Son günlər Azərbaycanda mina partlayışları nəticəsində həyatını itirənlər oldu. Bu vəziyyət təhlükəsizliyin təmin olunması və minalardan təmizləmə işlərinin sürətləndirilməsi məsələsini daha da aktuallaşdırır. İnsanların həyatına son qoyan bu təhlükə, eyni zamanda sosial və iqtisadi fəsadlar da yaradır. Mina təhlükəsini minimuma endirmək üçün hansı əlavə tədbirlər görülməlidir?

Gündəm mövzusu ilə bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Medianews.az-a geniş açıqlama verib.
Onun sözlərinə görə, ölkə başçısının tapşırığı və sərəncamına əsasən, 2021-ci ildə ANAMA yenidən quruldu. Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi də mina təmizləmə prosesinə cəlb olundu. Bundan əlavə, 4 milli kommersiya qurumu minaların təmizlənməsini həyata keçirir, bir QHT isə uzun illərdir bu sahədə fəaliyyət göstərir:
“Hazırda humanitar mina təmizləməsində bütün beynəlxalq metodlar ölkəmizdə tətbiq olunur. Həm əllə, həm mexaniki vasitələrlə, həm də məsafədən idarə olunan xüsusi texnika və mina axtaran itlərin köməyi ilə əməliyyatlar aparılır. Bu istiqamətdə mühüm nəticələr əldə edilsə də, təəssüf ki, mina partlayışları hələ də baş verir. Demək olar ki, işğaldan azad olunmuş ərazilərdə hər ay yeni mina qurbanları ilə bağlı məlumatlar alırıq.
Beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycandakı mina probleminə biganə yanaşdığını demək olmaz. Çünki həm ölkələrin rəsmi nümayəndələri ilə, həm də beynəlxalq təşkilatların nümayəndələri ilə mütəmadi işləmək zəruridir".
H.Səfixanov ötən həftə təşkilat rəhbəri olaraq Cenevrə şəhərində Kasetli Silahlara dair Konvensiyaya üzv ölkələrin 13-cü illik konfransında QHT nümayəndəsi qismində iştirak etdiyini bildirdi:
“Konfrans çərçivəsində Türkiyə, İtaliya, Norveç, Macarıstan, Avstriya, Fransa, Yaponiya, Almaniya, Çexiya, İsveç, İsveçrə, Belçika, Birləşmiş Krallıq, Kanada və Sloveniya hökumətlərinin rəsmi şəxsləri, eləcə də Avropa İttifaqının nümayəndəsi ilə görüşdüm. Bundan başqa, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya və Kasetli Silahlar Əleyhinə Koalisiyanın rəhbərliyi, Kasetli Silahlar Hesabatının müəllifləri, Humanitar Mina Təmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin əməkdaşları, BMT-nin Mina Fəaliyyəti Xidmətinin direktoru və “Mine Action Review” hesabatının rəhbəri ilə görüşlərimiz oldu. Bu görüşlər ərəfəsində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihəmiz çərçivəsində hazırlanmış “Azərbaycanda kasetli silahlar problemi” adlı hesabatı 2 dildə: Azərbaycan və ingilis dilində hazırlamışıdıq. İngilis dilində olan variantı həmin şəxslərə təqdim etdim. Hesabat böyük maraqla qarşılandı, gələcək fəaliyyətlərdə istifadə olunacağı bildirildi. Bütün bunlar göstərir ki, bir sıra beynəlxalq təşkilatlar və ölkələr artıq Azərbaycanda mina təmizləmə məsələsinə daha ciddi yanaşmağa başlayıblar. Bu, müəyyən maliyyə dəstəklərində də öz əksini tapır. Lakin təəssüf ki, ayrılan maliyyə yardımları problemin miqyasına hələlik adekvat deyil”.
Sonda H.Səfixanov Azərbaycan vətəndaşlarına müraciət edib:
“Qarabağa Böyük Qayıdış prosesi sürətlə gedir. İnsanlar təhlükəsizlik qaydalarına ciddi riayət etməli, maarifləndirmə proqramlarında verilən təlimatlara əməl etməlidirlər. Heç bir halda şəxsi təşəbbüslə mina sahələrinə daxil olmaq və ya özbaşına fəaliyyət göstərmək olmaz. Təəssüf ki, bəzi vətəndaşlarımızda məsuliyyətsizlik müşahidə olunur və bu da acı nəticələrə gətirib çıxarır.
Xahiş edirəm ki, bütün vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi yanaşsın. Bu gün Azərbaycanda mina qurbanlarının sayı Qafqazın digər regionlarından daha çoxdur və təəssüf ki, bu göstərici artmaqda davam edir”.
Oğuz Ayvaz,
Medianews.az