"Toy vaxtı nəinki çay, heç su da verilməzdi heç kəsə. O ki qulaq asanlar var, biri su içir, biri çay içir, fikri dağılır, musiqi itir. Niyə görə qabaqlar aşıq məclislərində bir dastanı on yaşında uşaq iki dəfə eşidirdi, əzbər qalırdı yadında? Çünki kənar səs-küy yox idi. Eşidilən qəbul edilirdi. İndi əlində kabab oturub "Çahargah"a qulaq assa, ondan nə anlayar? Ona görə də əvvəllər toyxanada yemək yeri ayrı idi, musiqi yeri ayrı. Axır beş-on ildə qatdılar bir-birinə. Onu demək istəyirəm ki, musiqi Allahdan gəlir. Xanəndənin səsini verən Allahdır. Onu insanlara sevdirən Allahdır. Allahınıza hörmət edin!"
Medianews.az xəbər verir ki, bunu tarixçi-etnoqraf, professor Təvəkkül Səlimov Oxu.Az-a videomüsahibəsində deyib.
Hər bir xalqın kimliyi onun tarixində, adət-ənənələrində və mədəni dəyərlərində yaşayır. Azərbaycan xalqı da əsrlər boyu formalaşmış zəngin ənənələri, mərasimləri və bayramları ilə seçilib. Bəs müasir dövrdə, qloballaşmanın və sürətlə dəyişən həyat tərzinin təsiri altında biz milli dəyərlərimizi nə dərəcədə qoruyub-saxlaya bilirik?
Professor Təvəkkül Səlimovla müsahibədə də bu və digər vacib mövzular müzakirə olunub. O, son illərdə yox olmaq təhlükəsi ilə üz-üzə qalan ənənələrdən danışıb, müasir toy mərasimlərində milli elementlərin azalmasının, Novruz bayramının qədim fəlsəfəsi və bu gün onun necə dərk olunmasının səbəblərini izah edib. Professorun sözlərinə görə, keçmişdə həm kəndlərdə, həm də şəhərlərdə keçirilən Novruz mərasimləri daha zəngin və kollektiv ruhda olub.
Diqqətçəkən məqamlardan biri də müsahibimizin cəmiyyətimizdə toyların, bayramların və mərasimlərin getdikcə daha çox israf xarakteri daşıması ilə bağlı fikirləridir. O, bu tendensiyanın milli dəyərlərə təsiri və nəticələrinə toxunub.