Medianews.az
İqlim diplomatiyasında TARİXİ NƏTİCƏLƏR: <span style=color:red>Azərbaycan hələ uzun müddət xatırlanacaq... - FOTOLAR
170 baxış

İqlim diplomatiyasında TARİXİ NƏTİCƏLƏR: Azərbaycan hələ uzun müddət xatırlanacaq... - FOTOLAR

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar isə COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də başlayıb və iki həftə davam edib. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir. COP29 konfransında aparılan müzakirələrin, qəbul edilən qərarların dünya, o cümlədən Azərbaycan üçün əhəmiyyətini Medianews.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, beynəlxalq tədbir zamanı planetimiz üçün mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi olub: “COP29 iqlim danışıqlarında istinad nöqtəsi olaraq daim qeydə alınacaq. Yeni kollektiv kəmiyyət və Paris sazişinin 6-cı maddəsi üzrə razılaşma, İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsi, maliyyə məsələsi üzrə ən yaxşı razılaşmanın əldə olunması və sair kimi bir çox nailiyyətləri qeyd edə bilərik. COP29 fəaliyyət gündəliklərinin təşəbbüsünə qoşulan ölkələrin sayı həddən artıq çox idi. Məsələn, enerji üzrə öhdəliklər və bəyanatlara 150 tərəf ölkə qoşulub. Eyni zamanda COP29 Yaşıl Rəqəmsal Fəaliyyət bəyanatına 75-dən çox ölkə qoşulub. Bir sıra digər qlobal öhdəliklərə də çoxsaylı əsas dövlətlər qoşulub. Azərbaycanda əldə edilən nailiyyətlər Paris sazişinin tələbi olan 1,5 dərəcə selsi qlobal istiləşmənin limitləndirilməsi, yəni bu həddə saxlanması ilə bağlı dünyanın hədəflərinə bizi daha da yaxınlaşırıb”. Millət vəkili vurğulayıb ki, COP29-da qəbul edilən qərarlar qısa və uzunmüddətli təsirlərə malik olacaq: “Qısa müddətdə bu yeni məqsəd güclü aktual öhdəlik siqnalı verir. Həm inkişaf etməkdə olan, həm inkişaf etmiş ölkələr üçün bu, yeni öhdəlik siqnalı deməkdir. Məsələn, fəlakətin bərpasından tutmuş, gələcək iqlim şoklarına qədər bu sahədə dayanıqlığın yaradılması üçün əsas dövlətlər daha çox vəsaiti təmin etməlidirlər. Həmçinin qısamüddətdə inkişaf etmiş ölkələr öz maliyyə öhdəliklərini yerinə yetirmək üçün büdcə prioritetlərinə lazımi düzəlişləri etməlidirlər. Çünki bununla bağlı ciddi təzyiqlə üzləşə bilərlər. Artıq inkişaf etməkdə olan ölkələr bunu tələb edirlər. Eyni zamanda bu yüksək hədəfin əhəmiyyətli özəl investisiyaları açması, dövlət maliyyəsindən istifadə edərək özəl sektorun da daha çox iştirakçılığını təmin etməsi gözlənilir. Maliyyələşmədəki bu artım inkişaf etməkdə olan ölkələrə iqlimin təsirlərinin azaldılmasına kömək edəcək. Həmçinin uyğunlaşma ilə bağlı olan səyləri daha da sürətləndirəcək. Uzunmüddətli perspektivdə isə yeni maliyyə hədəfi davamlı, dayanıqlı, qlobal iqtisadiyyata keçidi daha da sürətləndirəcək”. Deputat P.Vəliyeva qeyd edib ki, artan maliyyə axını 2030-cu ilə qədər bərpa olunan enerjinin, dayanıqlı kənd təsərrüfatının və iqlimə davamlı infrastrukturun geniş şəkildə tətbiqinə təkan verəcəkdir: “Daha yüksək maliyyə hədəfi qlobal maliyyə sistemlərini yenidən formalaşdırmaq, iqlim mülahizələrini iqtisadi strategiyalara daxil etmək və özəl sektor tərəfdaşlıqları vasitəsilə innovasiyaları təşviq etmək potensialına da malikdir. Göründüyü kimi, bundan sonra da Azərbaycan beynəlxalq aləmdə, qlobal səhnədə məsuliyyətli və eyni zamanda inanılacaq bir ölkə kimi iqlim dəyişikliklərində hələ uzun müddət adından bəhs etdirəcək. Bu mənada Azərbaycan dünyada hələ uzun müddət xatırlanacaq. Çünki qəbul edilən qərarlarla Azərbaycan iqlim diplomatiyasında öz adını tarixə yazdırmış oldu”. Nailə QASIMOVA Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun