Medianews.az
Rəhman Bədəlov, Sokrat və Don Kixot
104 baxış

Rəhman Bədəlov, Sokrat və Don Kixot

Professor Rəhman Bədəlovun dünyasını dəyişməsi ilə bağlı dönə-dönə, təkidlə söylədiyim bir fikrə münasibətimi bildirmək istəyirəm: mən belə hesab edirdim ki, Mirzə Fətəli Axundovun əsasını qoyduğu və uzun onilliklər boyu böyük ziyalılarımızın misli görünməmiş inadkarlıqla həyata keçirməyə cəhd etdikləri maarifçilik proyekti uğursuzluqla üzləşmişdir - biz hələ də bu proyekti həyata keçirə bilməmişik. Maarifçiliyin məqsədi yalnız savadlı adam yetişdirmək deyil, maarifçiliyin əsas vəzifəsi azad insanlardan təşkil olunmuş azad toplum yaratmaqdır. Buna nail ola bilməmişik: tək-tük azad adam var, azad toplum yoxdur. Amma Rəhmanın işığında dediklərimə aydınlıq gətirək istəyirəm - proyekt həqiqətən həyata keçməyib, ola bilsin ki, heç zaman həyata keçməyəcək, amma Rəhman kimi maarifçiliyin fədakarı mövcud olduqca, Azərbaycanda bircə nəfər azad düşüncəli adam auditoriyaya girib azad söz deyirsə, deməli, proyekt davam edir. Rəhman bütün varlığı ilə maarifçi idi və bu baxımdan mən onu iki nəfərlə müqayisə edərdim. Deyəsən məndən əvvəl də onu bu adamlarla müqayisə etmişdilər. Onlardan biri deyingən arvadın əlindən küçəyə çıxıb yoldan keçənlərə fərd-fərd dünya haqqında, insan haqqında həqiqətləri yorulmadan başa salan və bu həqiqətlər yolunda canından belə keçməyə hazır olduğunu nümayiş etdirmiş Sokratdır. Rəhman da yorulmadan, düz ömrünün sonuna kimi dünya haqqında, insan haqqında bəzən kinonun, bəzən musiqinin pərdəsi altında həqiqətləri deyirdi. Rəhman heç kimdən heç nə ummadan azad düşüncəli insan haqqında düşüncələrini yaydı. Yorulmadan, düz ömrünün sonuna kimi. Rəhman Don Kixota bənzəyirdi: bəzən onun müraciət etdiyi auditoriya onu başa düşmürdü. Bəlkə də o insanlarla auentik münasibət yarada bilmədiyi üçün əzab çəkirdi. Bilmirəm. Amma onun insanların qarşısında çıxış etməkdən yorulması hallarına rast gəlməmişəm. Don Kixotla Rəhman arasında bir prinsipial fərq mövcud idi: Servantesin qəhrəmanı yalnız gerçək dünya ilə əlaqələrini tamamilə üzdükdən sonra xəyali aləmdə fəaliyyət göstərə bilirdi. Rəhman isə real aləmi son dərəcə gözəl görür və dərk edirdi. Bəlkə də bizdən daha artıq gerçəkliyin ən dərin qatlarına nüfuz edə bilirdi. Onun auditoriyaya təklif etdiyi aləm də gerçək aləm idi. Lakin bu azad insanın azad və reallaşması tamamilə mümkün dünyası idi. Rəhman haqqında deməyə çoxlu sözüm var. Amma fikrimi yekunlaşdırmaq istəyirəm: Rəhman Azərbaycanımızın varlığını üç Mirzə ilə bağlayırdı - Mirzə Fətəli, Mirzə Cəlil və Mirzə Ələkbər. Mən Mirzə Rəhmanı da onların sırasına əlavə etmək istərdim. Qorxmaz Quliyev, professor  

Bizə qoşulun