Əsrlərə sığmayan şərəfli ömürlər
Şadlinskilər sülaləsi yazılı mənbələrdə XVII əsrdə yaşamış Binnətalı Sultan adlı bir şəxslə başlayır. Bu şəcərə onun Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan adlı dörd oğlu və onlardan sonra gələn övladları ilə çağımızadək gəlib çatmışdır. Əslində bu nəslin kökü daha qədimdir və Şəddadilər dövlətinin qurucularından biri olan şadlılar tayfası ilə bağlıdır. Paytaxtı Gəncə olan Şəddadilər dövlətinin süqutundan sonra bu ərazilərdə yaşayan şadlılar XIV əsrin axırlarında qədim Azərbaycan yurdu olan İrəvana köçüblər. Sonrakı mərhələlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin formalaşmasında və xalqımızın düşmən hücumlarından qorunmasında bu nəslin nümayəndələrinin böyük rolu olmuşdur. Təəssüf ki, soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlayaraq 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olmuşdur. Ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, çox sayda insanı qətlə yetirib. Ümumilikdə 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Xüsusilə 1918-ci ildə erməni millətçilərinin xalqımıza qarşı hücumları zamanı bu nəslin nümayəndələri daşnaklarla mübarizə apararaq yerli əhalini qorumağa müvəffəq olmuşdur. Daşnaklarla mübarizədə çox seçilən Azərbaycan xalqının böyük oğlu Abbasqulu bəy Şadlinski də bu nəslin nümayəndəsidir. Yeri gəlmişkən onu da qeyd edim ki, həmin dövrdə Naxçıvanda general-qubernator Səməd bəy Cəmilinski, Kəlbalı xan Naxçıvanski və türk qoşunlarının buradakı komandanı Xəlil bəy arasındakı ziddiyyət və ixtilaflar bölgənin daşnaklardan müdafiəsi məsələsinə mənfi təsir göstərmişdi. Gələcəkdə Atatürk kimi tanıyacağımız Mustafa Kamal Paşa bax o günlərdə bir dəstə atlı ilə Ağrı dağı tərəfdən Araz çayını keçərək, üzbəüzdəki Böyük Vedi kəndinə gəlmiş, daşnaklarla mübarizə aparan Abbasqulu bəy Şadlinski ilə görüşmüşdü (Vaqif Şadlinski. “Şadlinskilər”. “Təhsil” nəşriyyatı, Bakı, 2011). Görünür, Abbasqulu bəy düşmənin bu vəziyyətdən yararlana biləcəyi təhlükəsini nəzərə alaraq Mustafa Kamal Paşa ilə məsləhətləşmələr aparırdı.
Qərbi Azərbaycanda soydaşlarımıza qarşı erməni qırğınları başlayanda Abbasqulu bəyin ətrafında digər Şadlinskilər kimi, Vaqif müəllimin atası Bilas Şadlinski də var idi. Bilas Heydər oğlu Şadlinski 1904-ci ildə Qərbi Azərbaycanın İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olub.
O, xatirələrində yazır (Nəsillərə örnək insan”, “Azərbaycan” nəşriyyatı, Bakı-2004): “1918-1920-ci illər Vedi rayonunda vəziyyət ağırlaşdı. Hər həftə Vediyə daşnak mauzerçilərinin silahlı basqını olurdu. Nəhayət, Abbasqulu bəy Şadlinskinin mübariz silahlı dəstəsinin müşayiəti altında minlərlə ailə daşnakların silahlı ordu hissələrinin ağır həmləsinə tab gətirə bilməyib sığınacaq üçün İrana mühacirət etdilər.
Bu zaman nəinki Vedi, hətta Zəngibasar, Şərur rayonlarının əhalisi da davam gətirə bilməyib, Araz çayını adlayaraq, İrana keçdilər. Bizim ailəmiz də İranın Ərəblər adlanan mahalında açıq havada bir neçə gün qaldıqdan sonra, elliklə gəlib Çaypara mahalında kəhrizlərlə əhatə olunmuş qəsəbədə açıq havada düşərgə qurduq.
Bir aydan artıq idi ki, köçməyimizə atam və anam dözə bilməyib yollarda ağır xəstələndilər. Bu vəziyyət nə qədər çətin və dözülməz olsa da, daha ailəmizdən ayrılmamaq üçün yaxın kəndlərdən bir araba kirayələyib, xəstələri Xoy şəhəri yaxınlığına apara bildik. Burada bir çay kənarında söyüd ağacları altında məskən saldıq 10-15 gün çəkmədi ki, atam vəfat etdi. Anam isə bir qədər yaxşılaşdı. Sonra Abbasqulu bəy Şadlinskinin silahlı dəstəsinə mən yaşda olan bir çox cavanlar qoşularaq 1919-cu illərdə Vedinin daşnaklardan təmizlənməsi uğrunda silahlı mübarizəyə başladıq”. Bunun nəticəsi olaraq Azərbaycan əhalisi 1922-ci ildə Böyük Vediyə qayıdırlar. B. Şadlinski gənclərin milli və vətənpərvər ruhda tərbiyə alması üçün pedaqoji fəaliyyətə başlayır.
Bu haqda Bilas müəllim yazır (Nəsillərə örnək insan”, “Azərbaycan” nəşriyyatı, Bakı-2004): “Evdə pedaqoji texnikum” adlanan qiyabi təhsil verən orta pedaqoji kurs açılmışdı. Mən onun son kursuna daxil olub, müvəffəqiyyətlə qurtarıb, ibtidai məktəb müəllimi adi aldım və mənə orta məktəblərdə dərs demək hüququ olan attestat verdilər. Beləliklə, müəllim olmaq niyyətim ancaq 1923-cü ildən sonra öz əksini tapdı. Məqsədimə nail oldum”.
Sonra isə B.Şadlinski ali təhsil almaq arzusu ilə Ali Müəllimlər institutuna daxil olub, dil- ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirir.
Bilas müəllim 1932-ci ildə “Zərbəçi müəllim” fəxri adına layiq görülür. 1939-cu ildə “Əlaçı müəllim”, 1940-cı ildə isə “Əməkdar müəllim” fəxri adları ilə təltif olunur.
1941-45-ci il müharibəsi başlayanda Bilas müəllim Böyük Vedi rayonunun mərkəzində yerləşən orta məktəbdə direktor işləyirdi.
B.Şadlinski 1948-ci ildən isə Azərbaycan Respublikasının Şəmkir rayonunun çinarlı (keçmiş Lenin-Kənd) qəsəbəsində pedaqoji fəaliyyətini davam etdirir.
Xoşbəxtlikdən, Azərbaycan Tibb Universitetində təhsil aldığım zaman Azərbaycan xalqının tarixində xüsusi yeri olan, Azərbaycan ziyalılarının ən öndə gedənlərindən sayılan Şadlinskilər nəslinin nümayəndəsi vətənpərvər insan Bilas Şadlinskinin oğlu və onun mənəvi irsini yaşadan Vaqif Şadlinski mənim müəllimim olmuşdur. Vaqif müəllimi yaxından tanıdıqca bir daha əmin olurdum ki, Şadlinskilər Azərbaycan tarixində çoxəsrlik tarixə malik Şadlı tayfalarının layiqli davamçıları, qiymətli irsin daşıyıcılarıdır. Azərbaycan xalqı dövlət qurucu xalqdır və əsrlər boyu dövlət qurma genetik kodu ilə yaşamışdır. Necə ki, Səfəvilər dövlətinin yaradılmağında Ustaclı tayfası və Tərəkəmə tayfaları iştirak etmişdir, elə də milli dövlətçiliyin, milli şüurun formalaşmasında Şadlı tayfalarının xüsusi rolu olmuşdur.
Bu həqiqət Vaqif Şadlinskinin bizə müəllimlik etdiyi illərdə yaddaşlarımıza xüsusilə hopmuşdur. Vaqif müəllim bizə Tibb Universitetinin birinci kursundan başlayaraq anatomiya fənn üzrə mühazirələr deyirdi. Mühazirələri zamanı mövzu gərəyi tibb tarixinə toxunarkən o, Azərbaycanın görkəmli milli ziyalılarını tələbələrə tanıtdırmağa çalışırdı. Əlbəttə ki, bu, Vaqif Şadlinskinin qədim Azərbaycan milli şüurunun daşıyıcısı olmasından irəli gəlirdi. Tələbələrinə nəinki praktik tibb fənninin dərinliklərini, sirlərini, xüsusən də onun əsasını təşkil edən anatomiya elminin bütün çalarlarını izah edir, həmçinin onlara gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün əlavə məlumatlar verirdi.
Xüsusən onun Azərbaycanın tibb tarixində görkəmli iz qoymuş həkimlərimiz barədə, o, cümlədən də dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyev barədə fikirləri biz gənclərdə həm dövlətimizə, həm də tibb elminə böyük sevgi yaradırdı.
Bir gün mühazirələrin birindən sonra Vaqif müəllimə yaxınlaşdım. Məni narahat edən bir neçə sual vardı. Odur ki, Vaqif müəllimə dedim:
- Sizə anatomiyadan kənar bir sual verə bilərəmmi?
Vaqif müəllim özünəməxsus təbəssümlə mənə baxdı:
- Əlbəttə, oğlum, nədir səni maraqlandıran?
Dedim:
- Vaqif müəllim, məni çoxdan narahat edən bir məsələ var. Sizə elə gəlmirmi ki, hər bir fərdin psixologiyası ilə bərabər, bu fərdlərin məcmusunu təşkil edən cəmiyyətin, hər hansı arealın və xalqların da bir psixologiyası vardır?
O gülümsədi:
- Əlbəttə ki, vardır, oğlum.
- Bəs bu coğrafi olaraq insanın anatomik cizgilərinə təsir edə bilərmi?
Vaqif müəllim bir qədər düşündü və dedi:
- Bilirsən, bala, anatomik və antropoloji oriyentirlər deyilən bir məfhum var. Hər coğrafiyanın özünəməxsus antropoloji oriyentirləri mövcuddur. Məhz bu antropoloji oriyentirləri ilə də xalqların etnogenezinin tarixi keçmişini üzə çıxarırlar.
Sözün düzü, bunu eşitdikdə mən sanki nəyisə kəşf etmiş kimi olmuşdum. Çünki, o dövrdə Azərbaycanda antropologiya istiqamətində təhsil yox idi və eyni zamanda da xüsusən genetika yönümlü tədqiqatlara yeni-yeni başlanılırdı.
Biz Vaqif müəllimlə hətta növbəti kursa keçdikdən sonra da heç bir halda əlaqəni kəsmirdik, o isə özünəməxsus sadəliyi ilə həmişə bizi dinləyər və məsləhətlər verərdi.
Əlbəttə, bu hadisəni xatırlamaqda məqsədim Vaqif müəllimin çoxsaylı mütəxəssislərin yetişməsində böyük xidmətlərinin olduğunu söyləməkdır. O, praktik təbabətdən savayı fənlərarası elmlərin inkişafında da xüsusi xidmətləri olan alimlərimizdəndir. Onun məhz mental portretologiya, xalqların xarakterləri, etnogenetik antropoloji statusları və eyni zamanda coğrafiyamızın etnogenetik tarixi ilə bağlı təklifləri bu sahələrdə mütəxəssislərin yetişməyində böyük rol oynamışdır.
Bu gün Azərbaycanda çox nadir xətlərdən biri olan mental portretologiya və psixo-geosiyasət adlı elmlərarası disiplinanın istiqamətverici və yolgöstərici alimlərindən biri məhz Vaqif Şadlinskidir. Ona görə də Vaqif müəllim həmçinin yenilikçi alimdir. Bax bu fərdi və irsi keyfiyyət Vaqif müəllimi digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. V.B.Şadlinski 16 monoqrafiyanın, 175 elmi məqalənin, 138 tezisin, 22 publisistik məqalənin, 26 tədris vəsaitinin, 30 dərsliyin, orijinal anatomik atlasın, nəzəri və klinik anatomiyanın eponomik terminləri, oftalmologiya terminləri lüğətlərinin və anatomik terminologiyanın müəllifidir.
İki monoqrafiya Rusiya Federasiyasında, orijinal anatomik atlas Türkiyədə çap olunmuşdur. Məqalələrdən 12-si Amerika Birləşmiş Ştatlarının, 26-sı Rusiya Federasiyasının, 4-ü Almaniyanın, 8-i Türkiyənin, 1-i İsrailin, 1-i Macarıstanın, 1-i Bolqarıstanın, 2-si Ukraynanın, 19-u Gürcüstanın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. V.B.Şadlinski 6 elmlər doktoru, 10 tibb üzrə fəlsəfə doktoru yetişdirmişdir. Bu gün də V.B.Şadlinski elmi fəaliyyətini davam etdirir. Belə ki, onun rəhbərliyi altında 1 nəfərin elmlər doktoru, 3 nəfərin isə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün apardıqları dissertasiya işləri yekunlaşmaq üzrədir.
Vaqif müəllim həm də ictimai-siyasi fəaliyyətli insandır. Bu cəhətdən o, çox aktiv bir insan olmuşdur. 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. B. Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir.
04.09.1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1994-2001-ci illərdə Yeni Azərbaycan Partiyasının Nəsimi rayon üzrə Azərbaycan Tibb Universiteti ərazi ilk partiya təşkilatının sədri və Nəsimi rayon idarə heyətinin üzvü olmuşdur. V.B.Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla fəaliyyət göstərmişdir.
2008-ci ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvüdür və akademikidir. 2009-cu ildən Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvüdür. Avropa Tibb Elmləri Akademiyasında xaricdən təmsil olunan həqiqi üzvüdür. 2014-cü ildən Rusiya Elmlər Akademiyasının akademikidir.2018-ci ildən “Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin sədridir. V. B. Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də 2019-cu ildən “Nəzəri, klinik və eksperimental morfologiya jurnalı”-nın təsisçisi və baş redaktorudur.
Beynəlxalq “Nevrologiya” jurnalının baş redaktorunun müavini, Beynəlxalq “Neyroendokrinoloji tədqiqatlar jurnalı”-nın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Tibb Jurnalı”-nın, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” jurnalının, Azərbaycan Tibb Universitetinin “Sağlamlıq” jurnalının Redaksiya şurasının üzvüdür.2021-ci ildən Bakı şəhəri, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədridir. Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavinidir.
Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. 1998-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin prezident seçkilərində onun rəsmi vəkili kimi də fəaliyyət göstərmişdir. 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə o, “Əməkdar həkim” adına layiq görülmüşdür. Prezident İlham Əliyev Vaqif Bilas oğlu Şadlinskinin Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında 23 yanvar 2020 sərəncam imzalayıb. 30 noyabr, 2022-ci ildə Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən Vaqif Şadlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb.
5 dekabr 2024-cü ildə Prezident İlham Əliyev Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu insanlar içində Vaqif müəllim də olur. Sərəncama əsasən, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Şadlinski Vaqif Bilas oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.
Yaxın günlərdə Vaqif müəllimin 85 yaşı tamam olacaqdır. Arzu edirəm ki, dəyərli müəllimim bundan sonra da xoşbəxtliklərin ən gözəlini yaşasın. Neçə-neçə gözəl, mənalı illərə, Böyük alim, Böyük insan, Böyük azərbaycanlı və dəyərli ağsaqqalımız!
Adıgözəl Məmmədov
Qərbi Kaspi Universitetinin müəllimi, Psixogeosiyasət elmi mərkəzinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.