Medianews.az
Şəhərin üstü inkişaf edir, bəs altı? - Ekspert Bakı merinin məhdudiyyət təklifini <span style=color:red>şərh etdi
263 baxış

Şəhərin üstü inkişaf edir, bəs altı? - Ekspert Bakı merinin məhdudiyyət təklifini şərh etdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə müvəqqəti tədbir kimi tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. E.Əzizov bildirib ki, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər. “Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq,” – deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev məsələni Medianews.az-a şərh edib. O deyib ki, fövqəladə hallar zamanı müəyyən məhdudiyyətlər tətbiq olunması yeni yanaşma deyil: “Yanğın, sel, zəlzələ kimi hadisələr baş verəndə müəyyən yollarda və ya tunel girişlərində məhdudiyyətlər dünyanın bir çox şəhərində tətbiq olunur. Bakıda isə məsələnin başqa tərəfi də var. Bizim təsdiq olunmuş baş planımız var. Baş planın bir hissəsi də yerin altındakı kommunikasiya şəbəkəsinin genişləndirilməsi, inkişaf etdirilməsidir. Bu işlərin 2020-2040-ci illərdə reallaşdırılması nəzərdə tutulub. Amma ötən il təsdiq olunub. 1 il ərzində isə kanalizasiya xətlərinin müəyyən qədər uzadıldığını, yağış, su qəbul edən bəzi sistemlərin qurulduğunu müşahidə etməmişik”. Ekspert vurğulayıb ki, paytaxtın iqlimi dəyişir: “Bakıda yağışlı günlərin sayı artıb. Bakıda son 18 ildə infrastruktur əsasən yol sahəsində qurulub. Amma yollar, yəni hərəkət hissəsinin sahəsi böyüyüb. O səhəni qəbul edən suyun yönləndirilməsi üçün müvafiq olaraq infrastruktur isə genişləndirilməyib. Ona görə bu məsələyə təcili xüsusi diqqət ayrılmalıdır”. R.Ağamirzəyev qeyd edib ki, müasir texnologiylar artıq açıq qazma üsulu ilə yox, mikro tunel çəkmə üsulu ilə yeraltı kommunikasiyaların inkişaf etdirilməsinə imkanlar açır: “Bakıda artıq bu metoddan istifadə olunub. 10 il bundan qabaqkı bəzi tikililərdə də istifadə olunub. Bu işi şəhər nəqliyyatını dayandırmadan icra etmək olur. Nəticədə şəhər bu növ layihələrdən çox şey qazanır. Bu işi həyata keçirə biləcək mütəxəssislərimiz, şirkətlərimiz var. Sadəcə maliyyə ayırıb, istiqamətləri müəyyən edib sürətlə iş görmək lazımdır. Hər şeyə problem adı qoyub həllini gələcəyə saxlamaq olmaz. Çünki şəhər özü (yerin üstü) inkişaf edir. Bəs o inkişafın yerin altına düşən hissəsi, yəni yeraltı kommunikasiyalar da inkişaf edirmi? Bax, bu, ciddi sualdır. Böyük şəhərin altında da ayrıca bir şəhər olmalıdır”. R.Ağamirzəyevin sözlərinə görə, böyük şəhərlərdə kommunikasiyaların çoxu yerin altı ilə gedir: “Tək kanalizasiya, su yox, rabitə kabelləri, internet kabelləri, müəyyən yerlərdə yüksək gərginlikli işıq xətləri, bəzi sahələrdə hətta qaz boruları  yerin altı ilə gedir. Bütün bunlardan ötrü müvafiq infrastruktur qurulur. Nə qədər mürəkkəb, baha olsa da, belə layihələrin icrası gecikdirilməməlidir. Bakının məişət və yağış suları kanalizasiyası qurulmalıdır". Ekspert qeyd edib ki, Bakının13 rayonu varsa, onun yüz faiz kanalizasiya ilə təmin olunanı Nəsimi rayonudur. Digərlərində faiz nisbəti ilədir, məsələn, 70\30, 60\40, 50\50 – belə bir vəziyyətdir. Ümumən Bakıda 1692 km küçə-yol şəbəkəsi varsa, onun cəmi 22 faizində yağış sularını idarə edən drenaj sistemləri var. Bir mənfi tərəfi də odur ki, həmin yağış sualı məişət kanalizasiyasına yönləndirilir. Bu da ayrı problem yaradır. Bunların hamısı ayrılmalı, avtonom olmalıdır. Yaxşı olardı ki, ümumiyyətlə yağış sularının yığılması haqqında düşünək. Çünki məişət kanalizasiyasının təmizlənməsi tamam ayrı prosesdir. Yağış sularının isə təmizlənməsi və təkrar istifadəsi artıq gündəm mövzusu olmalıdır. Çünki biz su qıtlığı çəkən ölkəyik. Bizim demək olar ki, sularımızın 75 faizi trans-sərhəd çaylarından, yəni qonşu dövlətlərdən keçən çaylardan formalaşır. Bakının özünün ciddi su problemi var. Haqqında danışdığımız məsələ həm də suyun səmərəli istifadəsi yönündə ciddi düşünmək üçün bir məqamdır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun