ABŞ (İsrail)-İran hərbi qarşıdurması fonunda qonşu Ermənistanda “müharibə partiyası”nın təmsilçiləri yavaş-yavaş təmərküzləşməkdədir. Hərgah, onlar bu “yarlığı” yaxına buraxmaq istəmirlər. Niyə?
Ona görə ki, “müharibə” ağır sözdür və qarşıdakı kritik parlament seçkilər ərəfəsində ictimai rəydə əks-effekt verə, radikal-revanşist qüvvələrin əleyhinə işləyə bilər. Hər necə olmasa, erməni toplumu növbəti dağıdıcı savaşa tuş gəlməkdən ehtiyat edir. Düz də edir.
O səbəbə “müharibə partiyası” öz təbliğatını bu tezis üzərində qurmağa çalışır ki, guya hakimiyyətin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində “real Ermənistan” qurmaq kursu təslimçilik və rüsvayçılıqdır, Bakı və Ankaranın “əlinə işləməkdir”, onlar isə erməni xalqına “layiqli və daha yaxşı sülh” arzu edirlər. Necə? Çox sadə:
1. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı indiki konstitusiyanı saxlamaqla (yəni, iki müharibəyə gətirmiş torpaq iddiaları bitməyəcək);
2. Zəngəzur dəhlizinə (Tramp marşrutuna) qarşı çıxmaqla;
3. Azərbaycan və Türkiyə ilə barışığı rədd eləmək və Türkə nifrəti körükləməklə;
4. Rusiyanın regionla bağlı məkrli planlarına və narrativlərinə dəstək və vasitəçi olmaqla.
Göründüyü kimi, ölkəni Azərbaycanla növbəti savaşa sürükləyəcək son dərəcə təxribatçı və sarsaq bir mövqe. Müharibə tərəfdarının buynuzu-zadı olmur ki...
Hərçənd, Ermənistandakı avantürist qüvvələrin vahid koalisiya yaratması mümkünsüz görünür. Çünki şəxsi və qrup iddiaları imkan vermir. Hər fraksiya özünün liderini yeni baş nazir qismində görür.
Artıq sabiq prezident, azərbaycanlılara qarsı etnik təmizləmə ilə fəxr edən Levon Ter-Petosyanın “Milli Konqres” partiyası da iki gün öncə qurultay keçirərək, öz namizədini müəyyən edib – müavini Levon Zurabyan. Bununla belə, qurultay hazırda ev dustaqlığında olan rusiyalı oliqarx-milyarder Samvel Karapetyanın hərəkatına qoşulmağı da istisna eləməyib...

Baş nazir Nikol Paşinyan isə, şübhəsiz, “müharibə partiyası”nın bu qəbil hərəkətlənmələrini və hiyləgər manevrlərini görür. Onun əlindəki ən güclü “kozr” da bəlli: “qoyun cildinə girmiş” qoca və cavan “canavarları” “real Ermənistan” gündəmi ilə ifşa eləmək. Onların maskalarını yırtıb cəmiyyətə olduğu kimi göstərmək. Yekun etibarı ilə seçicinin seçimini asanlaşdırmaq.
Qarşıdakı seçkilər və konstitusiya referendumunda uğur qazanmağı tək yolu bu. Paşinyan son çıxışlarının birində bu xüsusda beləcə də deyib ki, bəziləri “fərqli sülh” və ya “başqa bir sülh” haqqında danışarkən, əslində, “daha yaxşı sülh uğrunda” müharibəni nəzərdə tuturlar ki, bu da cəfəngiyatdır.
“Onlar deyirlər: biz sülhün əleyhinə deyilik, amma fərqli sülhün tərəfdarıyıq. Bu, elə sülhdən uzaqlaşmaq, ondan yayınmaqdır. Bu, müharibə deməkdir – “daha yaxşı sülh” üçün müharibə. Birbaşa belə söyləmirlər, amma gerçəkdə belədir. Bu insanların çıxışlarını təhlil edərək mən aşağıdakı nəticəyə gəlirəm: onlar müharibə istəyirlər”, – erməni baş nazir vurğulayıb.
Paşinyanın yuxarıdakı açıqlaması həm də onun göstəricisidir ki, o, cəmiyyətin mühüm bir hissəsində revanşist ovqatın qaldığını bilir və narahatdır. Çünki bu təbəqə seçkilərdə və referendumda müharibə tərəfdarlarına səs verməyə hazırlaşır. Odur ki, indidən onları mümkün nəticələr barədə xəbərdar edir.
Bu, sözsüz ki, həm də Bakının erməni toplumuna ismarışıdır. Zira, “əlcək” eyni zamanda, Azərbaycana atılıb...
Zahid SƏFƏROĞLU