Medianews.az
 884 min işarəlik yazıya 4 min 800 işarəlik P.S.
494 baxış

884 min işarəlik yazıya 4 min 800 işarəlik P.S.

xalid kzm
İki gün öncə yazdığım ““Xəzər-Lənkəran”ın “Barselona”ya kim döndərir?” başlıqlı yazımın qalmaqallı, başağrılı olacağını əvvəlcədən bilirdim. Amma bunu aktual saydığım üçün yazdım.
Görünür, daha bir yazıya ehtiyac var. Çünki istər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə bu mövzuda ürək sözlərini yazanlar çoxdur. Söyüşlərdən bəhs etməyəcəm, onları eyni həcmdə, bir az da artıqlaması ilə söyüşcüllərin özlərinə yönləndirirəm. Nuş canları, xoş halalları!
Ancaq öz fikirlərini bir qədər əsəbi tərzdə olsa da, ədəb və peşə etikası çərçivəsində yazanlar da var. Onlarla dünən bir az yazışmışıq da.
Birincisi, ünvanıma ən çox səslənən iradlardan biri o idi ki, guya mən futbolu bilmirəm, bilgilərim sıfıra yaxındır. Olsun. Bəlkə də elədir. Amma mən futbolla 1973-cü ildən maraqlanıram. 1973-cü ildə Kiyevin “Dinamo” komandasının heyəti beləydi: Rudakov, Konkov, Veremeyev, Muntyan, Buryak, Bloxin, Dolmatov. Yadımda bunlar qalıb. 1986-cı il heyəti də yadımdadır. “Neftçi”nin 1978-ci il heyətini də əzbərdən deyərəm. Bakkenbauerdən ta Özilə qədər, Kipianidən Səmədova qədər, Yefstafi Pehlevanididən, Kempesdən ta Rəşad Sadıqova qədər minlərlə futbolçu adı saya bilərəm.
Yəni, az-çox futboldan xəbərim var.
Amma mənim o yazım futbola həsr olunmamışdı. Söhbət futbolla pərdələnmiş təhlükəli bir tendensiyadan gedirdi.
Son vaxtlar çox dava-dalaş olur. Bu davalarda adı daha çox hallanan bir komanda var və o “Xəzər-Lənkəran”dır. Ola bilər, o qovğaların tam əksəriyyətində günah “Xəzər”in rəqiblərindədir, bu başqa söhbətdir, əsas odur ki, belə bir durum var və bu, xoşagəlməz durumdur.
Bu, bir bölgənin camaatının futbol rəqabəti zəminində qızışdırılaraq, ölkənin başqa bölgələrinə qarşı qoyulmasına, qarşılıqlı nifrətə rəvac verir. Bir çoxları bəlkə də bilmir, küyə düşüb gedirlər, amma dünya siyasətində futbol çılğınlığından istifadə edərək etnik qarşıdurma, milli zəmində nifaq yaratmaq halları çox olub və var.
Ötən yazımda katalonlardan yazmışdım, “Barselona” örnəyindən bəhs etmişdim.
Hələ 1973-cü ildə məşhur amerikalı antropoloq Riçard Sayps yazıb ki, müharibə də, idman da aqressivliyin təzahürünə geniş meydan açır. İdman rəqabəti nəzarətdən çıxdıqca, ayrı-ayrı etnik qruplar, hətta bir ölkənin qonşu mahalları arasında düşmənçiliklər yaratmağa qadirdir. Hazırda ölkəmizdəki futbol rəqabəti qeyri-sağlam xarakter almaqdadır və bu, göz önündədir.
Məgər bu dava-dalaşlar, kütləvi şəkildə qarşı tərəfə yağdırılan nifrət, söyüş, hərzə-hədyan püskürmələri çoxmu normaldır və bu dostluğa, qardaşlığa xidmət edir?
1990-cı ildə Yuqoslaviyada belə bir hadisə olub. Serbiyanın paytaxtı Belqradın “Srvena Zvezda” komandası ilə Xorvatiyanın paytaxtı Zaqrebin “Dinamo” komandası ikincinin meydanında görüşüblər. Dünənə qədər eyni ölkənin tərkibində olan serblər və xorvatlar oyunun gedişində sırf milli zəmində stadionda qırğına çıxıblar. Xorvat azarkeşlər serb futbolçuları meydançadaca linç etmək istəyiblər, oyunçular stadiondan vertolyotla çıxaralıb.
Bənzər gərginlik Şotlandiyada “Qlazqo-Reyncers”lə “Seltik”in arasında yaşanır. Bu da futbol rəqabətindən çox, məzhəb davasıdır. Çünki “Reyncers” protestantların, “Seltik” katoliklərin komandasıdır.
Uzağa getməyək, qonşumuz İranda Təbrizin komandası “Traxtorsazı” bütün azərbaycanlıların komandası hesab olunur və azarkeşlər stadionda milli-azadlıq şüarları səsləndirirlər. Heç kəsə sirr deyil ki, “Traxtorsazı” İranda yaşayan azərbaycanlıların milli-azadlıq mübarizələrinin simvoluna çevrilib.
Bu kimi hallar dünyanın bir çox başqa ölkələrində də müşahidə olunur. Bir çox yerlərdə bu sayaq “siyasi-idman azarkeşliyi” nəzarətdədir və ildən-ilə aqressivliyi azalır, sülhpərvər səciyyə alır, bəzi yerlərdə isə aqressivlik yüksələn xətt üzrə inkişaf edir.
Futbolda bu cür dava-dalaşların normal olduğunu bildirənlər o gün Lənkəranda baş verənləri də xatırlasınlar. Oyunçuları hiddətlənmiş azarkeşlərdən xilas etmək helikopterdən istifadə zərurətinin yaranmasına nə qədər qalmışdı? Əgər həmin gün Lənkəranda “Neftçi”nin oyunçularına bir şey olsaydı, bunun sonrakı söz-söhbətinin nədən ibarət olacağını proqnozlaşdırmaq çətin deyil.
Jurnalist həmkarım Amil Hacıyev də bu mövzuda yazıb, mənə tənqidlər ünvanlayıb və qeyd edib ki, Türkiyədə olarkən “Fənərbağça” və “Qalatasaray” komandalarının azarkeşlərinə həsəd aparıb, arzulayıb ki, keşkə bizdə də belə olaydı.
Ancaq mənim bu məsələyə münasibətim başqadır. Əgər bir futbol matçından sonra (ya əvvəl) gənclər bıçaqlanacaqsa, uşaqlar ayaq altında qalıb əziləcəksə, insanlar ağrı-acı, iztirab çəkəcəklərsə, qəhr olsun o cür futbol da, o cür azarkeşlik də.
İdman sülhə, dostluğa, qardaşlığa xidmət etməlidir. Bunun əksinədirsə, hər hansı idman oyunu, insan qrupları arasında düşmənçilik yaradırsa, dostluqları pozursa, ortalığı qarışdırırsa, demək, bir problem var və o problem idman müstəvisinə transfer olunub.

Bizə qoşulun