Medianews.az
Yeni danışıqlar mərhələsi: <span style=color:red>HƏMAS İsraillə RAZILIĞA GƏLİR?
115 baxış

Yeni danışıqlar mərhələsi: HƏMAS İsraillə RAZILIĞA GƏLİR?

Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılığa gəlmək üçün İsrail və HƏMAS vasitəçiləri arasında danışıqların yeni mərhələsi başlayıb. İclasda ABŞ və Qətərin yüksəksəviyyəli nümayəndələri də iştirak edirlər. "The Times of Israel" nəşrinin məlumatına görə, artıq danışıqlarla əlaqədar HƏMAS tərəfindən ilkin açıqlama da verilib. Belə ki, HƏMAS siyasi bürosunun idarə heyəti müharibəni dayandırmaq və girovları azad etmək məqsədilə İsraillə razılaşmaya açıq olduğunu bəyan edib. Maraqlıdır, iki aydan çox davam edən fasilədən sonra baş tutan ilk danışıqlar daha hansı nəticələrə səbəb ola bilər? Bu dialoq perspektivdə Yaxın Şərqdəki münaqişəni sonlandıra bilərmi? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, danışıqların baş tutmasında münaqişədə olan hər iki tərəf maraqlıdır. Onun qənzətincə, İsrail iki cəbhədə müharibə aparmağın çətinliyini yaşayır: “Danışıqlar prosesinin baş tutmasında yalnız HƏMAS deyil, həm də İsrail maraqlıdır. Çünki, hərbi nöqteyi-nəzərdən İsrail öz planlarını reallaşdıra bilmədi. Xüsusilə son zamanlar cəbhənin ikiyə bölünməsi, “Hizbullah” və HƏMAS-la eyni anda mübarizənin İsrail üçün çətin olduğu ortaya çıxdı. HƏMAS rəhbərliyində də dəyişiklik vardır. Bölgədə humanitar fəlakət var. Qəzza əhalisi insan faciələri yaşamaqdadır”. A.Hüseynov vurğulayıb ki, bölgə atəşkəsə və sülhə böyük ehtiyac duyur: “Bəzi israilli nazirlərin səsləndirdikləri militarist fikirlər sülhə gedən yola bir qədər skeptik yanaşmağa səbəb olur. Qətərə gəldikdə isə demək olar ki, bu ölkə müəyyən qədər Türkiyə ilə koordinasiyalı işləyir. O ki, qaldı atəşkəsə, bu olsa-olsa müvəqqəti xarakter daşıyacaqdır. Nə qədər ki, fələstinlilər öz dövlətlərinə sahib deyillər problemlər davam edəcəkdir”. Nailə QASIMOVA

Bizə qoşulun