Xəyalə Rəis: “Aprel döyüşləri barədə ilkin olaraq yüksək səviyyəli ssenarilərimiz yoxdur”
44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfərin açarı olan “Aprel döyüşləri”, yaxud dörd günlük müharibə barədə indiyə qədər hər hansı bir bədii film çəkilməyib.
Televiziyalar və aidiyyətiı kino qurumları dörd günlük Aprel döyüşlərinin qəhrəmanları barədə sənədli filmlər, verilişlər çəkiblər, amma təəssüflər olsun ki, ortada bədii film yoxdur. Cəmiyyəti narahat edən və kino qurumlarından, televiziyalardan narazı salan məsələlərdən biri budur ki, 7 il keçməsinə baxmayaraq, Aprel döyüşləri barədə hələ bir bədii film çəkilməyib. TV-lərə ayrılan pullar bayağı seriallar çəkimləri ilə göyə sovruldu, sənədli film çəkməklə canlarını qurtardılar. Bədii film isə yoxdur, varsa da, hələ onun barəsində danışılmır.
Ortada yalnız Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 2016-cı ildə Azərbaycan ordusunun erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə hazırladığı cizgi filmi var. Onu da çoxlarımız görmüşük. Filmdə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın görüntüləri canlandırılıb.
Aprel döyüşləri beş-altı sənədli, bir animasiya filminə sığası məsələ deyil axı…
Yeri gəlmişkən, 2020-ci ildə yerli mətbuatda gedən məlumata görə, İctimai Televizya Aprel döyüşləri ilə bağlı bədii film çəkilməsi ilə bağlı sifariş veribmiş, amma keyfiyyəti aşağı olduğu üçün film yayılmayıb. İTV tərəfindən verilən açıqlamada “Film tərəfimizdən sifariş olunmuşdu. Çəkilişlərdən sonra filmin hazır olan hissəsinə baxıldı. Aprel döyüşlərinin əhəmiyyətinin, əsgərlərimizin, ordumuzun savaşdakı şücaətinin, şəhid olan vətən oğullarının mərdliyinin, döyüşlərin siyasi vacibliyinin filmdə əks edilməsi çox aşağı səviyyədə olduğundan efirə çıxarılmamasına qərar verdik”- deyə bildirilirdi.
Aprel döyüşlərindən 7 il keçir, amma ortada bir dənə də olsun bədii film yoxdur. Lələtəpə adlı cizgi filmi çəkməklə kifayətlənmişik.
Amma Aprel döyüşləri başa çatar-çatmaz erməni separatçıları xaricdəki havadarlarının dəstəyi ilə bu döyüşlər barədə qərəzli, həqiqəti əks etdirməyən film çəkib beynəlxalq festivala göndərdilər. Üzdəniraq “Cənnətə açılan qapılar” filminin çəkilişləri Qarabağda və Avropada aparılıb və filmin maliyyələşməsi Ermənistanla yanaşı, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriya tərəfindən həyata keçirilib.
Bizdə isə hələ də bir iş görülməyib, TV-lər də, Mədəniyyət Nazirliyi də, “Azərbaycanfilm” də, başqa kino şirkətləri də seyrçi mövqeyində dayanıblar, heç ssenaristlərdən də səs-səmir yoxdur…
“İndi biz qalib xalqıq, 30 illik bir savaşdan qalib çıxdıq, bəs niyə ortada bir qəhrəmanlıq filmimiz görsənmir?”
Medianews.az xəbər verir ki, Sənətşünas, baş redaktor Xəyalə Rais “Bakı-Xəbər”ə şərhində bildirdi ki, tarixə nəzər saldıqda da müharibə qədər insan həyatına təsir edən ikinci güclü bir qüvvə olmayıb. “Həm dünya ədəbiyyatında, həm də dünya kinosunda ən dəyərli, ən nəhəng fəlsəfi fikirlər müharibə dövrünü əks etdirən əsərlərdə özünü göstərib. Yəni müharibə adi insanlardan tutmuş sənət adamlarına kimi təsirsiz ötüşmür. O ki qalmışdı zamanın müşahidəçiləri olan kino və ədəbiyyat adamlarına… Niyə ədəbiyyat adamları da dedim? Çünki ədəbiyyat, demək olar ki, kinonun yarısıdır, işi ssenaridən keçir. Bu baxımdan düşünürəm ki, Aprel döyüşləri barədə ilkin olaraq yüksək səviyyəli ssenarilərimiz yoxdur. Biz Aprel döyüşlərində də, ikinci Qarabağ döyüşlərində də sevincimizi, qürurumuzu, fəxarətimizi, torpaq uğrunda canından keçən oğullarımız üçün kədərimizi içimizdə yaşadıq. Könül istər ki, bu tarixi qələbədə yaşananlar bizdən sonra gələn nəsil üçün bir qəhrəmanlıq salnaməsi olsun. Olsun da, amma necə? İndiyə qədər rejissorlara sual verirdik ki, “niyə Qarabağ həqiqətlərini əks etdirən film çəkmirsiniz?” Qeyd edirdilər ki, yaxşı ssenari yoxdur. İndi biz qalib xalqıq, 30 illik bir savaşdan qalib çıxdıq, bəs indi niyə ortada bir qəhrəmanlıq filmimiz görsənmir?Əslində hər bir şəhidimizin, qazilərimizin döyüşdəki hekayələri bir ssenaridir. Amma və lakin… Filmin çəkilişinə hansı özəl şirkət maliyyə ayıracaq? Özəl şirkətlərin başı hazırda “manıs” müğənniciklərinə sponsorluq etməyə qarışıb. Rejissoların da bu filmi çəkməsi üçün kifayət qədər büdcəsi yoxdur. Əslinə qalsa, bizim yaxşı rejissorlarımız da var, aktyorlarımız da”.X.Rəis hesab edir ki, bu mövzuda filmlər üçün həm güclü ssenarilər, həm də maliyyə dayağı lazımdır. Güclü bir filmin ortaya çıxması üçün kino sahəsində beynəlxalq əməkdaşlığın da önəmli olduğunu deyən X.Raisin sözlərinə görə, bir sıra hallarda bu kimi məsələlər maliyə probleminə görə dirənib qalır.Ermənilərin qərəzli fikmlərinə gəlincə, ekspert hesab edir ki, bu filmləri ermənilərə illərdir havadarlıq edən ölkələr öz maliyyəsi ilə çəkir ki, Azərbaycana qarşı düşmən mövqelərini göstərə bilsinlər. X.Raisin qeyd etdiyinə görə, həm Aprel döyüşləri, həm də Vətən müharibəsi barədə bədii filmlərin çəkilməsi hava-su kimi lazımdır, bu həm də bizim qələbəmizin beynəlxalq aləmdə nümayişi üçün gərəklidir.