Medianews.az
 Seçki tutqusu
418 baxış

Seçki tutqusu

Daha bir seçki tutqusu... Bu, adi haldır. Bizim ölkəmizdə seçki işləri ilə məşğul olan siyasi fəalları ya seçkidən əvvəl tuturlar, ya da seçkidən sonra.

Elə illər olurdu ki, funksionerləri yalnız seçkidən sonra tuturdular - özlərini yaxşı aparmadıqlarına görə. Olurdu ki, etiraz edirdilər və bu hakimiyyətin xoşuna gəlmirdi. 

Bir ara isə seçkidə fəallıq göstərəcək adamları seçkidən əvvəl tutmağa başladılar - fəal olmasınlar, başağrı yaratmasınlar deyə. 

İndi vəziyyət lap qəlizdir. Seçkiyə bir il qalmışdan tuta-tuta gedirlər. Seçkinin qızğın vaxtında da tutmaqda davam edirlər, ürəkləri soyumur, seçkidən sonra da tuturlar. 

Hər dəfə eyni cür bitən seçkidən sonra müxalifət növbəti oyununu uduzmuş türk komandalarıının “önümüzə baxacağız” dedikləri kimi “gələn seçkilərə hazırlaşırıq” deyəndə hökumət adamları da “neynək, biz də növbəti tutqulara hazırlaşarıq” deyə düşünürlər. 

Amma çox qabağa getməyək, 2015-ci ilin tutqularının başlanmasına hələ düz bir il iki ay var. İnşallah, 2015-ci ilin parlament seçkiləri ilə bağlı tutqular 2015-ci ilin yanvar ayının 15-dən sonra başlayacaq. 

SMDT adlanan təşklatın rəhbəri Anar Məmmədovun tutulması isə 2013 seçkisi ilə bağlıdır. Ona nə maddəsi verirlər, versinlər, fərqi və dəxli yoxdur, hamımız bilirik ki, Anar Məmmədlinin təşkilatı 9 oktyabr seçkisinin monitorinqini ağıllı-başlı aparsaydı (yəni hökumətin xoşuna gələn cür), onunla kimin nə işi ola bilərdi. Qehetesən, otur qehete yerində, nə qoşulmusan Zulueta xanıma? 

Odur, Tofiq Yaqublu və İlqar Məmmədov, eləcə də NİDA-çılar öz “seçki dustaqlığı” müddətlərinin bir xeyli hissəsini çəkiblər. Yadigar Sadıqov da artıq stajlı məhbus sayıla bilər. Amma Pərviz Həşimli hələ təzədir. Hiss olunur ki, yavaş-yavaş o da ağırlaşır, sanbalı artır. 

Seçki ilinin ən mühüm cəhətlərindən biri də odur ki, seçkidən itki verməmiş çıxasan. “İtki” deyəndə söhbət bu kimi həbslərdən, seçkidən bir az əvvəl və bir az sonra kütləvi şəkildə partiyadan istefa verənlərdən gedir. 

Zəng vurub and içirlər ki, rayonlarda bir dəstə “istefaverənlər” qrupu var. Hər seçki mövsümündə parlamaqda olan yeni siyasi qüvvəyə daxil olurlar, bir müddət fəallıq edir, hay-küy salırlar, amma ya seçkidən bir həftə əvvəl, ya da bir həftə sonra (bu, yuxarıdan gələn tövsiyəyə bağlıdır) kütləvi surətdə istefa verirlər. Deyilənə görə, bu qruplar bir dəfə Müsavatdan, bir dəfə AMİP-dən, bir dəfə AXCP-dən, daha sonra ACP-dən istefa veriblər, hazırda girib istefa verməyə partiya axtarırlar. 

Elələrini heç vaxt tutmurlar, əksinə, üçdən-beşdən verirlər ki, ortalıqda fəallıq göstərsinlər. “İşverənliy”in yeni növüdür bu. 

Amma builki seçki çox da qəliz olmadı axı, camaatın uşaqlarını niyə çox tutdular və tuturlar? Bir halda ki, 85 faiz səs toplamısınız, ta “bir sıra seçki məntəqələrində pozuntular olub” deyənləri niyə tutursunuz? 

Ona qalsa, Tana de Zulueta ondan da pis söhbətlər eləmiş, 85 faiz səsi şübhə altına almışdı. Nə oldu? Bir ay gecikmə ilə olsa da, dünya liderləri təbrik eləmədi? Hamısı təbrik göndərdi, məsələ, mübahisə də bitdi. 

Bundan sonra Zulueta ilə küsü saxlamağın da mənası yoxdur. Məlum olur ki, onu mətbuat konfransında böyüzm eləyib qorxutmağa da ehtiyac yoxmuş. Birdən sarılıq tutaydı, yaxşı olacaqdı? Vallahi, ölüb üstümüzdə qalardı, demokratiyamıza ömürlük baş töhməti olardı. Ondan sonra görüm müşahidəçilik etmək üçün bu ölkəyə kim gələrdi.

Elə indi, Anar Məmmədlinin tutulmasından sonra öz ölkəmizdə seçkiləri müşahidə edən olmayacaq. Çünki qorxulu işdir. Adamı tuturlar.

Yaxşı, bir halda ki, xalq seçkiyə gəlmir, QHT-lər müşahidə aparmır, müxalifət də seçkidə iştirakdan imtina edir, onda ta seçki keçirməyə nə ehtiyac var. Hər dəfə neçə vaqon pul xərclənir. Sonra da yerini doldurmaq üçün benzinin, yumurtanın, kartofun qiymətini qaldırırlar. 

Ən yaxşısı, qiymətləri sabit saxlamaqdır. Seçki olmayanda ictimai-siyasi vəziyyət də sabit qalır, pis-yaxşı iqtisadi durum da.

Bizə qoşulun