Medianews.az
 Satılanlar kim, sonu çatan kim?
502 baxış

Satılanlar kim, sonu çatan kim?

xalid kazimli kose 1
Prezident İlham Əliyevin müxalifətin ünvanına səsləndirdiyi fikirləri birmənalı qarşılamaq mümkün deyil. Çünki prezident ümumi danışıb, təfərrüata varmayıb, söhbəti xırdalamayıb.
Məsələn, dövlət başçısı deyib: “Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir”.
Bu cümlədəki “bəzi” sözü ona dəlalət edir ki, İlham Əliyev hər halda hamını, bütün müxalif qüvvələri nəzərdə tutmur.
Çünki bu ifadədən çıxan qənaət odur ki, müxalifət qüvvələrinin “bəziləri” satılıbsa, “bəziləri” də satılmayıb. Satılanlar kimdir, satılmayanlar kimdir, bilinmir.
Prezident davam edib: “Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi”.
Əslində prezident seçkilərinə qatılmaq, ölkəni idarə etmək, bu ağırlığın altına çiyin vermək istəmək özlüyündə şərəfli işdir və bu niyyət hansısa səbəblərdən alınmadıqda bunu “rəzalət” kimi qiymətləndirmək düzgün deyil.
Ona qalsa, bir sıra ölkələrdə, o cümlədən ABŞ-da 20-30 il əvvəl prezidentliyə namizəd olmuş və Karterə, Reyqana, Buşa uduzmuş senatorlar var ki, qatıldıqları mərasimlərdə “prezidentliyə keçmiş namizəd” kimi təntənə ilə təqdim olunurlar. Özləri də bununla fəxr edirlər.
“Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi”. İlham Əliyevin bu fikrini də həqiqətin özü kimi dəyərləndirmək mümkün deyil.
Çünki ötənilki prezident seçkilərinin mənzərəsi xalqın fəallığı baxımından heç ürəkaçan olmadı. Xalq ümumiyyətlə seçkilərə qatılmadı.
Sadəcə, büdcə təşkilatlarında çalışanlar administrativ resurslardan maksimum istifadə nəticəsində səfərbər olunaraq hakim partiyanın namizədinə səs verməyə aparıldılar, narazı elektoratın bir qismi, əsasən də müxalifət partiyalarının fəal üzvləri və tərəfdarları isə müxalifətin vahid namizədinə səs verdilər.
Vəssalam. Xalqın böyük hissəsi seçkini kənardan müşahidə etdi. Rəsmi protokollarda “seçici fəallığı”na dair elan olunan rəqəmlər sadəcə ənənəvi seçki “pripiskası”nın, saxtakarlığın nəticəsiydi.
İlham Əliyevin aşağıda iqtibas olunan bu fikirləri də maraqlıdır: “Xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi”.
Təəssüf ki, burada da konkretlik yoxdur. Bununla belə, qeyd etmək vacibdir ki, bu sözləri dövlət başçısından azı 8 ay əvvəl Müsavat Partiyası bəyan etmişdi. Partiya o zaman ümumi şəkildə “xaricilər” ifadəsindən istifadə etməmiş, həmin “xaric”in Rusiya olduğunu, onun 2013 seçkilərinə öz layihəsi ilə qatılmaq fikrində olduğunu bildirmişdi.
Hər şey o qədər aydın, şəffaf, göz önündəydi ki, gedən prosesi siyasi riyakarlıq dolu ifadələrlə, diplomatik cümləpərdazlıqlarla pərdələmək mümkün olmurdu. Bütün hallarda suyun altı ilə gələn submarinin gövdəsi görünürdü.
Ölkəni sarmış boğanaq havada “şimali küləyi”nə xilas mehi kimi baxanlar, ümidini ona bağlayanlar da çox idi, amma müxalifət düşərgəsində bu küləyin sonradan ölkəmiz üçün dondurucu şaxta, məhrumiyyət gətirəcəyini düzgün proqnozlaşdırıb bu layihəyə qatılmaq istəməyənlər də vardı.
Əgər İlham Əliyev 2013 seçki kampaniyasında “xaricdən ianə alan”lardan danışarkən bu qüvvələri nəzərdə tutursa, bu, başqa söhbətdir. Yox, ortada konkret “vicdanını xaricilərə satan” başqaları da varsa, onda hər şey adbaad açıqlansa yaxşıdır.
İndi gələk ötənilki seçkilərin müxalifətin sonu olması məsələsinə.
Hər dəfə seçkidən sonra çoxları belə deyir - hakimiyyət mənsubları da, bəzi müxalif qruplar da, hətta bitərəf siyasi fəallar da.
Ancaq heç bir seçki müxalifətin sonu olmur. Düzdür, seçkidən sonra müxalif birliklər pozulur, düşərgədə pərxaşlıq baş verir, müxalifətin gücü zəifləyir və bu proses yeni seçki ilinə qədər davam edir. Sonra toparlanma mərhələsi başlayır və hakimiyyət yenidən formalaşan birliyi müşahidə edincə həyəcanlanır, əks tədbirlər görməyə çalışır.
Bəli, deyək ki, indilikdə, 2014-cü ilin fevralında “müxalifətin sonu”ndan danışmaq mümkündür, amma 2015-ci ilə də bir şey qalmayıb. O zaman “dağıdıcı müxalifət” ritorikası yenidən gündəmə oturacaq.

Bizə qoşulun