Medianews.az
 Müavinin yarım milyonu
518 baxış

Müavinin yarım milyonu

images_dekabr_kose samir sari
Xəbərin fel hissəsi beləydi: “...evdən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlayıblar”.
Xəbərin mübtəda hissəsi isə bu cürdür: “O.Məmmədov yüksək vəzifəli məmurdur”. Məmmədov evi yarılan adamdır. Amma buradakı “yüksək vəzifə” ifadəsi bir az yanlışdır. Adamın vəzifəsi ölkədəki yüksək vəzifələrin ilk minliyinə girmir. Məmmədov bir rayonun sosial müdafiə mərkəzində rəis müavinidir.
Hadisə Bakıda, Nərimanov rayonunda baş verib. 
Oğrular saat 14-lə 19 arasında öz çirkin niyyətlərini həyata keçiriblər. Həmin vaxt Məmmədovlar evdə yox imiş.
İndi bu cinayətin üstünü açmaq üçün Şerlok Holms və ya Erkül Puaro kimi bir kriminalist lazımdır və o, gəlib öyrənməlidir ki, rəis müavini ərin və ədəbiyyat müəlliməsi xanımın evində bu qədər pul-para, zinət əşyaları olmasını kimlər bilirmiş.
Əgər Holms və ya Puaro cinayət kələfini bu məqamdan yapışaraq çözməyə çalışsa, onlara Artur Konan Doyl və Aqata Kristi də kömək edə bilməyəcək. Çünki bu sayaq bilgiyə malik olan şəxslərin dairəsi çox genişdir.
Ölkədə hamı - istənilən məmurun bütün qohumları, bütün tanışları, bütün qonşuları bilirlər ki, adam məmurdursa və altında 50 minlik maşın varsa, minimum 200 minlik evdə yaşayırsa, demək, onun evində də ən azı bu qədər pul-para olar.
Amma heç bir geniş təxəyyüllü oğru güman eləməzdi ki, sosial müdafiə mərkəzində rəis də yox, rəisin müavini işləyən adamın evində o qədər pul ola bilər. Şansın oğrunun üzünə gülməyinin də bir əndazəsi olar, burada bütün əndazələr aşılmışdır.
Ona görə də milli Puaro əslində ev oğrularının törətdiyi cinayəti o tərəfə qoyub, rəis müavininin evindən çıxan sərvətin qaynağını axtarmaq eşqinə düşə bilər, fəqət bu işlə antikorrupsiya idarəsi adlı bir dövlət qurumu məşğul olur.
Yeri gəlmişkən, həmin idarə çox gözəl işləyir, hər gün barələrində informasiya yayılır, axırıncı dəfə qeyd olunurdu ki, hansısa MMC-dən pulu alıb qaytarmayan beynəlxalq miqyaslı mütəşəkkil dələduzlar dəstəsini ifşa edib.
Əlbəttə, kənd bələdiyyəsinin qanunsuz torpaq satması, hərbi komissarın müavininin hansısa çağırışçının atasından pul alması kimi müdhiş cinayətləri qoyub, bir rəis müavininin evindən çıxan yarım milyon dollar pul-paranın haqq-hesabını aparmaq düzgün olmaz.
Kim bilir, rəis müavini o sərvəti toplayınca nə qədər əziyyət çəkib. Yeməyib, içməyib, toya-yasa getməyib, maaşını yığıb, Allah bilir, nə kimi ixtiralar edib, elmi məqalələr yazıb, qonorarlar alıb və türkün sözü, para birikdirib. Bəlkə də heç həmin pul onun öz pulu olmayıb, iş görmək istəyən, bu məqsədlə maşınını satan oğlunun pulu imiş.
İndi rəvadırmı ki, xalqın zülm-zillətlə topladığı, dar günə saxladığı, biznesə yatırmaq istədiyi vəsaiti hansısa parazit oğrular günün birində öz dədələrinin malı kimi çırpışdırsınlar.
Sabah onları yaxalasalar, utanmadan deyəcəklər ki, oğrudan oğruya halaldır. Bir çoxları da deyəcəklər ki, düz deyirlər.
Əslində oğurlanan və oğrudan oğruya keçən bütün pullar doğrudan da halal pullardır, sadəcə, bu xalqın halal paralarıdır, sadəcə, onu müvəqqəti olaraq oğrular xərcləyir.
Bununla belə, bu hadisə kriminal aləmdəki münasibətləri və sektorun inkişaf istiqamətlərini köklü şəkildə dəyişdirə biləcək olaydır. Belə güman olunur ki, oğru dünyası bankomatlardan pul çıxarmaq istəyən təqaüdçülərin pensiyasına, “qul bazarı”da duran və 7 ton yük daşıyandan sonra axşam “xozeyn”dən 20 manat alıb evinə aparan qara fəhlənin çörək puluna tamah salmaqdan imtina edib, rəis müavinləri ilə işləməyə qərar verəcəklər.
Bu sayaq informasiyalar yayılandan sonra xalqın qənaəti adətən bu cür olur: “Pah, dədə vay! İndi gör rəislərdə, prokurorlarda, hakimlərdə, nazir müavinlərində, nazirlərdə nələr var ey!”
Əlbəttə, onlar da kasıb deyillər. Onlar daha yaxşı maaş alırlar. Arada rəsmi mükafatları da olur. 
Ümumiyyətlə, korrupsiya hər bir ölkədə var, ona qalsa, Avropa ölkələrində lift də işləmir.

Bizə qoşulun