17.02.2025, 07:27
234 baxış
Azad
Mumiyaların niyə şirin qoxuduğu məlum oldu TƏDQİQAT
Qədim Misir mumiyalarından ədviyyat və ağac qoxusu, həm də şirin, xoş ətir iyi gəlməsi alimlərin marağına səbəb olub.
Medianews.az-ın məlumatına görə, beynəlxalq alimlər qrupu paytaxt Qahirədə yerləşən Misir Muzeyində tarixi yaşı 5000 il olduğu güman edilən doqquz mumiyadan yayılan qoxuların kimyəvi tərkibini təhlil ediblər. Elm adamlarının apardığı tədqiqatlar zamanı məlum olub ki, mumiyalardan şam ağacının və buxur qətranları sayəsində ağac, ədviyyat, həm də şirinlik iyi gəlir. Alimlər bildiriblər ki, o dövrlərin inancına görə, qədim misirlilər tanrıların qoxusunu ancaq belə təsəvvür edirdilər.
Araşdırma müəllifiləri yaxın gələcəkdə də bu qədim Misir qoxularını yenidən bərpa etməyi, qurmağı planlaşdırırlar. Alimlərin fikrincə, qədim Misir mumiyalarını, eləcə də qoxunu öyrənmək həmçinin keçmişin cənazə mərasimlərini ətraflı və yaxşı başa düşməyə kömək edəcək. Mumiyaların qoxu ifraz etməsindən bəhs edən bu yeni araşdırmaların nəticələri barədə yazılan geniş elmi məqalə isə ilk dəfə "Journal of the American Chemical Society" nəşrində dərc olunub.
Qədim Misirdə mumiyalama bədəni, həm də ruhu ölümdən sonra davam edəcək həyat üçün qorumaq məqsədi daşıyırdı və bu proses mürəkkəb bir dəfn üsulu idi. Mumiya yaratmaq üçün qədim insanların xüsusi bacarıqları, üsulları var idi. Belə ki, onlar bədənlərə xüsusi və xoşagələn ətir verən qətranlardan, yağlardan, həmçinin mumlardan istifadə edirdilər. Beynəlxalq alimlər qrupu onu da xatırladıb ki, bu elm aləmində ilkdir, çünki indiyədək heç bir alim sistematik şəkildə mumiyalanmış cəsədlərdə min illər ötəndən sonra hansı qoxuların qaldığını öyrənməyib.
Beynəlxalq tədqiqatçılar qrupu isə məhz bu elmi sahədə yenilik etməklə boşluğu doldurmağa, ötən nəslin, eləcə də müasir elm adamlarının "yanlışlarını düzəltməyə" qərar verib.
Tədqiqatçılar qaz xromatoqrafı, eləcə də kütlə spektrometrindən istifadə etməklə Misir Muzeyində saxlanılan və təxminən 5000 il yaşı olan 9 mumiyanın buraxdığı kimyəvi maddələri ölçüblər. Çox orijinal metoda əl atan alimlər daha sonra bir qrup və xüsusi təlimatlandırılmış insana eksponatların qoxularını təsvir etməklə onların keyfiyyətini, intensivliyini, eləcə də hansı səviyyədə xoşagələn olduğunu qiymətləndiriblər.
Alimlər kimyəvi qoxunun mənbələrini dörd kateqoriyaya bölüblər: mumiyanın özü, muzey konservantları, pestisidlər, kif və bakteriyalar. Eksperiment zamanı müşahidəçilərin əksəriyyəti mumiyaların qoxularını "odlu", "ədviyyatlı", "şirin" kimi təsvir ediblər. Üstəlik, kimyəvi analizlərin nəticələri təsdiqləyib ki, belə qoxular iynəyarpaqlı qətranlar (məsələn, şam və sidr), buxur qətranları, mumlar, eləcə də müxtəlif bitki yağları sayəsində yaranır.
Beynəlxalq alimlər qrupunun rəyinə görə, bu qoxu mumiyalaşdırmanın mühüm tərkib hissəsi olub. Onlar hesab edirlər ki, belə xoş ətirlər tanrıların bədənləri və onların saflığı ilə əlaqələndirilirdi. Lakin digər, fərqli mumiyalardan xoşagəlməz qoxular gəldiyindən alimlər düşünür ki, sanki həmin ölülər məqsədli şəkildə diqqətdən kənarda qalıb. Daha kəskin, pis qoxuyan bu cür mumiyaların cəsədlərində xoşagələn və lazım olduğu qədər maddələr olmadığına görə onların cəsədlərindəki parçalanmanın əlamətləri də açıq-aşkar özünü büruzə verir.
Gələcəkdə də elmi tədqiqatlarını davam etdirməyi düşünən bu beynəlxalq alimlər qrupu qədim, fironlar dövrlərinə aid olan Misir mumiyalarının spesifik qoxusunun rekonstruksiyasını, araşdırmaların əhatəsini genişləndirməyi planlaşdırır. Alimlər bildiriblər ki, bu həm də muzeyin ziyarətçilərinə qədim dövrün dəfn mərasimlərinin necə olduğunu başa düşməyə kömək edəcək.