Medianews.az
Qalmaqalın yaşandığı partiyadan yeni xəbər: <span style=color:red>dövlət qurumuna müraciət edildi
127 baxış

Qalmaqalın yaşandığı partiyadan yeni xəbər: dövlət qurumuna müraciət edildi

“Ədalət Partiyasının IX Qurultayının keçirilməsinə yer ayrılması üçün müvafiq dövlət qurumuna müraciət edilib. Yəqin ki, yaxın günlərdə cavab veriləcək”. Partiya sədrinin müavini Mütəllim Rəhimov aprelin 28-də Medianews.az saytına açıqlamasında belə deyib. Ədalət Partiyasının nizamnaməsinə əsasən, dörd ildən bir partiyanın qurultayı keçirilməlidir. Sonuncu qurultay 2021-ci ilin martında olub. Ədalət Partiyasının qurucu lideri İlyas İsmayılov vəfat etdiyindən partiyanın 2025-ci ilin mart ayında keçirilməli olan qurultayı baş tutmayıb. Aprelin 12-də partiyanın Siyasi Şurası qurultaya hazırlıq məsələlərini müzakirə edərək aprelin 19-da Ali Məclisin iclasının keçirilməsini qərara alıb. Çünki qurultayın keçirilmə tarixini Ali Məclis müəyyənləşdirməlidir. Aprelin 19-da Ali Məclis qurultayın mayın 17-də keçirilməsi barədə qərar qəbul edib. Lakin Ali Məclisin iclası həm də qalmaqalla yadda qalıb. Belə ki, Ali Məclisin sədri, eyni zamanda partiya sədrinin səlahiyyətlərini həyata keçirən Meydan Babayev toplantıya qatılmayıb, üstəlik, iclasdan qabaq gecə ikən partiyanın mərkəzi qərargahının qapısının kilidi dəyişdirilib. Ancaq Mütəllim Rəhimov vurğulayır ki, bu, Ali Məclisin iclasının keçirilməsinə mane ola bilməyib, Məclis üzvlərinin 86 faizi iclasda iştirak edərək IX Qurultayın 17 may 2025-ci il tarixində keçirilməsi barədə yekdilliklə qərar qəbul edib. Bununla belə, Meydan Babayev qərara veto qoyduğunu elan edib. IX Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi isə bəyanat yayaraq bildirib ki, komitə yaradıldığı gündən, yəni aprelin 19-dan Ali Məclisin səlahiyyətlərinə son verilib, bu səbəbdən Meydan Babayevin səlahiyyət müddəti bitib, o, artıq sədrin səlahiyyətlərini icra etmir, bütün səlahiyyətlər Təşkilat Komitəsinə və komitənin sədrinə keçib. Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimovdur. O, aprelin 28-də Medianews.az-a açıqlamasında deyib ki, hazırda partiyanın rayon təşkilatlarında konfranslar keçirilir və qurultaya nümayəndələr seçilir. Hər rayon təşkilatından iki nümayəndənin seçilməsi barədə nümayəndəlik normasının qəbul edildiyini söyləyən Mütəllim Rəhimov qurultaya hazırlıq işlərinin davam etdiyini, tədbirin, qərara alındığı kimi, mayın 17-də keçiriləcəyini vurğulayıb. Ədalət Partiyası 1993-cü ildə yaradılıb. Sovet dövründə respublika prokuroru, müstəqillik dövründə Azərbaycanın ədliyyə naziri, Milli Məclisin deputatı olmuş professor İlyas İsmayılov 2025-ci il fevralın 17-də 86 yaşında vəfat edib. Bu səbəbdən qarşıdan gələn qurultayda Ədalət Partiyasına yeni sədr də seçilməlidir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun