Ukrayna ordusu tabeliyində silahlı qüvvələrin yeni növü - Kiberhücum Qüvvələri yaradılır. Bununla bağlı qanun layihəsi artıq Ukrayna parlamentində birinci oxunuşda qəbul olunub. Ukraynanın müdafiə naziri Denis Şmıqal layihə barədə məlumat verərkən deyib ki, yeni qoşun növünün yaradılması prosesində Böyük Britaniya və Türkiyə ilə əməkdaşlıqdan da istifadə olunacaq. Ukraynanın Kiberhücum Qüvvələri dövlətin kiberfəzada müdafiəsinə cavabdeh olacaq.
Kiberhücum – cinayət sayılır. Ancaq münaqişədə olan ölkələrin vaxtaşırı bir-birinə kiberhücumlar etdiyi heç kimə sirr deyil. O da sirr deyil ki, bu cür hücumların əksəri dövlət səviyyəsində təşkil olunur.
Ukraynada kiberhücumun legitimləşdirilməsi qlobal xarakter ala bilərmi? Yəni bütün dünyada bir dövlətin digər dövlətə kiberhücumla cavab verməsi artıq açıq-aşkar formada həyata keçirilən bir prosesə çevrilə bilərmi? Azərbaycanda da Kiberhücum Qüvvələrinin yaradılmasına ehtiyac varmı?

Medianews.az-ın suallarını cavablandıran hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ukrayna ordusu 2025-ci ilin sonuna qədər silahlı qüvvələrin heyətində bir sıra yeni növ qoşun birləşmələri hazırlayır: “Onlardan biri Kosmik Qoşunlardır, digəri Kiberhücum Qüvvələridir. Əlbəttə ki, bununla bağlı qanunvericilik bazası olmalıdır. Ukrayna da bu qanunvericilik bazasını parlamentdə qəbul edir. Keçmiş baş nazir, hazırda müdafiə naziri Denis Şmıqal da bu layihələrin önəmini qeyd edir. Kiberhücum Qüvvələri təkcə Ukraynanın gücünə deyil, o cümlədən Ukraynaya müttəfiq olan Böyük Britaniyanın, Türkiyənin, açıq deyilməsə də, ABŞ mütəxəssislərinin təcrübəsindən istifadə olunmaqla yaradılır.
Kiberhücum çox güclü silahdır. Düşmənin müdafiə və döyüş qabiliyyətini zəiflətmək gücündə olan bir silahdır. Bəli, kiberhücum beynəlxalq cinayət sayılır. Amma bu gün BMT-nin üzvü olan 200-dək ölkənin bəzisi kiberhücumdan qarşı tərəfə təzyiq kimi istifadə edir. Ona görə də bir çox dövlət əvvəllər kəşfiyyata milyardlarla vəsait xərcləyirdisə, indi çalışır ki, vəsaiti həm də kiberhücuma yönəltsin, lazım gələndə internet üzərindən, ayrı-ayrı ölkələrin sosial seqmentləri üzərindən hücum həyata keçirə bilsin. Başlıca məqsəd, sözsüz ki, silahlı qüvvələrdən, xüsusi xidmət orqanlarından vacib məlumatları əldə etmək və yaxud onların fəaliyyətinə maneə törətməkdir. Ukrayna bütün işlərini elə quracaq ki, öz kiberhücumlarını qanuniləşdirsin, yəni ona legitim ton versin”.

Rusiya ilə Ukrayna arasında qanlı müharibənin dörd ilə yaxındır davam etdiyini xatırladan hərbi ekspert vurğulayıb: “Tərəflər müharibədə bütün elementlərdən istifadə edirlər, o cümlədən kiberhücumlardan. Azərbaycanda kiberməkanın qorunması ilə məşğul olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti var. Xidmətin rəisi general-leytenant İlqar Musayev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı qeyd edib ki, hazırda kiberhücumlar dövlətlərin milli təhlükəsizliyi məsələsidir, ona görə Azərbaycanda da bu sahəyə diqqət artırılır. Yəni bizdə dövlət səviyyəsində kiberməkanın müdafiəsi işləri həyata keçirilir. Faktiki bu da bir növ kiberqüvvə deməkdir.
Birbaşa Kiberhücum Qüvvələrinin yaradılmasına gəlincə, ola bilsin, gələcəkdə belə qüvvələrin formalaşdırılması məsələsi qloballaşandan sonra Azərbaycanda da oxşar addım atılsın. Amma mənə gəlir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti öz üzərinə düşən vəzifəni yerinə yetirir. Ölkəmizə yönəlmiş kiberhücumların qarşısı alınır, o cümlədən güc strukturları üçün önəmli sahələrin müdafiəsinə diqqət gücləndirilir. Bir sözlə, Azərbaycanda bu sahədə mühüm işlər görülür”.
Ukraynada kiberhücumların leqallaşdırılması məsələsini Denis Şmıqaldan əvvəlki müdafiə naziri Rüstəm Umerovun da qaldırdığını yada salan Üzeyir Cəfərov bildirib ki, bu ölkədə ilin sonunadək formalaşdırılacaq Kiberhücum Qüvvələrinin raketlərdən, dronlardan az iş görməyəcəyinə əmindir: “Hesab edirəm ki, bu, XXI əsrin tələblərinə uyğun verilmiş bir qərardır”.
Nailə Qasımova, 
Medianews.az