Ötən həftə Maltada ATƏT-in Nazirlər Şurasının ənənəvi illik iclası keçirilib. İclasda müxtəlif mövzularla yanaşı, təşkilatın gələn il üçün büdcəsi də təsdiqlənib. ATƏT-in 2025-ci il üçün büdcəsi 158 milyon avro həcmində müəyyənləşib. Bu, ötənilki büdcədən 20 milyon avro çoxdur.
Büdcənin əsas hissəsi varlığı ilə yoxluğu bilinməyən ATƏT-də müxtəlif vəzifə tutanların maaşlarına, o cümlədən Qarabağ problemi olmadığı halda hələ də mövcud olan Minsk Qrupuna, onun fəaliyyətdə olan sədri, polşalı diplomat Anjey Kaspşik kimilərin məvacibinə xərclənəcək.

İndiki geosiyasi reallıqları, dünyada baş verən prosesləri nəzərə alsaq, ATƏT-ə üzvlük, onun büdcəsinin formalaşmasında rol almaq nə dərəcədə əhəmiyyətlidir? Xüsusən də bu təşkilatın Minsk Qrupunun saxlanılmasına nə ehtiyac var? ATƏT-in, Minsk Qrupunun Cənubi Qafqaz regionuna, o cümlədən ölkəmizə nə faydası var?
Mövzu ilə bağlı Medianews.az-a danışan “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, ATƏT-n Minsk qrupu 30 il Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirməyə cəhd edib, dövlətimizi torpaqlarımızın işğalı ilə barışmağa sürükləyib.

Professorun sözlərinə görə, Qərbin bic doğduğu bu qrup 30 il ərzində Azərbaycan hökumətinin və vətəndaşların nifrətindən başqa heç nə qazana bilməyib: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında keçirdiyi 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatından sonra ATƏT-n Minsk qrupunun da fətvasını verdi. Bu təşkilat artıq bizim üçün ölüb. Lakin onu doğub törəyənlər hələ də bu qrupun yaşamasına çalışır, hər vəchlə onu diriltməyə cəhd edirlər. Təbii ki, bu məsələdə Ermənistan da Minsk qrupuna yeni nəfəs vermək istəyənlərin yanında dayanır”.

F.Yusifov vurğulayıb ki, Qarabağ probleminin həllini həzm edə bilməyən və bu məsələdə rəsmi Bakıya qarşı kəskin bir mövqedən çıxış edən ABŞ Prezidenti Co Baydenin, eyni zamanda onun hökumətinin yarıtmaz fəaliyyəti Azərbaycan xalqının yaddaşından silinməyəcək: “Bayden hakimiyyəti 22 ildən sonra məşhur 907-ci düzəlişin tətbiqinin ABŞ prezidentləri tərəfindən hər il ardan qaldırılmasına son verdi və Azərbaycana qarşı erməni lobbisinin təhriki ilə qəbul edilmiş bu qadağanı yenidən bərpa etdi. Bayden hökuməti seçkiləri uduzduqdan sonra da Azərbaycana qarşı yarıtmaz fəaliyyətlərindən əl çəkmək istəmir. Bugünlərdə dövlət katibi Antoni Blinkenin dekabrın 6-da Maltada ATƏT-in Nazirlər Şurasının ənənəvi illik iclası keçirilən zaman Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü istəməsi də siyasi həyasızlığın son həddi kimi dəyərləndirilməlidir. Təbii ki, Azərbaycan ABŞ dövlət katibinin, yəni, həmin o Minsk qrupunda yer alan dövlətin təmsilçisinin belə bir görüşün keçirilməsi barədə təklifini rədd edib. Təəssüf ki, bəzi dairələr hələ də fərqinə varmırlar ki, Azərbaycan ATƏT-in Minsk qrupunu 2020-ci ilin noyabr ayının 10-da birdəfəlik dəfn edib”.
Ərtürk İSMAYIL
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.