Medianews.az
 Avropa açılımı - həm də Qarabağ naminə...
397 baxış

Avropa açılımı - həm də Qarabağ naminə...

Sabah Vilnüsdə Azərbaycanın da taleyinə təsirsiz ötüşməyəcək zirvə toplantısı işinə başlayacaq. Avropa Birliyinin (AB) növbəti  genişlənmə sammitində postsovet ölkələrindən ən azı ikisinin - Gürcüstan və Moldovanın quruma assosiativ üzvlük sazişini  imzalayacağı gözlənilir. 
 
Ukrayna sənədə qoşulmağı təxirə salsa da, ondan imtina da eləməyib. Yəni əsas sual açıq qalır. Azərbaycan isə yəqin ki, qərarını  rəsmi Kiyevlə uzlaşdıracaq. Prezident İlham Əliyevin sammit ərəfəsində Ukrayna etdiyi səfər böyük ehtimalla ən əvvəl bu məsələ ilə  bağlı “saat əqrəblərini tutuşdurmağa” və sinxron hərəkət etməyə hesablanmışdı.
Vilnüs zirvəsi bir neçə aspektdən mühüm geosiyasi əhəmiyyət daşıyır. Əvvəla, Ukrayna ilə Azərbaycan Rusiyanın patronajlıq etdiyi  MDB-də iqtisadi-siyasi çəkiləri böyük olan açar dövlətlərdir və onların üzünü Qərbə, demokratik dünyanın əsas siyasi-iqtisadi  strukturu olan AB-yə (ardınca hərbi struktur NATO-ya) tutması nəinki MDB-nin, bütövlükdə Gömrük İttifaqı və Avropa Birliyinin  perspektivini, SSRİ-ni hansısa qiyafədə bərpa eləmək ümidlərini basdıracaq. 
 
Paralel surətdə təbii ki, Amerikanın projesi sayılan və dörd keçmiş sovet respublikasını - Gürcüstan, Ukrayna, Azərbaycan,  Moldovanı birləşdirən GUAM blokunun önəmi birə-beş artırmış olacaq. Artıq blokun iki üzvü - Gürcüstan və Moldova tarixi sənədi  imzalayıb Rusiyanın siyasi-hərbi təsir zonasından tam üzülüşməyin bir addımlığındadırlar. Bunun üzərinə Ukraynanın da  Avrointeqrasiya qərarını gəlsək, şimal qonşumuzun halının necə olacağını təsəvvür eləmək olar.  
      
Bu üzdən heç bir strateji əhəmiyyət daşımayan cırtdan Ermənistanın Gömrük İttifaqına qoşulması Kremldən ötrü böyük hadisə olmadı,  ola bilməzdi. Avrasiya Birliyi ideyasının yaşayıb-yaşamayacağı İrəvanda, Minskdə deyil, Kiyevdə və Bakıda həll olunur. Odur ki,  Ukrayna rəsmilərinin sənədin imzalanacağı təqdirdə AB-dən Kremlin iqtisadi və başqa sanksiyaları, habelə daxili təxribatlarına  qarşı maliyyə-siyasi zəmanət istəməsi məntiqlidir. Kiyev artıq öz şərtlərini açıqlayıb. Onların sayı əsasən ikidir və heç də  reallaşması mümkün olmayan deyil.   
 
Analoji zəmanət əlbəttə ki, Qərbin enerji maraqlarının təmin edilməsində mühüm rola malik Azərbaycana vəd edilməlidir. Həm də daha  sanballı. Çünki Rusiya kimi yırtıcı bir dövlət Azərbaycana qarşı Qarabağ hesabına olduqca təhlükəli təzyiq rıçaqına da malikdir. 
 
Söz düşmüşkən, Ermənistanın Gömrük İttifaqına girmək qərarının ardınca Azərbaycan AB-nin assosiativ sazişinə qoşulması Qarabağ  məsələsi ətrafında xeyrimizə yeni və əlverişli situasiya yarada bilər. Yaddan çıxarmayaq ki, bu qəbildən olan münaqişələrin  həllində son və qəti söz həmişə Qərbə, ABŞ-a, onların dominantlıq etdiyi beynəlxalq təşkilatlara məxsus olub. 
 
Kosovo konfliktinin yekununu, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq məsələsində Rusiyanın faktiki, tək qalmasını  xatırlayın. İran kimi oturuşmuş və güclü bir dövləti sırf iqtisadi-maliyyə sanksiyaları ilə sındırıb üzüyola edən Qərbin yanında  olmaq, onunla ortaq (ümumbəşəri) dəyərləri və maraqları bölüşmək hər şey qırağa, Qarabağı, itirilmiş digər torpaqlarımızın  Azərbaycan tərkibinə qaytarılmasını sürətləndirərdi. 
Lakin Azərbaycanın minimum itkilərlə AB-yə qoşulması heç şübhə yox ki, həm də ölkə daxilində milli və vətəndaş barışın  reallaşmasından, iqtidar-müxalifət, iqtidar-media, iqtidar-QHT münasibətlərinin vaxt itirmədən normal məcraya salınmasından, o  sırada hər cür siyasi təqiblərə son qoyulmasından asılıdır. 
 
Bu xüsusda prezident İlham Əliyevin redaktorlarla son görüşü zamanı müxalifətə, cəmiyyətə ünvanladığı pozitiv mesajlar, belə demək  mümkünsə, konturlarını cızdığı açılım anonsu nikbinlik yaradır. Ümid edək ki, bunlar quru vəd olaraq qalmayacaq... 
Azərbaycan Qarabağın da taleyinə izsiz ötüşməyəcək tarixi seçimin astanasındadır. Bu seçimin doğru-dürüstlüyü birinci növbədə  siyasi hakimiyyətin daxilə hesablanmış ölçülü-biçili və islahatçı gedişlərindən asılı olacaq. 

Bizə qoşulun