Ötən həftə Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyi ilə bağlı imzaladığı
sərəncam nazirliyin tabeliyindəki bəzi institutların birləşdirilməsini və publik hüquqi şəxs statuslu yeni institutların yaradılmasını da nəzərdə tutur. Sərəncama görə, 17 institut 8 institutda birləşdirilməlidir. Yeni qurumların publik hüquqi şəxs statuslu institutlar kimi yaradılmasını necə başa düşmək lazımdır? Publik hüquqi şəxs statusunun institutların əvvəlki statuslarından fərqi nədədir? Publik hüquqi şəxs statusu yeni institutların üzərinə hansı əlavə məsuliyyətləri qoyur?
Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutlarının birləşdirilərək publik hüquqi şəxslər formasında yenidən təşkili son illər Azərbaycan elmi sistemində həyata keçirilən ən əhəmiyyətli struktur islahatlarından biridir. Onun sözlərinə görə, bu qərar yalnız təşkilati-texniki dəyişiklik deyil, eyni zamanda elmi idarəetmənin optimallaşdırılması, tədqiqat fəaliyyətinin nəticəyönümlü formalaşdırılması və dövlətin elmə yanaşmasının modernləşdirilməsi baxımından strateji mahiyyət daşıyır: “Hazırda ölkədə elmi müəssisələrin əksəriyyəti ya keçmiş sovet idarəetmə strukturunu qoruyub saxlayır, ya da fəaliyyəti formal xarakter daşıyır. Paralel tədqiqat istiqamətlərinə malik çoxsaylı institutlar bəzən bir-birindən xəbərsiz, koordinasiyasız və qeyri-səmərəli şəkildə fəaliyyət göstərirlər. Bu vəziyyət ölkənin elmi potensialından tam istifadə edilməsinə mane olur. Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda yer alan bəzi institutlar, xüsusilə də tətbiqi xarakterli olmayan, əsasən fundamental tədqiqatlara fokuslanan qurumlar, iqtisadiyyat və sosial həyat üçün real nəticə yarada bilmir. 2023-cü ilin sonunda aparılmış təhlillərə əsasən, 30-dan çox elmi müəssisənin yalnız 12-si il ərzində qrant və ya sifarişli layihələr üzrə real nəticə təqdim edib. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində göstərilir ki, elmin əsas məqsədi innovasiyaya, iqtisadi inkişaf və sosial tərəqqiyə xidmət edən tədqiqatların aparılmasıdır. Lakin mövcud institutlar bu məqsədi yerinə yetirməkdə çətinlik çəkir, çünki inzibati və maliyyə idarəetməsi sərt bürokratik çərçivəyə salınıb, əməkdaşların təşəbbüskarlığı və yaradıcı potensialı isə çox vaxt dəyərləndirilmir. Publik hüquqi şəxs (PHŞ) modelinə keçid bu məhdudiyyətlərin aradan qaldırılmasına yönəlib”.

Ekspert qeyd edib ki, PHŞ formatı elmi müəssisəyə həm dövlət vəsaiti ilə maliyyələşmək, həm də sahibkarlıq fəaliyyəti ilə öz büdcəsini formalaşdırmaq imkanı yaradır: “Bu model hüquqi və maliyyə muxtariyyətini genişləndirir, idarəetmədə çeviklik və nəticəyönümlülük təmin edir. Həmçinin PHŞ kimi fəaliyyət göstərən institutlar öz əməkdaşlarını bazar şərtlərinə uyğun stimullaşdıra, beynəlxalq qrantlara birbaşa müraciət edə, yerli və xarici tərəfdaşlarla müqavilələr imzalaya bilirlər. Bu isə elm sahəsində rəqabət mühitini artırır, passivlik və inzibatçılıqdan uzaq, aktiv tədqiqat mühiti formalaşdırır. İnstitutların birləşdirilməsi isə əlavə üstünlüklər yaradır. Əvvəla, eyni və ya yaxın sahələr üzrə fəaliyyət göstərən qurumların vahid strukturda cəmlənməsi tədqiqat mövzularının koordinasiyasını təmin edir, təkrarçılıq və resurs israfının qarşısını alır. Bu, eyni zamanda maddi-texniki bazanın birləşdirilməsinə və laboratoriyaların daha səmərəli istifadəsinə imkan verir. İnsan resurslarının rasional bölgüsü sayəsində elmi kollektivlərin ixtisaslaşması dərinləşir, multidissiplinar tədqiqat qruplarının yaranmasına zəmin formalaşır. Dünya təcrübəsində də bu cür institutlaşma və strukturun optimallaşdırılması geniş tətbiq olunur. Məsələn, Almaniyada Fraunhofer Cəmiyyəti müxtəlif tətbiqi elmi istiqamətlər üzrə institutların birləşməsi ilə yaradılıb və bu model sonradan Avstriya, İsveçrə, Cənubi Koreya və Yaponiyada da tətbiq olunub. Fraunhofer institutları dövlət sifarişlərindən əlavə, sənaye ilə əməkdaşlıq və kommersiyalaşdırılmış tədqiqatlar vasitəsilə fəaliyyətlərini maliyyələşdirir. Eyni zamanda, Cənubi Koreyada fəaliyyət göstərən KIST (Korea Institute of Science and Technology) kimi qurumlar dövlət-özəl əməkdaşlığını gücləndirməklə elmi nəticələrin texnologiyaya və məhsula çevrilməsini təmin edirlər”.

K.Əsədov vurğulayıb ki, Azərbaycan üçün bu cür birləşmə və PHŞ formasına keçid – yalnız idarəetmə islahatı deyil, həm də elmi sistemin rəqabətqabiliyyətliliyinin artırılması üçün əsas alət ola bilər. Ekspertin fikrincə, bu proses şəffaf, mərhələli və elmi ictimaiyyətin iştirakı ilə aparılarsa, nəticədə:
– elmi nəticələr real sektora tətbiq edilə biləcək,
– dövlət büdcəsindən ayrılan vəsaitin qarşılığı ölçülə biləcək,
– ali məktəblərlə institutlar arasında əlaqələr güclənəcək,
– doktorantların və magistrlərin tədqiqat imkanları genişlənəcək,
– beynəlxalq qrantlar və layihələr üzrə iştirak səviyyəsi yüksələcək.
Lakin K.Əsədov qeyd edib ki, bu prosesin uğurlu olması üçün bəzi risklərin də nəzərə alınması vacibdir: “Əgər institutların birləşdirilməsi sadəcə struktur islahatından ibarət qalarsa və elmi kadrların inkişafı, maddi-texniki bazanın gücləndirilməsi, motivasiya sisteminin yaradılması kimi məsələlər arxa planda qalarsa, bu islahat nəticə verməyə bilər. Eyni zamanda, publik hüquqi şəxs statusunun yalnız hüquqi qeydiyyatla məhdudlaşmaması, real fəaliyyət müstəvisinə keçməsi üçün effektiv nəzarət və qiymətləndirmə mexanizmləri yaradılmalıdır.
Nəticə olaraq, elmi institutların birləşdirilərək PHŞ formasında yenidən təşkili, Azərbaycanda elmin çevik, rəqabətqabiliyyətli və nəticəyə yönəlmiş bir sistemə çevrilməsi üçün mühüm fürsətdir. Bu fürsət düzgün idarə olunarsa, təhsilin elmlə inteqrasiyasına, ölkənin intellektual və texnoloji inkişafına real töhfə verə bilər”.
Nailə Qasımova,
Medianews.az