Medianews.az
Dekabrın 1-dən sonra da telefon işləyəcəkmi, internet olacaqmı? -
3,074 baxış

Dekabrın 1-dən sonra da telefon işləyəcəkmi, internet olacaqmı? - Mobil operatorlar nə deyir?

Dekabr ayınadək bütün telekommunikasiya xidmətlərini dayandırmaq qərarı verən “Naxtel” mobil rabitə operatoru öz abunəçilərinə bu müddət ərzində digər mobil rabitə operatorlarına keçməyi tövsiyə edib.

10 ildir Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxtel” 4-cü nəsil GSM + LTE operatorudur. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir, 130 baza stansiyası, on minlərlə abunəçisi var.

Naxçıvanın ucqar kəndlərində yaşayan “Naxtel” abunəçiləri digər mobil rabitə operatorlarının şəbəkələrinə qoşulanda mobil telefon xidmətindən və internetdən sabit şəkildə yararlana biləcəklərmi? Başqa sözlə, hazırda fəaliyyətini davam etdirən mobil operatorlara məxsus nömrələr Naxçıvan Muxtar Respublikasının təkcə şəhərlərində, rayon mərkəzlərində yox, ucqar kəndlərində də tam funksional şəkildə işləyəcəkmi, həmin nömrələrin internet bağlantısı olacaqmı?

Medianews.az-ın sorğusuna “Bakcell” şirkətindən belə cavab verilib: “Oktyabrın 1-dən dekabrın 1-dək “Bakcell”in Naxçıvan Muxtar Respublikasında, həmçinin Bakı və Gəncə şəhərlərində yerləşən xüsusi xidmət mərkəzlərinə müraciət edən “Naxtel” abunəçiləri mövcud nömrələrini öz adlarında saxlamaqla “Bakcell” şəbəkəsinə keçə bilərlər. Bu zaman onlar yalnız “Naxtel” abunəçiləri üçün nəzərdə tutulan özəl kampaniyadan da faydalana biləcəklər”.

“Bakcell”dən qeyd ediblər ki, “GO” tariflərinə qoşulan abunəçilərə 12 ay müddətində özəl endirimlər təqdim olunacaq:

GO 7.99 - İlk tarifə qoşulma və 1 yenilənmə – ödənişsiz. Növbəti 22 yenilənmə 20% endirimlə;

GO 11.99 - İlk tarifə qoşulma – ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə;

GO 17.99 - İlk tarifə qoşulma – ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə;

GO 29.99 - İlk tarifə qoşulma – ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə.

“Azercell”dən Medianews.az-a bildiriblər ki, şirkət Naxçıvan Muxtar Respublikasında telekommunikasiya xidmətlərini 1997-ci ildən təqdim edir: “2023-cü ildə “Azercell Telekom” Naxçıvan şəhərində 4G şəbəkəsinin tətbiqinə başlayıb və həmin ildən muxtar respublika ərazisində 4G şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün iş aparır. Şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi muxtar respublika ərazisinin coğrafi xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilir”.

“Azercell”dən onu da deyiblər ki, şirkətin şəbəkəsi coğrafi baxımdan ölkə ərazisinin 95 faizini əhatə edir.

Azərbaycanın yeganə regional mobil operatoru olan “Naxtel” MMC fəaliyyətini dayandırmaq qərarına gəldiyini sentyabrın 1-də elan edib. Bunun səbəbini öyrənmək üçün Medianews.az-ın şirkətin Çağrı Mərkəzinə etdiyi müraciət cavabsız qalıb. Saytın “Naxtel” MMC-nin elektron poçt ünvanına (info@naxtel.az) göndərdiyi sorğuya da cavab verilməyib.

“Naxtel”dən savayı ölkədə cəmi üç mobil rabitə operatoru var: “Azercell”, “Bakcell”, “Nar”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun