Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünya miqyasında böyük maraq doğurub. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin yaydığı məlumata görə, indiyədək forumda iştirak üçün 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.
Qurumdan Medianews.az-a bildirilib ki, bu yüksək göstərici WUF13 ətrafında artan beynəlxalq marağın və daha təhlükəsiz, inklüziv, dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində ortaq qlobal öhdəliyin göstəricisidir.
“Bu güclü qlobal reaksiya WUF13 ətrafında artan marağı, həmçinin daha təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin və icmaların formalaşdırılmasına yönəlmiş ortaq öhdəliyi əks etdirir. Bakı dünyanı qarşılamağa hazırdır”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, forum mayın 17-22-də Bakıda keçiriləcək. Tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığı çərçivəsində təşkil olunur. Forum çərçivəsində dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər”, innovativ şəhər həlləri və beynəlxalq təcrübə mübadiləsi əsas müzakirə mövzuları olacaq.
Forumla bağlı Medianews.az saytının təsisçisi Ələsgər Süleymanov da paylaşım edib.
O, sosial media hesabında WUF13 kimi mötəbər beynəlxalq tədbirin Medianews.az tərəfindən də işıqlandırılacağını bildirib.
Ələsgər Süleymanov paylaşımında “#WUF13 kimi mötəbər tədbiri Medianews.az da qürurla işıqlandıracaq. Burada təşkilatçılıq yüksək səviyyədədir. Xeyirli-uğurlu olsun!” sözlərini qeyd edib.
Xatırladaq ki, WUF13 forumunda dünyanın müxtəlif ölkələrindən nümayəndələr, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcək.
