Medianews.az
 Xocayanın faciəsi Xocalını üstələdimi?
500 baxış

Xocayanın faciəsi Xocalını üstələdimi?

 
images_000xalid bey kose
Qarşımızda atomlarına qədər parçalanmış bir cəmiyyət var. Daha dəqiqi, özümüz də o qəlpələnmiş cəmiyyətin içindəyik. Bölünmələr bütün sferalardadır. Həyatımızın, fəaliyyətimizin bütün cəhətlərindədir.
 
Təriqət bölünməsi
 
Əvvəllər “din insanları birləşdirir” deyərdilər, bu klişe tam süquta uğrayıb. Bu saat ən böyük bölünmə, ziddiyyət, aqressiya məhz din müstəvisindədir.
 
Münaqişə, qarşılıqlı inkar təkcə dünyəvi dinlərə tapınan insan qrupları arasında deyil,  məzhəblər arasında müşahidə olunur. Hətta elə sektalar var ki, onun iki qanadı arasındakı münasibətlər də ölüm-qalım məsələsinə çevrilib.
 
İnsanlar dini mənsubiyyətlərinə dayanaraq bir-birinin boğazını kəsməyə hazırdırlar.
 
Peşəkar və sosial mediada gedən polemikalarda daşdanan nifrəti müşahidə etmək çətin deyil.
 
İntriqalar hərdən o səviyyəyə qədər şiddətlənir ki, tərəflərdən biri buranın İran olmasını və onlardan olmayanın asılmasını arzulayır, o biri tərəf isə düşməninə “keşkə bura Suriya olaydı, sizə göstərərdik” hədəsi biçir.
 
Uzun illər öncə ölkəmizin əsas baş bəlası olan regional bölünmə, mahalbazlıq son illərdə şiddətini azaldaraq, yerini məzhəb davasına verib. İndi insanların haralı olmasıyla yanaşı, hansı cür namaz qılmasıyla, yaxud hansı dini bayramı necə, nə vaxt qeyd etməsiylə maraqlanırlar. Hər birinin dilindən Allah, Məhəmməd kəlməsi səslənir, amma bir-birinə nifrət edirlər.
 
Xüsusilə də səfərbər edilib Suriyaya göndərilən azərbaycanlı döyüşçülərin orada həlak olmasıyla bağlı ölkəmizdəki məzhəblərarası intriqa və düşmənçilik on qat şiddətlənib. Hakimiyyət bu məsələni ciddi nəzarət altına almasa, yaxın zamanlarda ölkədə ciddi təriqət davası düşəcək.
 
Məscidlər yenidən ibadət məkanına çevrilməlidir. Onların siyasi (xüsusilə də geosiyasi) polemika mərkəzi olmasına, bəzi hallarda hərbi komissarlıq rolu oynayan məntəqələrə çevrilməsinə son qoyulmalıdır.
 
Siyasi bölünmə
 
Siyasi müstəvidə bölünmə zatən köhnə dərddir. Əvvəllər elə görünürdü ki, ölkə iki əsas düşərgəyə ayrılıb, iqtidar və müxalifətdən ibarətdir. Sonradan vəziyyət çox dəyişdi.
 
İndi ölkənin siyasi arenasında bir-biri ilə səmimi şəkildə müttəfiq olan iki partiya tapa bilməzsən. Bütün birliklər, bloklar dağılıb.
 
Son proseslər isə daha dağıdıcı təmayül alıb. Artıq aparıcı partiyalar arasında inteqrasiya, əməkdaşlıq perspektivləri belə ciddi şübhə altına düşüb.
 
Belə görünür ki, indiyə qədər seçkilərdən öncə müşahidə olunan bloklaşma, birləşmə prosesi bundan sonra baş tutmayacaq. İllərlə gizli-gizli qaynadılan qazanların qapaqları qaldırılıb, qüvvələr bir-birilə açılışıb.
 
Elə çıxa bilər ki, iqtidar komandası monolit və yekdildir. Xeyr, bu da zahiri görüntüdür. Əslində ən böyük ziddiyyət və münaqişələr, düşmənliklər məhz bu düşərgədədir.
 
İqtidar komandası molekullarına qədər bölünüb, ayrı-ayrı oliqarxların arasında paylaşdırılıb. Özlərini orta əsrlər dövrünün feodal xanları kimi aparan, öz saray və əshabələrinə malik olan bu oliqarxlar sadəcə bir birləşdirici fiqurun ətrafında toplaşıblar və zorən müttəfiqlik edirlər. O fiqurun aradan çəkildiyi təqdirdə necə savaşlar çıxacağını proqnozlaşdırmaq çətin deyil.
 
İctimai bölünmə
 
Elə məsələlər var ki, ona dair insanların fikri sırf dünyagörüşlərindən, mənəvi keyfiyyətlərindən, təhsil və məlumatlılıq dərəcələrindən asılı olaraq müxtəlif ola bilər. Yəni burada iqtidar və ya müxalifət düşərgəsinə mənsubluq rol oynamamalıdır.
 
Fəqət bizdə elə deyil. Adicə ermənilərə münasibət məsələsində də vaxtaşırı tirələrə bölünmə, fikir haçalanmaları müşahidə olunur.
 
Birinci dəfə bu, özünü şiddətli şəkildə erməni zabit Qurgen Markaryanı öldürdüyü üçün Macarıstanda ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun həbsdən azad edilib ölkəyə qaytarılması məsələsində göstərdi. O zaman ölkəmizdə fəallar iki qütbə  - Ramil və Qurgenin tərəfdarlarına bölünmüşdülər.
 
Bənzər vəziyyət Tovuzda ələ keçmiş 77 yaşlı Mamika Xocayanın məsələsində də yaranıb. Bir tərəf onu “diversant” sayır, digər tərəf “günahsız kəndli”. Ehtiraslar qızışıb. Ölkə Xocayanın tərəfdarlarına və əleyhdarlarına bölünməkdədir.
 
Adam mat qalır. Biz niyə bu qədər bölünməyə, cəbhələşməyə, qarşıdurmaya, intriqaya meylliyik? İş o səviyyəyə çatıb ki, o boyda Xocalı faciəsinin 22-ci ildönümünə 23 gün qaldığı bir vaxtda Xocayanın faciəsini müzakirə edirik.
 

Bizə qoşulun