Soyuqqanlı, cürətli camaat olmadığımızı bilirəm, hətta bunu normal qəbul edir, yeri gələndə qürur-zad da (tırkaya getməmək xüsusunda) duyuram, amma bu qədər qorxaq və təlaşsevər olduğumuzu bilmirdim.
Lüğəti vərəqləməyin, “təlaşsevər” sözünü dünən özüm icad etdim. Şair babamız Füzuli eşq mübtəlalığını sevdiyi kimi, biz də əbədi təlaşı, hay-küyü sevirik və sevə-sevə yaşayırıq. O gün zəlzələ söhbətində bu həqiqət bir daha çılpaq və boylu-buxunlu şəkildə önümüzə çıxdı.
Zəlzələ olmuşdusa da, Hacıqabul tərəflərdə olmuşdu, Bakıda zəlzələ olmamışdı, olsa-olsa, yeraltı təkan, yüngül titrəyiş olmuşdu. Şəxsən mən özüm o zəlzələni güclə, fəhmlə hiss etdim. Bir metr o tərəfimdə oturan əməkdaşımız da, həmin anda əlində çay stəkanı otağa girən həmkarım da o titrəyişi də hiss etmədilər. Mən deyəndən sonra quşqulandılar. Bu necə zəlzələdir ki, otaqda oturan üç insandan biri hiss edir, ikisi hiss etmir?
Əsl zəlzələ effekti yeraltı təkanlardan 15-20 saniyə sonra, millət həyəcanlanıb dəhlizlərə, həyətlərə, küçələrə töküləndə, telefona sarılıb bir-birinə zəng edəndə oldu və ertəsi günə qədər davam etdi. Amma bunun adı zəlzələ deyildi, kütləvi təşviş-təlaş idi.
Bax, onda ortaya çıxdı ki, bu yaşanan təlaşın şiddəti yeraltı təkanın şiddətinə uyğun deyil. Təkan 3 bal idisə, təlaş 12-lik idi.
Heç cür başa düşmək mümkün deyildi ki, nəyə görə insanlar o cür təşviş içində dərhal əzizlərinə zəng vururlar. Söz yox, təbii narahatlıq vardı, amma səbəb də vardımı? Sanki öz binamız uçub, panelin altında qalmışıq və 5 kilometr o tərəfdəki doğmalara zəng vurub onların da hansısa panelin altında qalıb-qalmadığını dəqiqləşdirdik.
Bir adamın dırnağı qopmayıb, heç kəsin barmağı cızılmayıb, bir binadan dırnaq boyda suvaq qopub düşməyib, amma yüz minlərlə insan zəng edib soruşur: “Salamatçılıqdırmı? Qorxdunuzmu?”
Təlaşla zəng edənlərin içində bu sualla qarşılaşanlar vardı: “Niyə? Nə olub ki? Zəlzələ? Nə vaxt olub? Xəbərim olmayıb”.
Amma zəlzələ olduğu barədə xəbəri jurnalist əzizindən eşidən şəxs yarım saatdan sonra ona yenidən zəng edirdi, həm də qat-qat artıq təlaşla: “Nə deyirlər? Yenə də olacaq? Çıxıb küçədə dayanmışıq. Uşaqlar evə girmək istəmir. Bəlkə həyət evində yaşayan qohumlargilə gedək bu gecə” və s.
Yox, yox, heç kəs yanlış anlamasın, zəlzələ dünyanın ən qorxulu fəlakətidir. Heç kəs panel altında qalmaq istəmir və beton plitədən hamı qorxur. Amma bir yüngül titrəyiş olub-bitəndən sonra qorxmağın, təlaşlanmağın heç bir xeyri, hətta zərrə qədər mənası yoxdur.
Biləsiniz ki, yüngül zəlzələlərdə ölənlərin çoxu təlaşsevərlərdir. Soyuqqanlı adam “nə olar, nə olmaz” deyə durub asta-asta açıqlığa çıxmaqdaykən, təşvişə qapılmış adam panelin qorxusundan özünü üçüncü mərtəbədən aşağı buraxır, minimum qol-qıçını qırır. 2000-ci ildəki zəlzələdə pilləkənlərlə aşağı qaçarkən arıq qonşusunu ayaqaltı edib yarımcan qoyan olmuşdu, amma onun qapı qonşusu 9-cu mərtəbədəki eyvanında durub siqaret çəkə-çəkə aşağıdakı mərəkəyə baxırdı.
Sosial şəbəkədə və peşəkar mediada isə lap pis həşir düşmüşdü. Sanki təkanlar davam edirdi. İnformasiyalarda elə hərf səhvləri vardı ki, sanardın, reportyor bunu əlinin altından titrəyib qaçan kompüteri birtəhər tutub yazıb. Təbii ki, bunlar hamısı kütləvi təlaşa qapılmaqdan idi. Elə ona görə də məşhur “Feysbuk” fəallarından biri yaxşı yazmışdı: “Feysbukda olmamaq yaxşı şeymiş, adam zəlzələ olduğunu bilmir”.
Gerçəkdən də srağagün ölkədə və paytaxtda milyonlar adam yeraltı təkanları hiss etməmiş, sonradan, ağızdan-ağıza və ya mətbuatdan xəbər tutmuşdular. Amma “Feysbuk” istifadəçilərinin hamısı anındaca bilmişdilər, çünki hamı zəlzələdən yazırdı.
Son iki gün ərzində yazılan minlərlə status və şərhin içində isə biri doğrudan da şedevrdir: “Gün o gün olsun ki, bu zəlzələni gələn il bu vaxt Şuşada, Laçında yaşayaq”.
Gözəl arzudur, yaxşı zarafatdır. Yaxşı ki, camaatımızın bu cür xasiyyəti də var: ən ekstremal situasiyada soyuqqanlılığını qorumaq, hətta zarafat etməyə uğurlu bir ifadə tapmaq. Yoxsa bu təlaşsevərliklə, qorxaqlıqla axırımız necə olardı.
