İranlı müğənni Sıamak Shabdel Borhan və həyat yoldaşı Almaniyaya uçuş zamanı İstanbul hava limanında saxlanılıblar.
Medianews.az xəbər verir ki, buna səbəb onlara aid olan pasportların saxta çıxması olub.
Türkiyədə yaşamaq icazəsi olan Siamak Shabdel Borhan və həyat yoldaşı Sahar Heidrizad Ghezeljeh həm Tehran, həm də Berlin reyslərinə qeydiyyatdan keçiblər.
Keçid məntəqəsinə İran pasportu ilə gələn cütlük Tehran təyyarə bileti ilə pasport nəzarətindən keçib. Eyni zamanda qeydiyyatdan keçdikləri Berlin təyyarəsinin darvazasına gedən Borhan və həyat yoldaşı oradakı məmurlara saxta Kolumbiya və Britaniya pasportlarını göstəriblər.
İstanbul Hava Limanı Polis İdarəsinə bağlı risk təhlili bölməsinin sənəd araşdırma qrupları vəziyyətdən şübhələnib və pasport nəzarət məntəqəsindən cütlüyü yaxından izləyib.
Kameralardan cütlüyün Berlin təyyarəsinin darvazasına getdiyini təsbit edən polis qrupları yerüstü xidmət işçiləri ilə əlaqə saxlayıb və Borhan ilə həyat yoldaşının dayandırılmasını tələb ediblər. Pasportları əməkdaşlar tərəfindən əlindən alınan cütlük bu dəfə qaçaraq İran pasportu ilə Tehran təyyarəsinə minib.
Polislər tərəfindən İran təyyarəsindən endirilən cütlük nəzarətə götürülüb.