Medianews.az
 “Xəzər-Lənkəran”ı “Barselona”ya kim döndərir?
638 baxış

“Xəzər-Lənkəran”ı “Barselona”ya kim döndərir?

xalid kzm
İlk baxışdan adi futbol xəbərləridir: “Lənkəranlı azarkeşlər ”Neftçi" komandasının avtobusunu daşladılar"; “Lənkəranda futbol matçı zamanı stadionda gərginlik yaşandı”; “Futbol matçından sonra Lənkəranda iğtişaş baş verdi, saxlananlar var”; “Bu gün ”Xəzər-Lənkəran" və “Neftçi” komandalarının oyununda gərginlik gözlənilir" və s.
Bu cür xəbərləri oxuyursan və hesab edirsən ki, futbol fanatizmi yavaş-yavaş ölkəmizə də sirayət edir. Baxırsan ki, biriləri özünü Türkiyədəymiş kimi, “Fənərbağça”nın qızğın tərəfdarı, yaxud “Qalatasaray”ın fanatiki kimi aparmaq istəyir.
Hələ onu da deyək ki, yüz minlərlə bığlı-saqqallı kişilərin il - on iki ay harda gəldi futbol davası etmələri, tez-tez yumruqlaşmaları, vaxtaşırı bıçaqlaşmaları, hətta bəzən bir-birini öldürmələri olduqca anormal, mənasız, psixoanaliz baxımından dəli bir hərəkətdir. Bu, bir oyundur, hansısa komanda rəqibinin qapısından beş qol keçirəndə nə olur, qol vurmayanda nə olur? Bu, insanın güzəranını təmin edən, gələcəyini bəlirləyən, azadlıq və təhlükəsizliyini təhdid edən bir haldırmı ki, iki qoldan, bir qırmızı kartdan ötrü ölüm-dirim mübarizəsinə qalxasan, özünü savaş cəngavəri kimi aparasan?
Ha futbol matçı, ha bir maraqlı teatr tamaşası, kinofilm seansı, baxdın, zövq aldın, istirahət etdin, stress atdın, get cari işlərinlə məşğul ol, dolanışığını, gələcəyini fikirləş.
Təəssüf ki, biz get-gedə italiyalı, türkiyəli, ingiltərəli tiffozilərdən bu sayaq fanatizmi əxz etməkdə, müasir psixiatriya elminin izah etməkdə çətinlik çəkdiyi epidemiyaya yoluxmaqdayıq. Kütləvi futbol psixozu getdikcə daha çox kütləni çulğayır.
Ancaq artıq ciddi şəkildə şübhələnməyə əsas var ki, ölkənin bir regionunda ifrata varmış futbol fanatizminin bir alt qatı da var.
Lənkəranda futbol matçlarından öncə və sonra silsiləvi şəkildə baş verən iğtişaşlar, gərginliklər, dava-dalaşlar təkcə futbol fanatizminin büruzə çıxan əlamətləri deyil.
Sanki biriləri “Xəzər-Lənkəran”ın bayrağı, emblemi, şirması altında pərdələnərək, bölgədə toparlanma, səfərbər olunma işləri aparır.
Elə bil, “Xəzər-Lənkəran” futbol komandası yox, milli-azadlıq mübarizəsi aparan siyasi təşkilatdır və fəal insanları, tərəddüd edənləri öz ətrafında birləşdirməklə məşğuldur.
Ortada bir “Barselona” nümunəsi var. Məlum olduğu kimi, İspaniyada hər zaman Madridə qarşı olan və müstəqillik tələb edən Kataloniya əyaləti uzun illərdən bəridir ki, ölkə üçün ciddi başağrısıdır. Kataloniya xalqının Madridə qarşı mübarizəsi “Barselona” futbol klubunun mübarizəsinə inikas edib. Xalq “Barselona”nın ətrafında birləşib. Bu komandanın “kral klubu” adlanan Madrid “Real”ı ilə əzəli rəqabətinin kökündə məhz etnik separatizm, siyasi motivlər dayanıb. İspaniyada hamı bu həqiqəti anlayır və onunla hesablaşır. Ona görə də bu komandanın birindən digərinə oyunçu transfer olunanda, həmin futbolçunu “xain” elan edir, müharibədə səngər dəyişmiş satqın yerinə qoyurlar.
Bənzər durum ölkəmizdə “Xəzər-Lənkəran”a münasibətdə yaranmaqdadır. Bu klubu “Barselona”ya döndərmək istəyənlər var.
Bu layihəyə ifrata varmış şəkildə milyonlarla pulun sərf olunduğu göz qabağındadır. “Xəzər-Lənkəran”ın nəyin bahasına olursa-olsun, ayaqda tutulması, çempionatın lideri edilməsi üçün hər şey edilir: kluba tanınmış məşqçilər dəvət edilir, bahalı futbolçular alınır, klubun maddi-texniki bazası daima gücləndirilir və sair. Bu kluba sərf olunan vəsait, enerji, vaxt, qayğı o qədər ifrata varıb ki, sanki son hədəf  qazanılacaq kubok deyil, nəsə başqa şeydir.
Bu üzdəndir ki, son illər ən azı ildə iki dəfə “Xəzər-Lənkəran” klubunun adının qarışdığı qalmaqallar baş verir. Düzdür, “Qarabağ” - “Neftçi” matçları (eləcə də bir-iki başqaları) da prinsipiallığı ilə fərqlənir, amma onların heç birində “Xəzər-Lənkəran” - “Neftçi” oyunundakı kimi düşmənçilik, vur-həşir, savaş ovqatı müşahidə olunmur.
Bu məsələyə diqqət yetirmək lazımdır. İndilərdə futbol azarkeşi olduqlarını, doğma mahalın təəssübünü çəkdiklərini güman edənlər də bir az ayıq-sayıq olmalıdırlar ki, sabah kimsə onların təbii təəssübkeşliklərindən siyasi məqsədlərlə, həm də çirkin niyyətlə istifadə etməsin.

Bizə qoşulun