Medianews.az
Azərbaycanlıların “Telegram” hesabları ələ keçirilir – Məqsəd nədir?
2,564 baxış

Azərbaycanlıların “Telegram” hesabları ələ keçirilir – Məqsəd nədir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) bu həftə yaydığı məlumatda bildirilir ki, “Telegram” platforması üzərindən yeni dələduzluq halları müşahidə olunur, platforma istifadəçilərinə "Hi, şəkilləriniz…" tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır. İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bu üsulla istifadəçilərin "Telegram" hesabları ələ keçirilir. Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir.

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edib.

Maraqlıdır, bu cür dələduzluqda məqsəd nədir? "Telegram" hesablarını ələ keçirmək kibercinayətkarların nəyinə lazımdır? Bu, cinayətkarlara nə verir?

Medianews.az-ın suallarını cavalandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, ümumən “Telegram” üzərindən yayılan bu tip dələduzluqların əsas məqsədi istifadəçilərin hesablarını ələ keçirməkdir: “Çünki ələ keçirilmiş hesab kiber cinayətkarlar üçün həm etibar qazanmaq, həm də daha geniş kütləyə çıxmaq imkanı yaradır. İnsanlar tanıdıqları şəxsdən gələn mesajlara daha çox güvəndiyi üçün onların da eyni fişinq linkinə klikləməsi ehtimalı artır.

Digər tərəfdən, ələ keçirilmiş hesablar vasitəsilə şəxsi yazışmalar əldə edilə, bundan şantaj məqsədilə və ya saxta investisiya, pul köçürməsi kimi yeni dələduzluq sxemlərinin yayılmasında bir vasitə kimi istifadə oluna bilər. Bu, kiber cinayətkarların həm maliyyə qazancı, həm də sosial mühəndislik hücumlarında üstünlük əldə etməsi deməkdir.

Ona görə də bu kimi hallarda ən vacib addım - istifadəçilərin ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməsi və şübhəli linklərə daxil olmamaqdır. Əks halda, bir hesabın ələ keçirilməsi daha böyük zəncirvari fəsadlara yol aça bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun