Ukrayna ABŞ-dən 10 ədəd “Patriot” zenit-raket kompleksini (ZRK) 15 milyard dollara almağa hazırdır, lakin Vaşinqton qurğuları satmaqdan imtina edir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb. O deyib: "Bizə bəzi şəhərləri müdafiə etmək üçün ən azı 10 “Patriot” sistemi lazımdır, bu isə 15 milyard dollardır. Biz bu 15 milyard dolları ödəməyə hazırıq".
Lakin Ukrayna 15 milyard dollar ödəməyə hazır olduğunu bildirsə də, ABŞ bu ölkəyə “Patriot” sistemləri verməkdən imtina edir. Bunun arxasında texniki, yoxsa siyasi maraqlar dayanır? “Patriot” sistemlərinin Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinə real təsiri nə dərəcədə güclü ola bilərdi? Bu sistemlər olmadan Ukraynanın böyük şəhərləri hava hücumlarından necə qorunacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, bugünkü ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsində danışıqların əsas tərəfi kimi Rusiyanı götürür. Onun sözlərinə görə, Ukrayna faktiki olaraq ikinci dərəcəli tərəfə çevrilib: “Əsas danışıqlar ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla birbaşa Rusiya Prezidenti Vladimir Putin və ya onun adamları arasında gedir. Ən dəhşətlisi isə Trampın bugünlərdə Ukraynanın Sumı şəhərinə endirilən, 34 nəfərin ölümü, 117 nəfərin yaralanması ilə nəticələnən raket zərbələrinə reaksiyası idi. Tramp utanmadan jurnalistlərə dedi ki, burada bir səhv olduğunu düşünmür, inanmırsınızsa Rusiyadan soruşun. Bu acıq-aydın göstərir ki, Ağ evlə Kreml Ukraynada eyni ələ oynayırlar, eyni məqsədə xidmət edirlər. Onların məqsədi Ukraynanı maksimum küncə sıxmaq, məğlub vəziyyətə gətirib çıxarmaq, beləliklə, ərazi güzəştinə məcbur etməkdir. Görünən budur. Bu yaxınlarda Trampın Ukrayna üzrə xüsusi elçisi general Kit Kelloq açıqlama verdi ki, danışıqlarda 4 vilayətin imtinasından söhbət gedir. Yəni Ukrayna 4 vilayətindən imtina etməlidir. Bəlli olduğu kimi, Rusiya həmin bölgələri öz ərazisi sayır. Belə görünür ki, Vaşinqton da bunu qəbul edib”.

Politoloq vurğulayıb ki, belə olduğu şəraitdə “Patriot” sistemlərinin Ukraynaya verilməməsi məhz Rusiyanın dağıdıcı müharibə apara bilməsinə şərait yaratmaq, Ukraynanı daha çətin vəziyyətə salmaq, yekunda Kiyevi təslimçi sazişə imza atmağa məcbur etmək niyyəti güdür: “Bu alınacaqmı, demək çətindir. Amma hər bir halda Kremlin davranışı ilə Vaşinqtondan verilən mesajlar tam üst-üstə düşür. Bir yandan Tramp müharibənin davam etdikcə ölüm-itimin artdığını söyləyir, o biri yandan da Rusiya aqressiyasını gücləndirməklə həqiqətən ölüm-itim sayını artırır. Yəni faktiki olaraq bir ələ oynayırlar. “Patriot” sistemlərinin verilməməsinin başqa bir səbəbi yoxdur. Ukraynanı Rusiya qarşısında aciz vəziyyətə salmaq və onu təslimçiliyə məcbur etmək - təəssüf ki, görünən yeganə səbəb budur.

Sual oluna bilər: belə bir vəziyyətdə avropalıların və Amerikasız NATO rəhbərliyinin Ukraynanı alternativ hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə və ya onun hava məkanını bağlamağa gücü çatacaqmı? Yaxud elə imkan yarada biləcəklərmi ki, Ukraynaya özü Rusiya ərazisinə dərin müdaxilə edə bilsin, rus ordusu geri çəkilməyə məcbur olsun? Çətin suallardır. Çünki burada Avropa İttifaqının istəyi ilə bərabər daha iki amil var. Birincisi, Avropa İttifaqının bunu etməsi üçün ittifaq üzvləri arasında anlaşma, ortaq mövqe olmalıdır. Amma biz bilirik ki, Avropa İttifaqında Putinin adamı kimi fəaliyyət göstərən azı iki lider var: biri Macarıstanın Baş naziri Viktor Orban, digəri Slovakiyanın Baş naziri Robert Fitsodur. Onlar Avropa İttifaqı ölkələrinin ittifaq adından Moskva əleyhinə effektiv qərar qəbul etməsinə imkan vermirlər. İkinci amil isə odur ki, Avropa İttifaqının, üstəgəl Böyük Britaniyanın Ukraynanı təchiz etmək üçün ümumiyyətlə “Patriot” tipli sistemlərə alternativ silahları varmı?

Beləliklə, üç məqamı vurğulaya bilərik. Bir – Avropa İttifaqının Ukraynanı qorumaq istəyi. Bu varmı? Bəli, var. Avropa İttifaqı artıq müstəqil oyunçudur. Daha ABŞ ilə hesablaşmadan addımlar atır. Heç ABŞ də indi Avropa İttifaqına tərəfdaş kimi baxmır. İkincisi, Avropa İttifaqında qəti qərar qəbul etmək mümkündürmü? Üçüncüsü, texniki, fiziki olaraq Ukraynanı lazımi qədər silahla təchiz etmək imkanları varmı? İstək var, amma onun həyata keçməsi ikinci və üçüncü amillərdən asılıdır. ABŞ isə öz sistemlərini Ukraynaya verməyəcək, bu artıq məlum məsələdir. Tramp Putinə biznes tərəfdaşı, sövdələşmə, alver ortağı kimi baxır. Ukraynanı isə qiymətli təbii sərvətlərindən, faydalı qazıntılarından imtinaya məcbur etmək istəyir. Belə fikirləşir ki, nəticədə həm Ukraynadan qazanacaq, həm də Rusiyadan. Bu yol, bu metod baş tutacaqmı – ayrı söhbətdir. Amma açıq-aşkar görünən odur ki, Trampın tutduğu yol budur”.
Nailə Qasımova,
Medianews.az