Medianews.az
Azərbaycanın yeganə regional mobil operatoru bu qərardan düz bir ay sonra bağlandığını ELAN ETDİ
1,039 baxış

Azərbaycanın yeganə regional mobil operatoru bu qərardan düz bir ay sonra bağlandığını ELAN ETDİ

Azərbaycanda yeganə regional mobil operator olan, Naxçıvan Muxtar Respublikasında yerləşən “Naxtel” fəaliyyətini dayandırır.

Sentyabrın 1-də qurum bununla bağlı abunəçilərinə xəbərdarlıq edib, dekabr ayınadək “Naxtel”in telekommunikasiya xidmətlərini tam dayandıracağı bildirilib, abunəçilərə hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün həmin vaxtadək, yəni qarşıdakı üç ay ərzində ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına müraciət etmələri tövsiyə olunub.

Ölkədə isə “Naxtel”dən başqa cəmi üç mobil rabitə operatoru var: “Azercell”, “Bakcell”, “Nar”. Dördüncüsü “Naxtel” idi ki, o da artıq qapanır.

Medianews.az bildirir ki, “Naxtel” 2015-ci ildə yaradılıb. 4-cü nəsil GSM + LTE operatorudur. 130 baza stansiyası var. Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1GB informasiya daşıya bilən avadanlıqlar qurulub.

Medianews.az qeyd edir ki, “Naxtel”in bağlanması haqda qərar şirkətə yeni direktor təyin ediləndən bir ay sonra abunəçilərə elan olunub.

“Naxtel”ə yeni direktor bu il avqustun 1-də təyin edilib. Şirkətin İdarə Heyətinin qərarına əsasən, bu vəzifəni İsa İsayev tutub.

1983-cü il təvəllüdlü İsa Bünyad oğlu İsayev Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur, “Aqrarkredit” Səhmdar Kommersiya Təşkilatının Naxçıvan filialında, “Kapitalbank”ın Naxçıvandakı Baş İdarəsində, “Naxçıvanbank” ASC-də, sonralar bu qurumun  adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə yaradılmış “E-Kredit” bank olmayan kredit təşkilatında müxtəlif vəzifələrdə çalışıb, 2020-2024-cü illərdə Naxçıvan Ali Məclisinin deputatı olub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun