Medianews.az
 Üzgüçü Dədə Qorqud
487 baxış

Üzgüçü Dədə Qorqud

 

Bakıda “Kitabi-Dədə Qorqud” abidəsi və eyni adlı parkın açılışı olmuşdur, açılışda təbii ki, prezident də iştirak eləmişdir. Öncə onu deyim ki, həmin ərazi - “Gənclik” metrosundan zooparka tərəf olan hissə bir çox azərbaycanlılar üçün, xüsusilə də bakılılar üçün olduqca əziz məkanlardan biri idi.

Vaxtilə. Yapokratlar Bakını tutana qədər. Oradakı uşaq dəmiryolu çox gözəl bir əyləncə idi, balacalara zövq verərdi. Ərazini qorumaq, dəmiryolunu restavrasiya eləmək yerinə bu ... (yazının bu yerində jurnalist Elmar Hüseynovun xatirəsini  bir dəqiqəlik sükutla anaq) oranı tamam darmadağın elədilər, yarısında ümummilli Hafiz müəllim Paşayev üçün Diplomatik Akademiya açdılar, yarısını isə indi haqqında yazdığımız Dədə Qorqud parkına döndərdilər.

Park deyəndə ki, əslində oradakı çoxillik ağacları doğrayıb yerinə oyuncaq, süddən yanıq küknar-filan sancıblar. Bakıda daha bir ağacı olmayan daş-kafel-metlax parkı yaranıb. Bu mənada orda “Dədə Qorqud” kitabına qoyulan əcaib ağac heykəli çox ironik görünür - canlı ağacları kəsib, bürünc ağac qoyublar... Az sonra bu heykəl məsələsinə qayıdarıq.

Ərazidə 3 hektar boyda bir süni gölməçənin (əslində bütün daşla çərçivələnməsi və dibinin də metlaxla örtülməsi səbəbindən buna gölməçə yox, böyük hovuz deməliyik) yaradılması ümumiyyətlə absurddur. Dədə Qorqudun hovuza nə dəxli? Bəyəm o, üzgüçü olub? Bəlkə “Oğuz eposu” ifadəsini yanlış eşidiblər, sanırlar “Hovuz eposu”dur?

Yanılmıramsa, dastanda göl haqda heç bir kəlmə də yoxdur. Bu, yapokratların heç nəyin yerini bilmədiyinin daha bir sübutudur. Torpağa batırılmış beynəlxalq avtovağzal, dəniz qırağında itən bayraq dirəyi, təpənin başına çıxmış üç “pinqvin” (Alov qüllələri) və sairənin sırasına Dədə Qorqud parkındakı hovuz da əlavə olundu. Təbrik edirəm. Halbuki, bunlara düzgün yer seçilsə estetik baxımdan bəlkə uğurlu olardı. Məsələn, bayraq dirəyini zirvədə, “pinqvinləri” dənizin qırağında, avtovagzalı isə normal düzənlikdə təsəvvür edin. Dədə Qorqud parkında isə hovuz yox, süni dağ yaratmaq məntiqli idi, çünki dastan az qala bütünlüklə dağlarda, dağətəyində baş verir.

Gələk heykələ. Bu heykəli Görüş Babayev adlı heykəltəraş qayırıb. Əcaib bir bürünc tökmədir, heç bir estetik gözəlliyi, yeniliyi olmayan yayğın əşyadır. Elə bil hansısa uşaq qurğuşun əridib yerdəki çalaya doldurub. Bu, bir növ Görüş müəllimin stilidir, çünki Nizamiyə Sankt-Peterburqda ucaldılan heykəli də eyni üsulla düzəldib. Olsun, biz heykəltəraşın stilinə qarışa bilmərik. Ancaq tədbirdə heykəltəraşın qısa çıxışından məlum oldu ki, ona bu işi prezident şəxsən tapşırıb. Niyə axı? Bəyəm yaxşı olmazdı ki, Dədə Qorqudun abidəsini hazırlamaq hansısa müsabiqə yolu ilə olsun, bu prosesdə xalqın böyük hissəsi iştirak eləsin? Bu, qədim oğuzların hansısa işi məşvərətlə, səsvermə ilə, demokratik üsulla həll etməsi qaydasına da uyğun olardı. 

Ümumiyyətlə, hiss olunur ki, Görüş müəllim deyəsən heç “Kitabi-Dədə Qorqud”u oxumayıb, əks halda “abidə”nin bir neçə yerinə Simurq quşunu həkk etməzdi. Əlaqəsi olan varsa hörmətli heykəltəraşa çatdırsın: bu quş ayrı nağıldandır.

Əlbəttə, o ərazinin cəmi 100 metrliyində Koroğlunun heykəli də var və ona baxanda Dədə Qorqudun bəxtinin bir qədər gətirdiyini söyləyə bilərik. Çünki o heykəl ümumiyyətlə cizgi filmidir. Həm də deyirlər Koroğlunu düzəldən sənətkar qəsdən bunu prezidentin baş cangüdəni Bəylər müəllimə oxşadıbdır. Şəkillərdən aydın görünmürdü, hər halda ümid edirəm Dədə Qorqudun üz cizgilərini də Vasif Talıbovdan, götürməyiblər. Diplomatik Akademiyanın rektorundan götürülsə - bu başqa məsələ...

Bizə qoşulun