Medianews.az
 Buxarlanan səhiyyə
446 baxış

Buxarlanan səhiyyə

Hərdən orda-burda gözüm milli telekanalizasiyalarımıza sataşanda sutkanın hansı vaxtı, hansı mövzuda veriliş getməsindən asılı olmayaraq iştirakçılardan ən azı birinin manıs olduğunu görürəm. Onlar uşaq verilişindən tutmuş mətbəx verilişinə, xəbərlərdən geopolitik analizə qədər hər verilişin içindən çıxırlar. Təbii, onları bu cür “ekspert” düzəldən hakimiyyətin sifarişidir. Ciddi adamları, ağıllı insanları efirə buraxmamaq, ictimai diskussiyaları hansısa gerizəkalı müğənninin istifadəsinə buraxmaqla xalqı gözdən salmaq, camaatda “bizdən adam olmaz” fikrini dərinləşdirmək və bu müstəvidə yeraltı sərvətləri rahat oğurlamaq siyasətidir.

Azərbaycanda öz mahiyyəti üzrə istifadə edilən məkanların sayı əslində çox azdır. Məktəblərdə dərs, elm əvəzinə hər cür yaltaqlıq öyrədilir, seçki saxtakarlıqları zamanı isə bu məktəblər konkret cinayət yuvalarına, xalqın iradəsinin (o cümlədən iradəsizliyinin) zorlanması yerinə çevrilirlər. 

Ordu xalqı xarici təhlükədən qorumalıdır, ancaq 20 ildir respublika böyrü üstdə qalıb, böyük, yağlı bir tikəsini qopardıblar. Əlində silah bekar qalmış minlərlə insan nəticədə bir-birini vurmaqla başını qatır. 

Hüquq-mühafizə orqanları adından göründüyü kimi, insanların hüquqlarını qorumalıdır. Ancaq həmin orqanlar icra hakimiyyətinin əlində əsirdir, Prezident Administrasiyasından gələn sifarişləri yerinə yetirir. Hüquqlar da qalır yiyəsiz, qoyun sürüsü kimi qaçır dağılışır hərəsi bir yana. Sonra da azmış hüquqları canavarlar tutur parçalayır. Çoban iti canavarla dostluq edirsə, o sürünün vay halına...

Elə icra hakimiyyəti də öz məzmununa uyğun deyil, çünki onlar qanunları icra eləməlidir, ancaq qanunları icra hakimiyyəti özü yazır. Qapalı, zərərli dairə yaranır. Hamı bir-birinin girovuna çevrilir. O üzdən mən həmişə deyirəm, indi də bu mövqedəyəm: bütün klassik avtoritar rejimlərdə olduğu kimi Azərbaycanda da kimsə xoşbəxt deyil. Özünü xoşbəxt kimi göstərən varlılar, nazirlər-filan var. Ancaq hər biri bunu oynayır, bədbəxt günə salınmış respublikada ayrıca fərdlərin xoşbəxtliyinin mümkün olmadığını hər birisi yaxşı başa düşürlər. 

Nəhayət, gəlirəm məni bu mövzuya sürükləyən xəbərin üzərinə. Dünən xəbər yayıldı ki, Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında yanğın olub. Filan qədər personal, xəstələr evakuasiya edilib, Kamal müəllim qaçaraq gəlib yanğını söndürüb və sairə. Ən maraqlısı isə yanğının harda yaranması idi. Sən demə, yanğın xəstəxananın birinci mərtəbəsindəki... saunadan başlayıbmış. 

Əlbəttə, müəyyən fizioterapiya və reabilitasiya məqsədiylə xəstəxanalarda sauna da ola bilər, ancaq bu, ən axırıncı üsuldur. Özünə hörmət qoyan çağdaş dünya xəstəxanaları (Neft Şirkətinin sponsorluğu ilə hər cür aparatla doldurulmuş MNX-də bir vaxt bu ada iddia edirdi, indi xəbərim yoxdur) camaatı sauna ilə müalicə eləmir. 

Ancaq ta keçibdir, prosesi davam etdirmək, baltanı kökündən vurmaq lazımdır. Efiri cin qovanlarla, qəzetləri ulduz falıyla, məclisləri cürbəcür şarlatan və fırıldaqçılarla dolu olan ölkədə xəstəxana binasında sauna çox azdır. Xəstəxanada bar, diskoteka, kababxana, xəngəlxana açılmalıdır. Yeri gələndə xəngəllə də hansısa fizioterapiya qayırmaq mümkündür. 

Bundan başqa, saunada yaxşı masaj olunan neftçilərin çay dəsgahı, sulu qəlyan, domino, nərd kimi müalicə vasitələri ilə təminatı da qaydaya salınmalıdır. 

Sonda səhiyyə naziri Oqtay Şirəliyevə yanmayan saunalarda uzun ömür, can sağlığı diləyirəm və arzu edirəm asudə vaxtlarında hərdən öz işi ilə də məşğul olsun.

Bizə qoşulun