İş bilən adam ayrıdır. Məmur oldunsa, gərək, oxumuş adamlar demişkən, subordinasiya qaydalarına riayət edəsən, iyerarxiya münasibətlərini gözləyəsən, ssenarini, protokol haqq-hesabını pozmayasan.
Misir müəllim belə etməzdi. Cənab Mərdanov hər şeyin qaydasını, təhərini, sabiq əməkdaşımız Məhəbbət demişkən, yolunu, yolağasını bilən adam idi. O, iclasda birinci kimin məktubunu oxunmağın vacib olduğunu da bilirdi, məruzənin neçənci abzasında kimdən sitat gətirməyi də, hələ desəniz, yeyib-işmək ziyafətinin axırında külləmə kartofun süfrəyə nə vaxt gətirilməli olduğunu da.
Amma budur, yeni nazir dünən müəllimlərin qurultayında nə edib? Özünün etirafı belədir:
“Mən bütün qurultay iştirakçılarından çox üzr istəyirəm. Çünki qurultayın ssenarisini, planını pozdum. İlk olaraq Prezident Adminstrasiyının nümayəndəsi İlham Əliyevin təbrik məktubunu oxumalı idi. Amma mən ilk çıxış elədim. Buna görə də üzr istəyirəm”.
Yeni nazir dedik, bağrımıza basdıq, bu da gəlib qurultayın ssenarisini, planını pozur. Vallahi, belə qəbahət hərəkətlərə görə adamı dərhal işdən götürərlər. Məsələn, bu məşum səhvi Cabbarov yox, Mərdanov, hətta oddayanmaz, sudabatmaz Abutalıbov buraxsaydı, bu dəfə heç nəyə baxmazdılar, onu dərhal işdən çıxarardılar.
Cabbarovu bu gün işdən çıxarmırlarsa, o da ona görədir ki, yenidir, ili tamam olmayıb, üstəlik, gəncdir, təcrübəsizdir. Cavanlığına keçirlər.
Eyni hərəkəti qoca qurdlardan hansı etsəydi, bunu bəlkə də hakimiyyətə qarşı çıxmaq kimi tövsif edərdilər, adamın torbasını elə tikərdilər ki, bilməzdi ölkə 39-42-ci paralellərdə yerləşir, yoxsa ekvator xəttinin üzərində.
Sizcə, Şimali Koreyanın gənc lideri üçüncü Kim (onun da adını gah Kim Çen In, gah Kim Çonq Un, gah da Kim Çun İn yazırlar - ad-soyadın bircə Kim hissəsi dəyişmir) atasının yeznəsini, türkün sözü, əniştəsini niyə edam etdirdi? Belə şeylərə görə. Heç demə, Kimin bibisi Huyun əri, yaşlı-başlı, ağsaqqal adam, çox xırda protokol qaydalarına riayət etmirmiş. “İtdən betər bu adam” (ifadə Koreya TAc agentliyinə məxsusdur) iclaslarda “ürəkdən”, rus demişkən, “ot duşi” əl çalmırmış. Hətta sonradan iclaslardan çəkilmiş lent yazılarına baxıblar ki, cənab Taek (bədbəxt yeznənin soyadı belədir) nəinki ürəkdən əl çalmır, hətta yanındakılarla müqayisədə çapan çalmağı təxminən1 saniyə tez başa çatdırır. Alçaq! (Bu ifadə də Şimali Koreyada çıxan itidaryönlü “Bizim lider” qəzetinin ibarəsidir). Allah bilir, bir az da axtarsalar, araşdırsalar, məlum olar ki, Taek neçə dəfə hansısa toplantının ssenarisini, planını pozub, dahi rəhbər Kim İr Sendən sitat gətirmədən danışıb.
Koreyanın şimalında belə şeylər bağışlanmır, qardaşlar. Kim və Kim kimilər oturub fikirləşirlər ki, bu gün çıxışında sitat gətirməyən, ürəkdən çapan çalmayan adam sabah gedib Mərkəzi Kəşfiyyat İdarəsinə işləyər, ölkənin nüvə raketlərinin harada saxlandığını deyər, Yaponiyaya, rusların sözü olmasın, sukalıq edər və s. Beləsinin cəzası nədir? Edam.
Bizim ölkə, əlbəttə ki, Şimali Koreyadan çox fərqlənir, bizdə edam cəzası yoxdur, üstəlik, dövlət məmurları bir sıra vacibatları (böyük-kişik yeri bilməyi, ürəkdən çapan çalmağı, baş əyməyi, lazımi günlərdə kədərlənməyi, yerə gələndə qol götürüb oynamağı, iclas keçirməyi ) yaxşı bilirlər. Onlar hələm-hələm belə səhvlərə yol verməzlər. Amma bir də görürsən ki, bax, dünənki kimi səhvlərə yol verənlər də olur. Belələrinə nə ad verəsən?
Hələ yaxşı ki, cənab Cabbarov öz səhvini vaxtında görən, onu fərq edən və düzəltməyə çalışan adamdır. İndi xaricdə oxumağın, ingiliscə bilməyin faydasını gördünüzmü? Başqa vaxt deyirdiniz, nə olsun ki, Amerikada oxuyub. Gənc nazirimiz Amerika təhsili almış olmasaydı, səhvini etiraf etməyə cəsarət göstərərdimi?
Düzdür, onda onun əslində çox böyük bir səhv buraxmış olduğunu geniş ictimaiyyət bilməyəcəkdi, amma bilənlər biləcəkdi...
Elə yazıq Taek də qurultayda ürəkdən əl çalmayanda düşünürmüş ki, bu basırıqda onun ürəkdən əl çalmadığını kim biləcək. Ta demirmiş ki, Kim biləcək. Bəlkə də yazıq vaxtında üzr istəsə, üçüncü Kim ona deyərdi, yeznə, qurban olasan bibimə...