Medianews.az
“Beynəlxalq”, yoxsa “qara qitə” məhkəməsi? – <span style=color:red>Hüquqşünas AÇIQLADI
230 baxış

“Beynəlxalq”, yoxsa “qara qitə” məhkəməsi? – Hüquqşünas AÇIQLADI

Donald Tramp ABŞ-da hakimiyyətə qayıdandan sonra müşahidə olunan qlobal tendensiyalardan biri də bəzi beynəlxalq institutların nüfuzunu itirib formal quruma çevrilməsidir. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbsinə order verdiyi İsrailin baş naziri Benyamin Netanyahunun bu ay sərbəst şəkildə Avropa İttifaqının və Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan Macarıstana səfər etməsi ortaya belə bir sual çıxarır: bu beynəlxalq mühakimə institutunu da iflas təhlükəsi gözləyirmi? BCM formal bir quruma çevrilə, hətta ləğv olub sıradan çıxa bilərmi? Belə bir perspektiv BCM-in araşdırmağa məsul olduğu cinayətlərdən (soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və təcavüz aktı) əziyyət çəkən Azərbaycana nə vəd edir? Mövzu ilə bağlı Medianews.az-a danışan hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan dövlətlər, ümumiyyətlə BCM-in Roma statutunu təsdiqləyən dövlətlər birmənalı şəkildə statutudan irəli gələn öhdəliklərə riayət etməlidir. Ə.Allahverdiyevin sözlərinə görə, əgər BCM-in həbs orderi verdiyi bir şəxs statutu imzalamış ölkəyə rəsmi səfər edirsə, bu halda statutun tələblərinə müvafiq olaraq həmin dövlət o şəxsin həbs olunması üçün tədbirlər görməlidir: “Amma təəssüf ki, hazırda bu məsələlər bəzən söz olaraq qalır. Bilirsiniz ki, ABŞ, Rusiya, Çin kimi böyük dövlətlər BCM-in Roma statutunu qəbul etməyiblər. Ümumiyyətlə, onlar BCM-in fəaliyyətini dövlətlərin daxili işlərinə qarışmaq kimi qiymətləndirirlər. Əslində isə belə deyil. Əlbəttə ki, böyük dövlətlər bu mövqeyi ortaya qoyanda öz maraq dairələrindən çıxış edirlər. Əgər söhbət beynəlxalq sülhün, təhlükəsizliyin təmin olunmasından, soyqırımına, müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə, təcavüz aktlarına qarşı mübarizədən gedirsə, o halda bütün dövlətlər birgə hərəkət etməli, BCM-in fəaliyyətini dəstəkləməlidir. Ancaq təəssüf ki, çox vaxt bunu görmürük”. Hüquqşünas eyni zamanda vurğulayıb ki, BCM müasir dövrdə baş verən beynəlxalq cinayətlərin araşdırılması və cinayətkarların cəzalandırılmasında mühüm rol oynayır: “Amma böyük dövlətlər bu işin daha uğurla aparılmasına imkan vermir. Benyamin Netanyahunun Macarıstana səfəri ilə bağlı məsələ artıq başqa müstəviyə keçib. Belə ki, Macarıstanın baş naziri Viktor Orban İsrailin baş nazirini öz ölkəsinə dəvət etməklə bərabər BCM-in Roma statutundan çıxdığını da elan etdi. Artıq bu halda BCM hər hansı təsir imkanına malik olmur. Rusiya ilə Ukrayna arasındakı müharibəyə nəzər yetirək. Rusiya BCM-in Roma statutunu qəbul etməyib. Ukrayna isə müharibə başlayandan təxminən iki il sonra qəbul edib. Rusiyanın qəbul etməməsi BCM-in onu cəzalandırmaq imkanından məhrum edir. 2008-ci ildə Gürcüstanda baş verən hadisələr də buna misaldır. 2008-ci ilin avqustunda gürcü hərbçilər Cənubi Osetiyada əməliyyat keçirməyə cəhd göstərəndə Rusiya Gürcüstana qoşun yeritdi, bir neçə gün davam edən müharibədə Gürcüstanın bir hissəsini işğal etdi və elə həmin ay separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini “müstəqil dövlət” kimi tanıdı. BCM bu hadisələri araşdırmağa başlasa da, Gürcüstan və Rusiya Roma statutunun üzvü olmadığından hansısa təbdir görə bilmədi. İnanmıram ki, Netanyahunun tək Macarıstana yox, Roma statutunun üzvü olan hansısa ölkəyə səfəri onun həbsi ilə nəticələnə. Çünki burada ABŞ-nin marağı var və onu çox fəal şəkildə müdafiə edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, bəli, BCM böyük güclərin əlində siyasi alətə çevrilib. Yəni BCM hüququn, qanunun aliliyinin qorunması, beynəlxalq normaların, beynəlxalq cinayət hüququ normalarının təmin olunması məsələsində, belə demək mümkünsə, dişsizdir. Ona görə də bəzən BCM-i yalnız Afrika ölkələrində baş verən cinayətləri araşdırmaqla məşğul olan bir məhkəmə kimi xarakterizə edir, tənqid edirlər”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun