Medianews.az
“Facebook”, “X”, “YouTube”...
1,331 baxış

“Facebook”, “X”, “YouTube”... - Bu ölkədə bloklandı

Nepal hökuməti əksər sosial şəbəkələrin fəaliyyətini dayandırıb. Medianews.az xəbər verir ki, səbəb həmin platformaların ölkədə rəsmi qeydiyyata düşməkdən imtina etməsidir.

Nepalın rabitə və informasiya naziri bildirib ki, ölkədə geniş istifadə olunan təxminən iyirmi sosial şəbəkə dəfələrlə xəbərdarlıq alsa da, qeydiyyatdan keçməyib. Nəticədə “Facebook”, “X” (keçmiş “Twitter”), “YouTube” və digər platformalar bloklanıb.

Qeydiyyata alınmış “TikTok”, “Viber” və daha üç sosial şəbəkənin fəaliyyətinə isə icazə verilib.

Nepal hökuməti şirkətlərdən ölkədə nümayəndəlik açmağı və ya ən azı əlaqə ofisi yaratmağı tələb edir. Paralel olaraq parlamentə sosial platformaların idarə olunmasını, məsuliyyət və hesabatlılığını təmin etməyə yönəlmiş qanun layihəsi təqdim olunub.

Layihə hələ tam müzakirə olunmayıb və geniş tənqidlərə səbəb olub. Müxalifət və hüquq müdafiəçiləri sənədi senzura aləti, hökumətin tənqidçiləri susdurmaq vasitəsi adlandırır.

Hüquq müdafiəçiləri hesab edirlər ki, yeni qaydalar ifadə azadlığını məhdudlaşdırır, vətəndaşların əsas hüquqlarını pozur.

Rəsmi şəxslər isə bildirirlər ki, sosial şəbəkələr üzərində nəzarət vacibdir. Onların arqumentinə görə, həm istifadəçilər, həm də platforma operatorları yayılan və paylaşılan məzmun üçün məsuliyyət daşımalıdır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun