Medianews.az
Demoqrafik qocalmanı necə dayandıraq? –
1,479 baxış

Demoqrafik qocalmanı necə dayandıraq? – Sosioloqun təklifləri

Dövlət Statistika Komitəsinin hesabatına görə, 1991-2024-cü illər arasında Azərbaycanda qadınların orta yaşı 10,7 il, kişilərin orta yaşı 11 il artıb, başqa sözlə, demoqrafik qocalma gedib.

Müstəqilliyin bərpa olunduğu 1991-ci ildə ölkədə qadınların orta yaşı 25,5, kişilərin orta yaşı 22,8 göstərilib. 2024-cü ilin hesabatında qadınların orta yaşı 36,2, kişilərin orta yaşı 33,8-dir.

Demoqrafik qocalma hansı amillərlə bağlıdır? Proses gələcəkdə əhalinin sayına və tərkibinə, ölkənin sosial-iqtisadi sisteminə necə təsir göstərə bilər?

Medianews.az-ın suallarını cavablandıran sosioloq Elçin Bayramlı deyir ki, sovet dövründən sonra Azərbaycanda yaşlı nəslin sayı artır, gənclərin sayı azalır: “1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum olub, 2024-cü ildə 1000 nəfərə 10 doğum qeydə alınıb. Nikahların sovet dövrünün son ili ilə müqayisədə xeyli azalması, boşanmaların isə artımı heç kəsə sirr deyil”.

Sosioloq qeyd edir ki, sosial-iqtisadi problemlər – yoxsulluq, evsizlik, işsizlik gənclərin ailə qurmasını, ailələrdə uşaq doğumunu əngəlləyir: “Bu tendensiya milli genofondumuzu təhdid edir. Əsas faktor da sosial-iqtisadi problemlərdir. Mənəvi deqradasiyanın da rolu var, amma ən çox gəlir azlığı, yoxsulluq, işsizlik, mənzil problemi mənfi təsirini göstərir. İndi ailələr bir uşağı güclə saxlayıb boya-başa çatdıra bilirlər. Bir toplumun davamlı artımı üçün ailələrdə orta uşaq sayı 3 olmalıdır. Fertillik əmsalı, yəni ümumi nəsilvermə əmsalı aşağı düşdükdə əhalinin qocalması prosesi gedir, gənc nəslin çəkisi azalır, yaşlı nəslin çəkisi artır, bu isə iqtisadi aktivliyi, əmək qüvvəsini azaldır və dövlətin sosial yükünü artırır”.

Elçin Bayramlı əlavə edir ki, bir çox ölkədə əhalinin artımı, çoxuşaqlılığın təbliği üçün müxtəlif sosial dəstək proqramları həyata keçirilir: “Yeni qurulan ailələrə maddi və sosial yardımlar, mənzil üçün uzunmüddətli güzəştli kreditlər, hər uşağa görə birdəfəlik yardımlar, aylıq uşaq pulu verilir, çoxuşaqlı ailələrə əlavə ev və torpaq sahəsi kimi hədiyyələr təqdim olunur. Bizdə bunların heç biri yoxdur. Buna görə də insanlar çoxuşaqlılıqda maraqlı deyillər.

İndi Azərbaycanda çoxuşaqlılıq meyarı 6 uşaqdan başlayır, halbuki bu, real rəqəm deyil. Dəfələrlə təklif etmişik ki, çoxuşaqlılıq meyarı 3 uşağa endirilməlidir. 3 uşaqlı ailələrə maddi və sosial yardımlar, aylıq uşaq pulu, əlavə güzəştlər tətbiq edilməlidir. Bunları etməsək, demoqrafik vəziyyət yaxşılaşmayacaq”.

Sosioloq həmçinin qeyd edir ki, milli-mənəvi dəyərlərin qorunması və mənəvi deqradasiyanın qarşısının alınması da vacibdir: “Müasirlik adı altında gənclərə yönəlmiş mənfi təbliğatlara son qoyulmalıdır. Çünki əhalinin təminatlı hissəsində ailə modelinin zəifləməsi problemi var. Sosial-iqtisadi və mənəvi istiqamətlərdə ciddi tədbirlər görülməsə, yaxın onilliklərdə sürətli əhali azalması və qocalması qaçılmazdır. Gənclərin sayı azalacaq, iqtisadi aktivlik aşağı düşəcək, dövlətin sosial yükü artacaq. 30 il sonra yaranacaq vəziyyətin qarşısını almaq istəyiriksə, fəaliyyətə bu gündən başlamalıyıq. Sosial dəstək proqramları həyata keçirilməli və çoxuşaqlılıq, ailə dəyərləri təbliğ olunmalıdır. Boşanmalar çətinləşdirilməli, ailələrin möhkəmliyi təmin edilməlidir. Əks halda yaxın gələcəkdə ölkə çox ciddi demoqrafik və sosial problemlərlə üzləşəcək”.

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin sayı 0,24 faiz artaraq sentyabrın 1-nə 10 milyon 249 min 500 nəfərə çatıb. 1000 nəfərə 3,4 təbii artım (doğum-ölüm nisbəti), 4,6 nikah, 2 boşanma düşdüyü bəyan olunub. 1991-ci illə müqayisədə 1000 nəfərə təbii artım 6 dəfə, nikah 2,2 dəfə azalıb, boşanma 1,3 dəfə artıb.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun