14.04.2025, 08:43
237 baxış
Azad
Siyasi Şura qərar verdi - Yeni sədr seçkisinə doğru ilk addım atıldı
Aprelin 12-də Ədalət Partiyası Siyasi Şurasının iclası keçirilib. Partiyanın sədr müavini Mütəllim Rəhimovun Medanews.az-a bildirdiyinə görə, iclasda Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri də iştirak ediblər.
M.Rəhimov qeyd edib ki, Siyasi Şuranın iclasında qurultaya hazırlıq məsələləri müzakirə olunub: “Nizamnaməyə uyğun olaraq aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul edildi. Qurultayın keçiriləcəyi tarixi Ali Məclis müəyyənləşdirəcək”.
Xatırladaq ki, nizamnaməyə əsasən, Ədalət Partiyasının qurultayı dörd ildən bir keçirilməlidir. Partiyanın sonuncu qurultayı 2021-ci ilin martında olub. Ədalət Partiyasının qurucu lideri İlyas İsmayılov vəfat etdiyindən partiyanın 2025-ci ilin mart ayında keçirilməli olan qurultayı baş tutmayıb.
Ədalət Partiyası 1993-cü ildə yaradılıb. Sovet dövründə respublika prokuroru, müstəqillik dövründə Azərbaycanın ədliyyə naziri, Milli Məclisin deputatı olmuş professor İlyas İsmayılov 2025-ci il fevralın 17-də 86 yaşında vəfat edib. Bu səbəbdən qarşıdan gələn qurultayda Ədalət Partiyasına yeni sədr də seçilməlidir.
Toğrul Əli,
Medanews.az
Paylaş: