Medianews.az
Rusiyanın məşhur internet xidməti çökdü
913 baxış

Rusiyanın məşhur internet xidməti çökdü

Sentyabrın 9-u səhərdən Rusiyanın məşhur Mail.Ru xidməti ciddi texniki problemlərlə üzləşib.

Medianews.az xəbər verir ki, istifadəçilərin şikayətlərinin sayı kritik həddə çatıb.

Sistemdəki nasazlıq faktiki Rusiyanın bütün ərazilərini əhatə edir.

İstifadəçilər Mail.Ru-nun təqdim etdiyi xidmətlərə, o cümlədən poçt xidmətinə daxil ola bilmədiklərini, əsas funksiyaların tam gücüylə işləmədiyini, şəxsi kabinetlərə girişdə ciddi problemlərin baş qaldırdığını vurğulayırlar.

Mail.ru Rusiyanın ən iri internet şirkətlərindən biridir. 1998-ci ildə yaradılıb. Əvvəlcə əsasən elektron poçt xidməti kimi fəaliyyət göstərib. Mail.ru poçtu Rusiyada və digər MDB ölkələrində ən populyar e-mail xidmətlərindən birinə çevrilib.

Zamanla şirkət böyüyərək başqa xidmətlər də təqdim etməyə başlayıb. Mail.ru şirkəti uzun müddət “Odnoklassniki”, “VKontakte” kimi sosial şəbəkələrin də sahibi olub.

2010-cu illərdə şirkət “Mail.ru Group” adını alıb və Moskva birjasında listinqə çıxarılıb. 2021-ci ildə şirkət öz brendini dəyişərək VK (VKontakte) adı altında fəaliyyətini davam etdirməyə başlayıb, lakin çoxları hələ də onu köhnə adı – Mail.ru – ilə tanıyır.

Şirkət hazırda xəbər, axtarış, hava proqnozu, oyunlar və digər onlayn xidmətlərə də sahibdir. “Mail.ru Games” vasitəsilə onlayn və kompüter oyunlarının yayımı həyata keçirilir. Şirkətin messencerləri və müxtəlif mobil tətbiqləri də var.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun