Medianews.az
 İnternetdə sabitlik bərpa olunub
488 baxış

İnternetdə sabitlik bərpa olunub

Zamin Haci 117
Rabitə Nazirliyinin, Mətbuat Şurasının iştirakı ilə Bakıda internetə aid dəyirmi masa keçirilib. Mövzu çox əyləncəli olub: “İnternet medianın informasiya təhlükəsizliyi”. Əgər Mətbuat Şurası internet sahəsində fəallaşıbsa, o cümlədən Ramiz Mehdiyev facebook sosial şəbəkəsində səhifə açıbsa artıq vətəndaşlarımıza göz aydınlığı verə bilərik: internet tam təhlükəsiz sahədir. Girin, lap ailəli-uşaqlı gəzin, heç bir ziyanı yoxdur.
Qabaqlar bəzi ziyankar ünsürlər var idi, bloq açırdılar, facebook-da hökuməti söyürdülər, bunu oxuyan xalqın da tərbiyəsi pozulurdu. Lakin onların cibinə nəşə atıb tutduq, indi internetdə sabitlik, ictimai asayiş, milli mentalitet bərpa olunmuşdur. Milli internetimizin üzərindən quş da uça bilməz. Daha doğrusu, uçar, ancaq lazımi instansiyalardan, ASAN-xidmətdən, MTN və DİN-dən sənəd aldıqdan sonra. Hələ biz sənədləri yerində olan quşların ölkəmizin üzərindən uçmasında maraqlıyıq, qoy onlar burda yaradılan şəraitdən hər yerdə cəh-cəh vuraraq ötsünlər.
O cümlədən internet media tam təhlükəsiz hala gətirilibdir. Misal üçün, hansısa xəbər portalı, hansısa qəzetin internet səhifəsi qələt eləyib hakimiyyəti tənqid edən yazı paylaşanda ona güclü hücumlar düzəldilir. Spam, virus, onlayn badalaq, virtual şillə-təpiyin biri bir qəpiklik olur. Saytı peşman edirlər. İzləyicilər girib yazıya baxa bilmir. Adam da peşman olur, fikirləşir kaş bu “Ailənin korrupsiyası” materialının yerinə başqaları kimi “Monika Beluççi geyindi! Şok!” tipində xəbər qoyardım, başım ağrımaz, server çezməzdi (Adətən bu məqamlarda sayt yiyələri oxuculardan can qurtarmaq üçün “Babalı serverin boynuna” mahnısını oxuyurlar).
Əgər ölkəyə internet girişi Bəylər bəyin “Delta”sının əlindədirsə, neynəyəcəksən? İstəyirsən saytını yandır, xeyri yoxdur.
Ümumiyyətlə, dövlət rəhbərliyinin atalıq qayğısı sayəsində internetin tam nəzarətə alınmasını qiymətlər də göstərir. Bizdə internet qiymətləri çox bahadır, baxmayaraq ki, keçən il telekommunikasiya peykini göyə fırıldadanda elə bu RİTN vətəndaşları aldatmışdı, demişdilər guya peykimiz uçmaqla internetin qiyməti salınacaq. Hanı? Peykin ili çıxır. Müqayisə üçün baxın: saniyədə 4 meqabayt internetin aylıq qiyməti bizdəki dövlət şirkəti “Bakinternet”də 40 dollardır, Rusiyanın MTC şirkətində isə 9 dollar. Ukraynada lap ucuzdur: 6 dollar. 8 meqabaytın qiyməti də biabırçılıqdır: bizdə 75 dollar, Gürcüstanda 40 dollar, Rusiyada 10 dollar, Ukraynada 7 dollar. (mənbə: Azərbaycan İnternet Forumu).
RİTN şefi Əli Abbasov bu bahaçılığın səbəbini izah edə bilərmi? Heç lazım da deyil, özümüz bilirik. İnternet belə baha olanda insanların ondan istifadəsi, bilgi paylaşması və əldə etməsi çətinləşir. Avtoritar oğru hakimiyyətə isə bilgisiz cəmiyyət lazımdır.
Yeri gəlmişkən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu qısa adından - RİTN - çox xoşum gəlir, sanki informasiya təhlükəsizliyimizə qorxu yaradan kimisə qapıdan qovursan, deyirsən itil ə, burdan.
Belə də lazımdır. İnterneti özbaşına qoysan, ya keçəl hakimiyyətə gələr, ya da zurnaçı. Ərəb ölkələrində bunun acı təcrübəsini görmüşük. Tunis xalqının ümummilli lideri Ben Ali müəllim hələ də bilinmir hardadır. Yazıq Mübarəki nə günə qoydular... Xırdalanda heykəlini də uçurtdular. Hələ Qəddafi... Kərbəlayı İsmayıl demişkən, Yadullanın müsibəti heç belə olmamışdı.
Dövlətimizin imkanları çoxdur. Bizim yaxşı yadımızdadır, 92-93-cü illərdə internetə girmək də olmurdu. Lazım gəlsə Bill Geyts üçün Bibiheybətdə ev tikib verərik, təki özünü ağıllı aparsın. Eşitdik dünən “Maykrosoft”dan işdən də çıxıbdır. Yığış gəl, Amaşov sənə necə lazımdır hörmət eləyər.

Bizə qoşulun