Medianews.az
ABŞ-dən sülh sazişi AÇIQLAMASI - <span style=color:red>Vaşinqton GERİYƏ ADDIM ATIR?
129 baxış

ABŞ-dən sülh sazişi AÇIQLAMASI - Vaşinqton GERİYƏ ADDIM ATIR?

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller son brifinqdə bildirib ki, Birləşmiş Ştatlar heç vaxt Ermənistan-Azərbaycan sülh müqaviləsini COP29 sammiti ilə əlaqələndirməyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi görmək istəyib, sülh sazişinin imzalanmasına təkan verib, nəticədə onun sərhədi keçəcəyinə ümid bəsləyib. M.Miller vurğulayıb ki, sülh müqaviləsinin imzalanması ABŞ-dən deyil, Ermənistan və Azərbaycandan asılıdır. Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Oktay Qasımov bildirib ki, Ermənistanla yarımçıq sülh sazişinin imzalanması üçün son bir neçə ayda Azərbaycana ciddi beynəlxalq təzyiqlər göstərilib. Onun sözlərinə görə, bütün təzyiqlərə rəğmən, rəsmi Bakı prinsipial mövqeyindən geri çəkilməyib: “Dövlət Departamentinin sözçüsü qeyd edir ki, ABŞ COP29-la sülh müqaviləsini əlaqələndirməyib. Təbii ki, bu, verilən bir bəyanatdır. Son bir necə ayda Azərbaycana qarşı aparılan əks təbliğat kampaniyası və Ermənistan tərəfindən guya sülh müqaviləsini imzalamağa hazır olduqları ilə bağlı verilən açıqlamalar məhz ona hesablanmışdı ki, Azərbaycan ciddi beynəlxalq təzyiqə məruz qalaraq geri çəkilsin. Ermənistanın, o cümlədən onun havadarlarının, ABŞ-nin istədiyi şərtlərlə sülh müqaviləsi imzalansın. Bu, yarımçıq bir sənəd olduğundan təbii ki, Azərbaycan tərəfi bunu qəbul etmir. Xüsusilə də iki tərəf arasında gələcəkdə dayanaqlı sülhə əsas yaradacaq məsələlər var ki, bunlar hələlik həllini tapmayıb”. Siyasi şərhçi deyib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlı məsələ sülh sazişinin imzalanmasına ən ciddi əngəldir: “Məhz bu səbəbdən bu proses alınmır. ABŞ-nin bu məsələdə marağı budur ki, COP29-a qədər sülh müqaviləsi imzalansın və hazırkı prezident seçkiləri kampaniyasında Bayden Administrasiyasının dəstəklədiyi namizəd Kamala Harris də məhz bu faktdan istifadə etsin, öz təbliğatını qursun. Bayden Administrasiyasının hakimiyyətdə olduğu dörd il müddətində ABŞ xarici siyasətində hansısa ciddi uğurlar əldə olunmayıb. Əksinə, bu müddət ərzində iki qlobal savaş baş verib. Bunun biri Rusiya-Ukrayna müharibəsidir, digərləri isə İsrail-HƏMAS, İsrail-“Hizbullah”, İsrail-İran qarşıdurmalarıdır. Bu toqquşmalar məhz Bayden Administrasiyasının yürütdüyü xarici siyasətin nəticəsi hesab edilir. Ona görə də bu  Administrasiyaya xarici siyasətdə müəyyən bir uğur hekayəsi lazım idi. Bu da ABŞ ictimaiyyətini, xüsusilə də oradakı erməni diasporunu yaxından maraqlandıran Azərbaycan-Ermənistan münasibətlərinə dair hansısa bir məsələ idi”. O.Qasımovun qənaətincə, rəsmi Vaşinqton çox istəyirdi ki, Ermənistanın da maraqlarına uyğun olan, tələsik, yarımçıq sülh müqaviləsi Azərbaycan tərəfindən imzalansın: “ABŞ çox israr etdi ki, tərəflər bu sənədi imzalasın. Sonra da bu, Birləşmiş Ştatlarda uğur hekayəsi kimi seçicilərə təqdim olunsun, nəticə etibarilə Kamala Harris erməni diasporundan da dəstək ala bilsin. Amma Azərbaycan qətiyyət nümayiş etdirdi, prinsipiallığını qorudu. Bu gün də bu mövqe rəsmi Bakı tərəfindən açıq şəkildə ortaya qoyulur. Ermənistan konstitusiyası dəyişməyənə, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bu təşkilata İrəvan etməyənə qədər  Bakı yarımçıq hər hansı bir sənədə imza atmayacaq”. Nailə QASIMOVA

Bizə qoşulun