Medianews.az
Azərbaycana yeni təhdidin EKRAN GÖRÜNTÜLƏRİ -
3,287 baxış

Azərbaycana yeni təhdidin EKRAN GÖRÜNTÜLƏRİ - EKSKLÜZİV

“Azərbaycana qarşı genişmiqyaslı kiber təhdid riski müşahidə edilir. Görünür, budəfəki hücumlar hərtərəfli olacaq. Xarici quvvələrin bunun üçün əhəmiyyətli maliyyə resursları ayırdığı duyulur”. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, hazırda Telegram platformasının Azərbaycan seqmentinə kütləvi fişinq hücumları həyata keçirilir: “Paralel olaraq, DarkNet forumlarında Azərbaycanın dövlət qurumlarından sızan məlumatları əldə etmək istəyən şəxslər elanlar yerləşdirirlər.

Kiber təhlükəsizlik sahəsində son günlər müşahidə olunan tendensiya göstərir ki, Azərbaycan vətəndaşlarına və təşkilatlarına aid məlumatlar yalnız sızma baş verdiyi anda deyil, həm də sızmadan sonra DarkNet və “leakdata store” forumlarında açıq şəkildə satışa çıxarılır”.

Medianews.az-a ekran görüntüləri təqdim edən E.Abbasov vurğulayıb ki, bu görüntülərdən də bəlli olduğu kimi, Leakbase[.]la kimi forumlarda “Azerbaijan Database Buyer” (Azərbaycan bazasına alıcı) başlığı altında elanlar yerləşdirilib: “Elanlarda “Azərbaycan üzrə istənilən verilənlər bazasını alıram” kimi ifadələrdən istifadə olunur. Bu isə iki əsas təhlükəni göstərir. Birincisi, tələb və təklif bazarı formalaşıb – kiber cinayətkarlar Azərbaycan bazarına xüsusi maraq göstərir, çünki bu məlumatlar maliyyə fırıldaqlarında və ya sosial mühəndislik hücumlarında istifadə oluna bilər. İkincisi, məlumatların alqı-satqısı açıq şəkildə aparılır – forumlarda şəxslər Telegram üzərindən əlaqə kanalları paylaşır ki, bu da satışın real və davamlı olduğunu göstərir”.

E.Abbasov Medianews.az-a açıqlamasında əsas təhlükə mənbələrini belə sıralayıb:

- Sızan verilənlər bazaları: dövlət qurumları, banklar, telekommunikasiya şirkətləri və özəl təşkilatların məlumatları.

- Müştəri və vətəndaş məlumatları: ad, soyad, telefon, e-mail, ünvan və maliyyə göstəriciləri.

- Korporativ hesablar: iş e-mailləri, daxili sistem girişləri və parollar.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun