Azərbaycanda son iki ayda heyvanlar arasında dabaq xəstəliyinin yayılmasının çox ciddi iqtisadi zərərləri gözardı edilir.
Təəssüf ki, nə bu zərəri hesablayan var, nə işlək sığorta-kompensasiya mexanizmi var, nə də az qala heyvandarlıqda epidemiya sayılacaq bir miqyasa çatmasına görə məsuliyyət daşıyan var.
İqtisadi zərərlərdən başlayım.
Nə qədər heyvanın tələf olduğu, yaxud xəstəlik qorxusundan dəyər-dəyməzə satıldığı barədə hər hansı statistika əldə etmək şansımız yoxdur. Güman ki, statistikanı manipulyasiya və təhrif alətlərinə çevirənlər üçün heç belə statistikanı toplayıb ictimailəşdirmək də sərfəli deyil. Gerçək statistika həm də məsuliyyət deməkdir: real faktları toplayıb cəmiyyətə açıqlayırsansa, üzərinə düşən vəzifələri də etməlisən, hətta lazımdırsa, cəza da almalısan.
Zərər bununla da bitmir. Xəstəliyə tutulan südlük heyvanlardan günlərlə süd sağılmır və fermerlər bundan nə qədər itirir.
Ət qıtlaşdığı üçün bahalanma istehlakçıların cibindən artıq pul çıxarır.
Heyvanların tələf olması heyvandarlığın istehsal potensialını zəiflədir və ortamüddətli dövrdə onsuz da azalmaqda olan istehsalı daha da azaldır.
Zərəri qarşılamaq üçün sığorta mexanizminin olduğunu deyənlər tapılacaq yəqin. Bizdə aqrar sığortanın nə dərəcədə çevik, şəffaf və bürokratiyadan uzaq olduğuna dair nəsə demək istəmirəm. Ən azı ona görə ki, bu tamamən ayrı mövzudur, çalışaram sonra onu ayrı yazım. Digər tərəfdən, bəziləri əsas mövzunu qoyub məsələni başqa tərəfə dartmağa çalışacaq.
Amma bu gün dünyada məhz çevik və bürokratiyadan uzaq aqrar sığorta mexanizmi çalışır ki, o da bizdə yoxdur. Halbuki heyvandarlıqdakı genişmiqyaslı dabaq xəstəliyi şəraitində dəyən zərəri ödəyə bilərdi. Söhbət "indeks əsaslı sığorta" mexanizmindən gedir. Bu sığortanın mahiyyəti belədir: bəlli bir coğrafiyada heyvanlar arasında xəstəliyin yayılma səviyyəsi "yoluxma indeksi" kimi müəyyən edilən göstəricinin, tutaq ki, 25 və ya 30%-ni aşırsa, həmin coğrafiyada kütləvi sığortalama mexanizmi işə düşür. Çevik bir şəkildə, bürokratik əngəllərlə üzləşmədən, uzun-uzadı təftiş olmadan sığorta mexanizmi kompensasiyanı ödəyir.
Bunun başqa versiyaları da var, yəni təkcə yoluxucu xəstəliklərlə bağlı deyil. İqlim riski əsaslı indekslərə bağlı sığorta da var. Tutaq ki, bəlli bir coğrafiyada yağıntı normasından 40-45% aşağı yağıntı düşürsə, bu, quraqlıq yaratdığı, yem bazasını daraltdığı və heyvanların kütləvi satışı və ya məhvolma riskini yüksəltdiyi üçün sığorta mexanizmi araya girir.
Şübhəsiz ki, bu tip mexanizmlərin işləməsi üçün pafos və populizmdən uzaq strateji idarəetmə vizionu olmalıdır.
Qaldı məsələnin lap başda qeyd elədiyim ikinci tərəfi: baş verənlərə görə məsuliyyət daşımaq. Təbii ki, söhbət ilk növbədə baytarlıq sahəsində dövlət siyasətini həyata keçirən qurumlardan gedir.
Dabaq xəstəliyinin bu qədər sürətlə və geniş yayılmasının potensial olaraq çoxlu səbəbləri var. Məsələn, peyvəndləmənin əhatə dairəsinin aşağı olması. Normalda bütün heyvan bazasının 90-95%-ni əhatə etməlidir, əgər 40-50%-i əhatə edirsə, epidemiyaya çevrilmək riski artır.
Yaxud peyvəndləmə 6 ay intervalla aparılmalı olduğu halda, buna nə dərəcədə əməl edilir?
Dərmanların keyfiyyətli olduğuna, istifadə müddətinin bitmədiyinə effektiv və etibarlı nəzarət sistemi varmı?
İdxal olunan diri heyvanların tələb olunan müddətdə karantində qalması təmin edilirmi?
Bu kimi sualların cavabı məsuliyyəti müəyyən etməyə imkan verə bilər.
Amma ictimai nəzarətin tamamən sıradan çıxarıldığı mühitdə təkbaşına bürokratik nəzarət yalnız bürokratiyanın maraqlarını qorumağa xidmət edəcək.
Rövşən Ağayev,
İqtisadçı
