrini nəinki bilməyiblər, hətta girəvələyiblər ki, dalda-bucaq bir yerdə başlarını əksinlər.
Cavidlərin, Müşviqlərin, Cavadların qədrini indi-indi bilirik. Amma 75 il öncə onların qanını içməyə hazır olan minlərlə adam vardı və milyonlarla insan onların məhv edilməsinə sakitcə tamaşa edirdi.
Bu günə bu gün bizdən bir yaxşı futbolçu çıxa, vara gedə “Barsa”da Leo Messini kölgədə qoya, qol kralı ola, çempionluq qazana, “Qızıl butsu” əldə edə, nə olacaq? Əlbəttə, o, xalqın sevimlisi olacaq, amma əmin ola bilərsiniz, minlərlə adam tapılacaq ki, onun arxasınca yüz cür şəbədə qoşacaqlar, deyəcəklər, pederasdır, manqurtdur, himnimizi bilmir, arvadını boşayıb, Sançesin balaca bacısı Manuela gəzir və s.
Yaxud yazıçılarımızdan birinin şansı gətirə, əsərləri bir ilin içində 70 dilə tərcümə oluna, iki ilin içində “Nobel” mükafatı ala, yenə xeyri yoxdur, saytlarda, qəzetlərdə o məşhur ədibi “vuracaqlar”, yazacaqlar ki, yazdıqları plagiatdır, ondan-bundan köçürüb, mükafatı erməni dəyirmanına su tökdüyü üçün alıb, müxalifət liderinin oğlunun toyunda oynayan alçaqdır və s.
Ya da dünya şöhrətli bir müğənni ola, prezidentin qatıldığı bir məclisdə qəfildən, azad sənətkar olaraq yerindən qalxa, protokolda nəzərdə tutulmadığı halda əlini qulağının dibinə qoya, üzünü dövlət başçısına tuta, muğam oxuya və sözləri də eynilə belə ola: “Xalqın nəfəsinə qat nəfəsini, xalqsız bu dünyada ucalmaq olmaz”. Sizcə, belə bir şəxsə nə ad verəcəklər: cəsur və azad sənətkar, yoxsa yaltaq və kölə sənətçi?
Srağagün və dünən bir xeyli adam ikinci variantı seçdi və 30 il öncə canı çıxmaqda olan muğamata yeni nəfəs verən, onu yenidən milyonlara sevdirən böyük sənətkarın üstündən qələm çəkdi.
Əlbəttə, yaxşı olardı ki, Alim Qasımov həmin görüşdə qalstukda, kostyumda olaydı, söz ona veriləndə ayağa qalxaydı və deyəydi: “Ölkədə problemlər çoxdur, cənab prezident. Korrupsiya, məmur özbaşınalığı baş alıb gedir, seçkilər saxtalaşdırılır, insanlar siyasi motivlərlə həbsə atılır. Məsələn, 7 gənc fəalın, neçə-neçə jurnalistin həbsi yolverilməzdir və mən bunlara etiraz edirəm”.
Hətta daha yaxşı olardı ki, Alim Qasımov İsmayıllı hadisələrinə toxunaydı və xəfif hərəkətlə cibindən bəyanat çıxarıb prezidentin masasına qoyaydı, deyəydi, Tofiq Yaqublu və İlqar Məmmədovun o hadisələrdə heç bir günahı yoxdur. Ayrıca o, Yadigar Sadıqovun şərlənməsinə də toxunsa, ona qarşı böyük haqsızlıq edildiyini desə, çox gözəl olardı.
Bundan sonra muğam ustası Alim Qasımov əlinə düşmüş fürsətdən yararlanaraq ölkə müxalifətinin sıxışdırılmasının acı nəticələr verəcəyindən danışsa, parlamentin səlahiyyətlərinin artırılmasının zəruriliyini qeyd etsə, insan haqlarının durumunun ürəkaçan olmadığını bildirsə, qəzetlərin səyyar yayımının və hələ də metro stansiyalarının tunelində satışının bərpa olunmamasını nəzərə çatdırsa, daha effektiv olardı.
O, necə xalq sənətkarıdır ki, prezidentlə görüşür, danışır, amma sosial problemləri qaldırmır, ayrı-ayrı yaşayış məntəqələrində işıq, qaz, su, zibil problemlərinin mövcudluğunu dilə gətirmir? Belə olmaz. Ona görə də Alim Qasımov öz çıxışının ikinci hissəsini (bir qurtum ilıq su içdikdən sonra) məhz bu məsələlərə həsr edərək, əsl prezidentin öz nəfəsini xalqın nəfəsinə qatmalı olduğunu desəydi, heç bir prezidentin xalqsız ucalmasının mümkün olmadığını bildirsəydi, lap əla olardı.
Bu qədər geniş danışacağı yerdə o nə etdi? Qısaca dedi ki, “xalqın nəfəsinə qat nəfəsini, xalqsız bu dünyada ucalmaq olmaz”. Çünki o, uzun və savadlı danışa bilmir.
Özündə cəsarət tapıb bunu deyə bilən sənətkarların qədrini bilək deyirəm. “Yox” deyirsinizsə, ta mən də bir söz demirəm. 20-30 ildən sonra onsuz da onun qədrini biləcəklər.
